• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı gənclər də Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Adil Əfəndiyevin doğum günündə məzarını ziyarət etdilər

Şəhidlərimizi tanıyaq və tanıdaq------------------------------------


Fəaliyyətə başladığı ilk gündən şəhidlərimizi, qazilərimizi, onların ailələrini daim diqqətdə saxlayan Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları və könüllüləri həmin qayğını bu gün də davam etdirir. Nümayəndəliyin əməkdaşları Beynəlxalq Gənclər Günündə şəhid gəncimizi də unutmayıblar.

Gənc Könüllülər bu gün 26 yaşı tamam olan Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun doğum günündə məzarını ziyarət ediblər. Gənclər şəhidin məzarı önünə tər qərənfillər düzərəkigid Vətən oğluna öz ehtiramlarını bildiriblər.






Tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu


Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinfini bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin "Hərbi həkim işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. "N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

 

25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına  əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.






GOYEZEN.AZ



Facebook-da paylaş