Qazaxda Vətən müharibəsi şəhidi həkim tibb xidməti leytenantı Adil Əfəndiyevin xatirəsini əbədiləşdirən bulağın inşasına başlanılıb
Bu gün hər
kəs 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən
qürurla söhbət açır. Eyni zamanda, fəxarətlə söylədiyimiz o tarixi Qələbəni
bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə,
hərbçilərimizə borclu və minnətdar olduğumuzu bir an belə unutmuruq. İllər ötsə
belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı
Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən
qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç
vaxt unudulmayacaq, onlar hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqlar. Vətən
müharibəsində Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri də şəhid
həkim tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğludur. Ötən yazımızda bütün şəhidlərimiz kimi həkim şəhidimizin xatirəsinin
əbədiləşdirilməsi, onun adını daşıyacaq bulağın tikiləcəyi haqqında məlumat
vermişdik. Şəhərin mərkəzində Rayon Mərkəzi Xəstəxanasının qarşısında igid Vətən
oğlunun xatirəsini əbədiləşdirən bulağın inşasına başlanılıb. Bu gündən hörgü
işlərinə start verilib.
Şəhərin mərkəzində şəhid həkimimizin adını daşıyacaq bulağın suyundan içən hər kəs şəhidin
ruhuna dua oxumaqla bərabər həm də onun haqqında məlumat əldə edəcək. Tikiləcək
bulaq Adilin xatirəsini
əbədiləşdirməklə yanaşı, gələcək nəsillərin vətənpərvər ruhda böyüməsi
istiqamətində atılan uğurlu addımlardan biridir. Tibb
xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan
olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına
humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinfini bitirmişdir.
2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin "Hərbi həkim işi”
ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa
rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. "N” saylı hərbi hissənin
qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı
Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd
rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında izdihamla dəfn
edilmişdir. Subay idi. 25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş
meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək
qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr
2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda” və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən"Şuşanın azad olunmasına görə”,30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilə
təltif olunmuşdur. 44 günlük Vətən müharibəsində Azərbaycanın hərb
tarixinə böyük Qələbəni, Zəfəri qızıl hərflərlə yazdıran igid Vətən oğullarının
xatirələrini əziz tutmaq hər birimizin ən ümdə işidir. Vətən uğrunda canından
keçən bütün şəhidlərimizin, o cümlədən Adil Əfəndiyevin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu
qarşısında baş əyirik. Ruhu şad, məkanı cənnət olan Şəhidim!. GOYEZEN.AZ
Facebook-da paylaş