Əsas Səhifə > Şəhidlər > Qazaxda Vətən müharibəsi şəhidi həkim tibb xidməti leytenantı Adil Əfəndiyevin xatirəsini əbədiləşdirən bulağın inşasına başlanılıb

Qazaxda Vətən müharibəsi şəhidi həkim tibb xidməti leytenantı Adil Əfəndiyevin xatirəsini əbədiləşdirən bulağın inşasına başlanılıb


22-06-2021, 17:36


Bu gün hər kəs 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən qürurla söhbət açır. Eyni zamanda, fəxarətlə söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdar olduğumuzu bir an belə unutmuruq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq, onlar hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqlar.

Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri də şəhid həkim tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğludur.

Ötən yazımızda bütün şəhidlərimiz kimi həkim şəhidimizin xatirəsinin əbədiləşdirilməsi, onun adını daşıyacaq bulağın tikiləcəyi haqqında məlumat vermişdik.

Şəhərin mərkəzində Rayon Mərkəzi Xəstəxanasının qarşısında igid Vətən oğlunun xatirəsini əbədiləşdirən bulağın inşasına başlanılıb. Bu gündən hörgü işlərinə start verilib.

 

Şəhərin mərkəzində şəhid həkimimizin adını daşıyacaq bulağın suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər həm də onun haqqında məlumat əldə edəcək. Tikiləcək bulaq Adilin xatirəsini əbədiləşdirməklə yanaşı, gələcək nəsillərin vətənpərvər ruhda böyüməsi istiqamətində atılan uğurlu addımlardan biridir.

Tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu


Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinfini bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin "Hərbi həkim işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. "N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”  29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən"Şuşanın azad olunmasına görə”,30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.           

44 günlük Vətən müharibəsində Azərbaycanın hərb tarixinə böyük Qələbəni, Zəfəri qızıl hərflərlə yazdıran igid Vətən oğullarının xatirələrini əziz tutmaq hər birimizin ən ümdə işidir. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin, o cümlədən Adil Əfəndiyevin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Ruhu şad, məkanı cənnət olan Şəhidim!.




GOYEZEN.AZ


Geri qayıt