"Səyyar Gənclər Xidməti" layihəsinin Qazaxdan start götürən tədbirləri uğurla başa çatıb
Azərbaycan Respublikasının
Gənclər Fondunun təşkilatçılığı ilə ilk olaraq Qazaxdan start götürən
"Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində keçirilən tədbirlər uğurla
başa çatıb. Qazax, Şəmkir və Biləsuvar rayonları üzrə 16 kəndi və 1600 nəfəri əhatə edən layihə gənclərin
böyük marağına səbəb olub. Qazaxda reallaşan layihə 5 kəndi - Daş Salahlı, Çaylı, İkinci
Şıxlı, Birinci Şıxlı və Yuxarı Salahlı kəndlərini əhatə edib. Layihə çərçivəsində sonuncu
tədbir Yuxarı Salahlı kəndində təşkil olunub. Xalq
şairi Səməd Vurğunun
Poeziya evində keçirilən tədbirdə Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov
əvvəlcə "Səyyar Gənclər Xidməti" layihəsi, eləcə də layihənin məqsəd
və əhəmiyyəti barədə məlumat verib. Sonra Azərbaycan Respublikasının Gənclər
Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzinin həyata keçirdiyi layihələrdən,
dövlətin, ölkə rəhbərinin gənclər üçün yaratdığı şəraitdən, gənclərə olan
diqqət və qayğıdan söz açıb. Qazax rayon Uşaq
xəstəxanasının baş həkimi Üzeyir Vəliyev tərəfindən gənclərin ödənişsiz
tibbi müayinədən keçirilməsi, ilkin tibbi yardımın göstərilməsi və
sanitariya-gigiyena qaydaları mövzularında məlumatlandırma sessiyası təşkil
olunub. Tədbirdə gənc təlimçilər
Aysel Kərimova və Nicat Məmmədov gənclərin peşə məktəblərinə yönləndirilməsi,
könüllülük, ixtisas seçimi və karyera inkişafı, təlimçi-bloqer Azər Qasımov isə
sosial şəbəkələrdə qeydiyyat və onlardan səmərəli istifadə ilə bağlı təlim
keçib. A.Qasımov həmçinin gənclərə rəqəmsal marketinq və SMM mütəxəssis peşəsi
barədə ətraflı məlumat verib. Daha sonra "Səyyar Gənclər
Xidməti" layihəsinin əyləncəli hissəsinə start verilib. Burada kənd
gənclərinin ifasında şeir, mahnı və rəqs nömrələri nümayiş etdirilib. Gənclər
arasında intellektual viktorinalar, darts, stolüstü tennis və top çiləmə
oyunları üzrə mini müsabiqələr təşkil olunub. Qeyd olunan yarışmalarda
fərqlənən gənclər Qazax GİKM tərəfindən diplom və qiymətli hədiyyələrlə
mükafatlandırılıblar. Tədbir DJ Hüseyn Bağırovun rəngarəng musiqi nömrələri ilə
müşayiət olunub. Onu da qeyd edək ki, layihənin sonuncu günündə də 100-dən çox gənc iştirak
edib.
GOYEZEN.AZ
Facebook-da paylaş