• Təqvim

  • Maraq



Qazaxlı şair Cavanşir Rüstəm qələbə sevincini qələmə aldığı şeirlərində çatdırır


Cənab Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən, məqsədyönlü və düşünülmüş siyasəti sayəsində bu gün Azərbaycan qüdrətli dövlətə çevrilib. Müdrik liderin möhkəm iradəsi, dəmir yumuruğu sayəsində müstəqil, suveren dövlətimiz möhtəşəm qələbələr qazanmaqda davam edir. Qürurla deyə bilərik ki, 2024-cü il bir çox önəmli hadisələrlə əlamətdar oldu. 

Ölkə Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa etdiyi müraciətində səsləndirdiyi kimi, 2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib”.

Bəli, Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını xalqımız, doğma kəndlərinə qovuşan qazaxlılar bu gün də sonsuz minnətdarlıq hissi ilə xatırlayır. Çünki bu, qalib dövlətimizin elə bir qələbəsidir ki, müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. 

Qürurverici olan odur ki, rəşadətli Azərbaycan Ordusunun mətinliyi, mübarizliyi, əzmi, igidliyi, qəhrəmanlığı bu gün də hər bir ölkə vətəndaşı tərəfindən böyük minnətdarlıq və ruh yüksəkliyi ilə qarşılanır. Xalq olaraq üçrəngli Azərbaycan Bayrağının doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, eləcə də işğaldan azad edilmiş digər torpaqlarımızda dalğalanmasına görə özlərini Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna borclu bilirlər.


Qazax rayonunun Kosalar kəndində yaşayan, yazıb-yaradan, dəyərli ziyalımız, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, şair Cavanşir Rüstəm də Azərbaycan Ordusunun gücünü, qüdrətini, istər Vətən müharibəsində, istərsə də digər döyüşlərdə əldə etdiyimiz şanlı zəfərləri, tarixi qələbələri öz şeirlərində vəsf edir. Müzəffər Ali Bş Komandana, əsgər və zabitlərimizə, hərbçilərimizə olan istəyini, minnətdarlığını sözlərin dili ilə şeirlərində çatdırır. Rəşadətli Azərbaycan Ordusuna və onun Ali Baş Komandanı İlham Əliyevə eşq olsun deyir.

Şair Cavanşir Rüstəm Qazax rayonunun Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını Müzəffər Ali Baş Komandanın, əsgər və zabitlərimizin növbəti şanlı qələbəsi kimi qiymətləndirir və buna görə ziyalılar adından minnətdarlıq edir. Səmimi ürək sözlərini, arzularını, sevinc hisslərini isə qələmə aldığı saysız-hesabsız qələbə ruhlu şeirlərində oxucularının diqqətinə çatdırır.

“Öz yerindədir”

Gözün aydın olsun qəhrəman Qazax,

Sərhəd dirəyimiz öz yerindədir.

Səni alqışlayır hər yaxın, uzaq,

Sərhəd dirəyimiz öz yerindədir.

 

Sevinir obalar, ellər sevinir,

Neçə şirin-şirin dillər sevinir.

Laləli, nərgizli çöllər sevinir,

Sərhəd dirəyimiz öz yerindədir.

 

Bağanıs Ayrıma yaxşı sal nəzər,

Şəhidi, qazisi dillərdə əzbər.

Arzu, diləkləri getmədi hədər,

Sərhəd dirəyimiz öz yerindədir.

 

Qızılhacılının bu xoş çağında,

Min nemət var bağçasında, bağında.

Qalsa da tarixin sərt sınağında,

Sərhəd dirəyimiz öz yerindədir.

 

Gəlin Xeyrımlıya doyunca baxaq,

Köklənək sevincə, qəmi unudaq.

Səsləyir hər kəsi, çağırıb qonaq,

Sərhəd dirəyimiz öz yerindədir.

 

Olsam da dünyada beş günlük qonaq,

Yazıb yaratmaqdır amalım, ancaq.

Daha Əskipara azaddır, Allah.

Sərhəd dirəyimiz öz yerindədir.

 

Dörd kəndimiz qaytarılıb belə bax,

Bizə doğma olan bu ana torpaq.

Qalan o üç kənd də bizim olacaq,

Sərhəd dirəyimiz öz yerindədir.

 

Cavanşir Rüstəməm, mən də bir bəndə,

\Hərdən söz qoşuram yeri gələndə.

İndi yaxşı bilir dost da, düşmən də,

Sərhəd dirəyimiz öz yerindədir.

“Olmaz”

Koroğlu nəsliyik, Babək biləkli,

Bizimlə sərt dildə danışmaq olmaz.

Mübariz qeyrətli, Polad ürəkli,

Bizimlə sərt dildə danışmaq olmaz.

 

Ağıl öyrətməsin hər yoldan ötən,

Şəhidlər olmasa, yaşamaz Vətən,

Biz belə olmuşuq, belə əzəldən,

Bizimlə sərt dildə danışmaq olmaz.

 

Qorxmuruq ölümdən, qorxmuruq qandan,

Qorxmuruq nə addan, qorxmuruq sandan.

Biz Vətən yolunda keçənik candan,

Bizimlə sərt dildə danışmaq olmaz.

 

44 gündə zəfər çalan millətik,

Qarabağı geri alan millətik.

Dünyanı heyrətə salan millətik,

Bizimlə sərt dildə danışmaq olmaz.

 

Cavanşir Vətəndən alır ilhamı, 

Coşub-daşmaqdadır sevincin camı.

Qoy eşitsin hamı, qoy bilsin hamı,

Bizimlə sərt dildə danışmaq olmaz.



Facebook-da paylaş