• Təqvim

  • Maraq



Professor Babək Qurbanovun Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin formalaşması və inkişafı yolunda gördüyü işlər unudulmazdır


9 iyun Professor Babək Osmanoğlu Qurbanovun 85 illik yubileyidir


Prof.Dr. İlqar Cəmiloğlu, Prof.Dr. Babək Qurbanov

Azərbaycanın Xalq şairi Osman Sarıvəlli ocağının layiqli övladı, Fəlsəfə Elmləri Doktoru, Professor Babək Qurbanov ömrünü elmə, mədəniyyətə, incəsənətə, fəlsəfəyə, ədəbiyyata, estetikaya, etikaya, bəstəkarlığa, musiqi nəzəriyyəsinə, ifaçılıq sənətinə, ümumiyyətlə, pedaqoji fəaliyyətə həsr etmiş alimlərimiz arasında möhtəşəm yaradıcılıq töhfələri ilə müstəsna mövqe tutmaqdadır. Babək Qurbanovun ömür yoluna qısaca nəzər saldıqda aydın olur ki, bu nadir istedadlı şəxs 28 yaşında (1967-ci ildə) estetika üzrə “Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi” mövzusunda namizədlik dissertasiyasını, 42 yaşında isə (1981-ci ildə) Moskvada SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş, 1985-ci ildə Moskva Ali Attestasiya Komissiyasının qərarı əsasında professorluq diplomu almışdı. Bu şəxsiyyətin Azərbaycan elminə, ələlxüsus da Azərbaycan mədəniyyətinə və incəsənətinə ləyaqətlə, sədaqətlə, təmənnasız xidmət etdiyinə şahid oluruq. Babək müəllim müxtəlif illərdə çalışdığı ayrı-ayrı qurumlarda (AMEA Fəlsəfə və Hüquq İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Ərzurum Atatürk Universiteti, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyası) elmi-pedaqoji fəaliyyətləri və nailiyyətləri ilə də daima fərqlənməklə yanaşı, mübarək alimlik imzasını hər zaman vicdanla və inamla doğrultmuşdur. Bir çox ölkələrdə keçirilən (Rusiya: Moskva, Sankt-Peterburq, Ukrayna: Kiyev, Donetsk, Bolqarısatan: Varna, İsveç: Stokholm, Gürcüstan: Tiflis, Litva: Vilnyüs, Ermənistan: İrəvan, Özbəkistan: Daşkənd, Azərbaycan: Bakı, Gəncə, Türkiyə: Ankara, Bursa, Bolu, Konya, Van, Ərzurum, Qars, Şanlı Urfa, Ardahan, Kosova, Makedoniya və s.) otuzadək Beynəlxalq Elmi Konqreslərdə, Simpoziumlarda və Konfranslarda müxtəlif mövzulardakı aktual xarakterli çıxışları ilə fərqlənən, uzun illər ərzində ayrı-ayrı ictimai elmlər, sosial-mədəni, siyasi, tarixi fənlər sahəsində etdiyi rəngarəng mühazirələri və yaddaqalan maraqlı məruzələrlə diqqət çəkən Babək müəllim, yazmış olduğu 600-dən artıq elmi-publisist məqalələrin (musiqi nəzəriyyəsi, ifaçılığı, heykəltəraşlıq, rəssamlıq, kino sənəti, sənət fəlsəfəsi və s.), elmi-nəzəri mahiyyətli fundamental əsərlərin (40-dək kitab və monoqrafiyalar) müəllifi olması, bu elm fədaisinin qüdrətini təsdiqləməkdədir. 

Babək Qurbanovun Azərbaycan Milli Musiqi Akademiyası ilə olan yaradıcılıq əlaqələrini daima davam etdirərək, həmin ali qurumda bir müddət (Prof.Dr. Elmira Abbasovanın rektorluk dönəmində) musiqi estetkası və s. dərsləri tədris etmiş, musiqişünas kadrların yetişdirilməsi işində bilavasitə fəaliyyət göstərmişdir. 

Prof. Babək Qurbanov musiqi estetikası üzrə ilk dəfə doktorluk dissertasiyasını 1981-ci ildə Moskvada müdafiə etmiş mütəxəssisdir və musiqişünaslıq sahəsində elmi işlərin meydana gəlməsi, namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi yolundakı xidmətini, qayğısını əsirgəməmiş, Moskvada, Kiyevdə və s. dissertasiyaların müdafiəsi zamanı opponent olaraq çıxış etmiş, fərqli illərdə elmi işlər üçün müdafiə komissiyasının üzvü seçilmişdir.

Babək Qurbanovun Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin formalaşması və inkişafı yolunda müsbət yönlü, ardıcıl və çoxşaxəli fəaliyyət göstərdiyini fəxarətlə söyləyə bilərik. Hər iki qardaş ölkədə elmi kadrların hazırlanması prosesində Babək Qurbanovun peşəkarlığını, bacarığını, qabiliyyətini, əməyini özəlliklə qeyd etmək lazımdır. Bu baxımdan alimin yetişdirdiyi aspirantlar buna ən gözəl sübutdur. Fərqli elmi araşdırmalar sahəsində çalışan 35-dək aspirantın dissertasiya işlərinə elmi rəhbərlik etmiş, onların musiqişünaslıq, ümumiyyətlə sənətşünaslıq, musiqi estetikası sahəsinə qədəm qoya bilməsinə yardım etmiş, gənc alimlər nəslinin ərsəyə gəlməsi, püxtələşməsi yolunda xüsusi xidmətlər göstərmiş, onların uğurla müdafiə edə bilməsi üçün səxavətini əsirgəməmiş, elmi dərəcələrinin almasına hər zaman cani-dildən yardımçı olmuşdur. 

Babək Qurbanovun Türkiyədə Qaziantep Universitetində, xüsusilə də Ərzurum Atatürk Universitetində “musiqi nəzəriyyəsi”, “musiqi əsərlərinin təhlili”, “musiqi formaları”, “musiqi estetikası” və s. fənlərdən dərs deməsi bir daha onun genişmiqyaslı yaradıcılıq və pedaqoji fəaliyyət imkanlarının əhatə dairəsini nümayiş etdirməkdədir.

Elmi axtarışlar prosesində əzmli çalşqanlığı ilə seçilən alimin uzun illər fərqli sənət sahələri üzrə (ədəbiyyat, tarix, fəlsəfə, estetika, etika və s.) yazdığı aktual mövzulardakı məqalələrinə, habelə ayrı-ayrı illərdə vermiş olduğu bir çox elmi-nəzəri səviyyəli rəylərə nəzər saldığımız zaman bu alimin ensiklopedik bilgisinə heyran qalmaqla, Onun nə qədər geniş maraq dairəsinə və erudisiya zənginliyinə malik olduğuna qibtə edirik. Osmanoğlunun əsərlərinin təsnifatını versək burada “estetika”, “etika”, “sənət fəlsəfəsi”, “kutlurologiya”, “musiqişünaslıq”, xüsusilə də “musiqi estetikası”na aid, yüksək səviyyəli elmi dəyərə malik aktual yazılarının olduğunu hiss etmək mümkündür. 

Babək Qurbanovun Azərbaycan incəsənətinin digər sahələrinin nəzəri-estetik və tarixi məsələləri ilə də dərindən maraqlandığını söyləmək mümkündür. Alimin yaradıcılıq fəaliyyətində mərkəzi yeri Azərbaycan mədəniyyəti və incəsənəti, onun bədii-estetik, sosial problemlərinin həlli, ən nəhayət xalqımızın mənəvi mədəniyyətinin geniş təbliği durmaqdadır. Bu baxımdan Onun Azərbaycan ədəbiyyatı tarixinin korifeylərindən Nizami Gəncəvi, Füzuli, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Abbasqulu ağa Bakıxanov, İbrahim Haqqı Həzrətləri (Türkiyə), Molla Pənah Vaqif, Səməd Vurğun, Osman Sarıvəlli, Sabit Rəhman, Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Mikayıl Azaflı kimi klassik şairlər və azman aşıqlarımızla birlikdə, müasir şairlərdən Xalq şairi Nəriman Həsənzadə, İlyas Tapdıq, İbrahim Göyçaylı, Rəfiq Zəka Xəndan, İslam Sadıq, Dəmir Gədəbəyli, Oktay Rza, Qənbər Şəmşiroğlu, Pənah Qurbanov (Göyçə), Paşa Qəlbinur, Vəli Xramçaylı, Nüsrət Abdulov,  Rövşən Quliyev, Kərəm Kürqıraxlı, Vahid Əlioğlu, Cavid Qurbanov, Eldar Elduası, Əli Toxlucalı, Vazeh Şabranlı, Əyyub Şırlanlı, Rahil Məmməd, Möhbəddin Səməd, Gürsoy Solmaz (Türkiyə) və digərlərinə yazdığı məqalələrini də xüsusilə qeyd etmək gərəkdir. Ayrı-ayrı elm və sənət sahələrində çalışan şəxsiyyətlər barədə Babək Qurbanovun vaxtilə yazmış olduğu çox sayda elmi əhəmiyyətə malik aktual qiymətli məqalələrini də (Azərbaycanın Xalq artisti Bəhram Mansurov, Ziya Gökalp (Türkiyə),  Akademik Tofiq Köçərli, Qaziantep Universiteti rektoru, Professor Mehmet Yavuz Coşğun, Əməkdar incəsənət xadimi, Professor Akif Quliyev, Professor Qəzənfər Paşayev, Professor Əlisa Nicat (Əhmədov), Professor Ali Kafkasyalı, Professor İlqar İmamverdiyev, Professor Əflatun Nemətzadə, Professor Rafiq İmrani, Professor Tariyel Məmmədov, Professor Firuz Mustafa, yazıçı-tərcüməçi Zahid Əhmədov, tanınmış yazıçı, jurnalist Əli İldırımoğlu, fitoterapevt Fuad Mahmudov, Dosent Yusif Zeynalov, Dosent Əfqan Salayev, Sənətşünaslıq üzrə fəlsəfə doktorları Hakan Tatyüz, Savaş Ekici, Gültəkin Şener, Əli Dağıstan, Professor Fəhmi Efe (Türkiyə) və s.) bir daha yada salmaqda fayda vardır. Bununla yanaşı, Babək Qurbanovun Azərbaycanın Xalq rəssamı Akademik Mikayıl Abdullayev, keçmiş SSRİ-nin və Azərbaycanın Xalq rəssamı Tahir Salahov, Professor Əli Verdiyev, Professor Məmməd Şirzad, Professor Mənsur Cəfərov, Azərbaycan Rəssamlar İttifaqının keçmiş katibi Elmaz Mehdi oğlu, Dr.Məhəmməd Əliyev kimi sənətkarlarımıza bahəm, həmçinin, bir çox Türk rəssamarlarının yaradıcılığına (Mustafa Bulat, Mehmet Kavukçu, Mehmet Kayserili, Yılmaz Helvaçı, Rauf Tuner (Hollandiyada yaşayır) və b.) həsr edilmiş və müxtəlif dərgi və qəzetlərdə yayımlanmış onlarca məqalələri bir daha müəllifin Azərbaycan, habelə Türk incəsənətinin təbliği yolundakı məhsuldar, məqsədyönlü fəaliyyətinin göstərgəsidir. Babək Qurbanov mədəni həyatımızda meydana gəlmiş hər bir yeni hadisəyə, sənət əsərlərinə, həmçinin, elmi-nəzəri dəyərə malik yaradıcılıq nümunələrinə mütəmadi olaraq öz münasibətini zamanında bildirən, Azərbaycanın ziyalılıq adına hörmət gətirən nadir alimlərindən biridir. Onun zaman-zaman Azərbaycan musiqi mədəniyyətinə, incəsənətinə həsr etdiyi diqqətçəkici məqalələri, bu sahədə fəaliyyət göstərən alimlərin, mütəxəssislərin böyük marağına səbəb olmaqla, öz professionallığı və yüksək-bədii səviyyəsi ilə daima seçilmişdir. Üzeyir Hacıbəyli, Əfrasiyab Bədəlbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Arif Məlikov, Vasif Adıgözəlov, Süleyman Ələsgərov, Azər Rzayev, Asya Sultanova, Rəşid Şəfəq, Həsən Adıgözəlzadə və b. digər bəstəkarlarımız haqqındakı məqalələri, ümumiyyətlə, müasir professional musiqi mədəniyyətimizin inkişaf yolu ilə əlaqədar elmi dəyərə malik mövzularda olan silsilə yazılarının respublikamızda və digər məmləkətlərdə yayınlanması, professional habelə, milli musiqi mədəniyyətimizin təbliğatında faydalı olmaqla mühüm əhəmiyyət kəsb etmişdir. B.Qurbanov heç də özünü yalnız milli-mənəvi dəyərlər sahəsində onun məhdud çərçivəsində qalan bir mütəxəssis-alim olaraq qalmırBu baxımdan Onun vaxtilə Azərbaycan dövlət televiziya və radio proqramlarında fotoqrafiya və təsviri sənətə aid çıxışları, tamaşaçılarımız xüsusən sənətşünas alimlərimiz tərəfindən maraqla qarşılanmışdır. Yaradıcılığında dünyaca ünlü sənət təmsilçilərinə və örnəklərinə yer vermiş müəllif - Leonardo da Vinçi, Parfenon, Mikel Ancelo, Rafael, Pikasso, Levitan, Lansare, Şişkin, O.Kiprensi, Abdullayev (Özbəkistanın xalq sənətkarı), “Parfenon” və s kimi dünya sivilasiyasına daxil olmuş sənətkarlar və bədii hadisələrlə əlaqədar mövzulara həsr etdiyi məqalələr bunu bir daha təsdiq etməkdədir. Babək Qurbanovun A.S.Puşkin, V.Lermontov, Yesenin, P.İ.Çaykovski, B.Asafyev kimi rus şairlərinin, bəstəkarlarının həyat və yaradıcılığına həsr etdiyi məqalələr də bir daha Onun dünya ədəbiyyatı və incəsənətinə vaqif olduğunun isbatıdır.

Tanınmış sənət və elm adamlarının ayrı-ayrı illərdə Babək Qurbanova hədiyyə etdikləri kitablarının iç qapaqlarında yazdıqları etiraf xarakterli ürək sözləri, Onun mütəxəssislər arasında böyük nüfuza sahib olmasının nişanəsidir. Azərbaycanın Xalq rəssamı, Akademik Mikayıl Abdullayevin, Professorlardan Əli Verdiyevin, M.S.İsmayılovun, Əli Uçanın (Ankara Qazi Universiteti) və onlarca digər sənət və elm adamlarının xoş məramlı dəyərli sözlərini, bir şəxsiyyət kimi onun əhatəli maraq dairəsini və istedadını təsdiqləyən fikirlərini görə bilirik. 

Babək Qurbanov mənəvi dəyərlərin paylaşdırılmasını xalqlar, millətlər arasında qarşılıqlı zənginləşmə və inkişafında, insanların bir-birilərini, bir-birilərinin mədəniyyətini daha yaxşı tanımalarında önəmli şərtlərdən saymaqdadır. Məhz bu məqsədlərlə o, yaradıcılığında bu meylə də mühüm yer verir. Azərbaycan sənətkarlarının əsərlərinin Türkiyədə, Türk sənət adamlarının əsərlərini isə Azərbaycanda nəşr olunması yolunda uğurlu fəaliyyətlərə imza ata bilir. Eyni zamanda, o, rus klassikləri və elm adamlarının əsərlərinin Azərbaycan və Türk dilinə tərcümə edilməsində də faydalı işlər görmüşdür. Babək müəllim dünyaca məşhur Rus filosofu N.Berdyayevin, tanınmış Rus filosofu A.Y.Zisin (“Estetikada konfrontasiyalar, qarşıdurmalar”), Puqaçenkovanın yenə də fundamental əsəri olan “Orta Asyanın şah əsərləri” əsərinin Rus dilindən Türk dilinə, eyni zamanda, Akademik Rasim Əfəndi və Turqut A.Əfəndinin XIX-XX Yüzyılların Başlarında Azərbaycan Sanatı” (Ankara, 2002) kitabının Türk dilinə çevrilməsini, Prof.Dr. N.İ.Kiyaşenkonun bir çox bədii-estetik tərbiyəyə aid məqalələrini Türk dilinə tərcüməsini bu baxımdan olduqca faydalı hesab etmək mümkündür. Bir daha qeyd edək ki, müasir mərhələdə hələ də belə bir missiyanın, xeyirxah bir niyyətin yerinə yetirilməsini üzərinə götürə bilən mütəxəssislərimizin o qədər də çox olmadığını söyləyə bilərik.  Professor Babək Qurbanovun fəlsəfə, estetika və sənətşünaslığa aid əsərləri, alimin çoxyönlü fəaliyyətində mərkəzi yer tutmaqdadır. Bu baxımdan Onun bir çox mütəxəssislərin və geniş sənətsevərlərin marağına səbəb olan fundamental əsərlərini (“Ədəbiyyatla musiqinin əlaqəsi”, “Proqramlı musiqinin estetik prinsipləri”, “İncəsənətin sosial funksiyaları”, “Musiqinin bəzi bədii-estetik məsələləri” və s.)  və eyni zamanda, ideoloji mübarizəyə həsr edilmiş çox sayda məqalələrini xüsusi olaraq qeyd etmək lazımdır. Babək Qurbanovun erməni terrorizminə, vəhşiliklərinə həsr etdiyi elmi-nəzəri, səpkidə yazılmış məqalələri, bu mövzulu kitablara yazdığı rəyləri misal gətirmək mümkündür. Babək Qurbanovun yazıları ən mötəbər hakimli dərgilərdə (“Voprosı filosofii”, Moskva, “Folklor”, “Orkestra”, “Güzel Sanatlar dergisi” – Türkiye,“Sanat” Daşkənd və s.) kimi bir fakt da müəllifin əsərlərinin aktuallığı və yüksək elmi-nəzəri səviyyəsinə dəlalət etməkdədir. Təsadüfi deyil ki, onun fəlsəfi-estetik əsərlərinə bir çox tanınmış alimlərin, o cümlədən, Rusiya Federasiyasının Əməkdar Elm Xadimi Prof.Dr. A.Y.Zisin, Prof.Dr. E.Çernayanın, Prof.Dr. Ş.F.Ovsyannikovun, (Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinin dekanı), Akademik V.V.Vanslovun, Prof. Dr. N.L.Leyzerovun, Prof.Dr.T.Mahmudovanın, Akademik A.Aslanovun, Akademik F.Köçərlinin, Prof.Dr. Ş.Mirzəyevanın və başqalarının müsbət fikirləri bir daha söylədiklərimizi təsdiqləməkdədir. 

Elmimizin bu müdrik şəxsiyyəti 1981-ci ildən 1989-cu illərə qədər Azərbaycan Milli Elmlər Akademiyasında Estetika və Etika şöbələrinə rəhbərlik etdiyi dönəmdə o, musiqişünaslıq, estetika, etika, sənətşünaslıq sahəsində fəal bir şəkildə iştirak etmiş, Moskva, Sank-Peterburq (Leninqrad), Kiyev, Tiflis, Yerevan, Daşkənd, Bişkek kimi şəhərlərin alimləri ilə bilavasitə yaradıcılıq təması saxlamış, Azərbaycan elminin inkişafı yolunda səmərəli xidmətini əsirgəməmişdir. Babək müəllimin bir pedaqoq-mühazirəçi kimi respublikamız və onun hüdudlarından uzaqlarda belə xalqımızın zəngin bədii yaradıcılığını, incəsənətini, xüsusilə də musiqi sənətini, folklorunu təbliğ etməsi, Sovetlər Birliyi zamanında da, müstəqil Azərbaycanımızın bağımsızlıq qazanmasından sonra da hər zaman təqdirlə qarşılanmışdır. Babək Qurbanov əski SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının (Bəstəkar Tofiq Quliyev dönəmində idarə heyətinin üzvü olmuşdur) üzvüdür. Müxtəlif illərdə o, bir çox ölkələrdə (Rusiya, Azərbaycan, Türkiyə) tərifnamələr, təqdirnamələr, plaketlər və təşəkkür bəlgələrinə layiq görülmüş (hətta, əski SSRİ Bilik Cəmiyyətinin sədri Akademik Basovun imzası ilə bir fəxri fərman da verilmişdir), “Lenin medalı”, “SSRİ Bilik Cəmiyyətinin fəxri fərmanı”nı, “Qızıl Qələm Mükafatı”, “Avropa nəşriyyatının təsis etdiyi fəxri-fərmanı”nı, “Respublikamızın layiqli ziyalısı”, “Türk Dünyası elminə hizmət” ödülü və s. bu kimi rəsmi fərmanlarla mükafatlandırılmışdır. Bütün bunlar Professor Babək Qurbanovun məhsuldar fəaliyyətinə verilmiş qiymətin təcəlləsidir.

Babək müəllim ilk və orta-ixtisas musiqi təhsilini o dönəmdə Konservatoriyanın nəzdində 10 illik musiqi məktəbində (Hal-hazırda Bülbül adına xüsusi təmayüllü məktəb) skripka ixtisası üzrə, 1958-1962 Konservatoriyada tələbəlik illərində isə bir çox musiqi fənləri üzrə tanınmış pedaqoqların dərslərini almışdır. Həmin adlı-sanlı müəllimlərin adını anmağı hörmət əlaməti olaqraq qəbul edirik:

“Skripka” ixtisas – Prof.Bəhram Məmmədzadə, Prof.A.Xodjumyan, Dosent Yuri Javoronkov, “Fortepiano” – Plyam, Mənzər Əliyeva, “Harmoniya” fənni – Bəstəkar Nazim Əliverdibəyov, Prof.Xanlar Məlikov, “Polifoniya” fənni - Azərbaycanın Əməkdar incəsənət xadimi Prof.Zakir Bağırov, “Xarici ölkələrin musiqisi” fənni – Prof.D.X. Danilov, “Xor dərsi” fənni - Zaxar Stelnik, “Azərbaycan musiqi tarixi” fənni – Prof.Qəmər xanım Z.İsmayılova, Xalq Çalğı Alətləri Orkestri üçün “Orkestrləşdirmə” fənni - Azərbaycanın Xalq artisti, Prof. Süleyman Ələsgərov, “Partitura oxunuşu” – Q.Z.Burşteyn, “Xalq musiqisinin əsasları” fənni – Prof. Məmmədsaleh İsmayılov, “Rus musiqi tarixi” fənni – Dos. İ.Abezqauz, “Muğam dərsi” fənni – Görkəmli tarzən Azərbaycanın Xalq artisti Əhmədxan Bakıxanov.

Babək Qurbanovun III kursda oxuduğu illərdə kurs işinə elmi rəhbəriliyi prof. Lyudmila V.Karaqiçeva etmişdir.

Professor Babək Qurbanovun geniş şaxəli potensial yaradıcılıq imkanlarının kiçik bir sahəsini bəstəkarlıq təşkil etməkdədir. Təsadüfi deyildir ki, hələ tələbəlik illərində “Bəstəkarlıq” fənnini, dünyaca məşhur bəstəkar, iki dəfə Stalin Mükafatı Laureatı Dmitri Şostakoviçin istedadlı tələbəsi olan Azərbaycanın Xalq artisti, professor Cövdət Hacıyevdən də öyrənmişdir. Zaman keçdikcə saralmış not vərəqləri tələbəlik illərinin əziz xatirəsi kimi Babək müəllimin arxivində yer aldığı üçün, hər görüşümüz zamanı ondan xahiş edirdim ki, bu bəstələri cəm edib ayrıca kitab halında nəşr etdirməyin zamanı çoxdan çatmışdır. Nəhayət, bir müddət sonra onun fortepiano, skripka, tar, trio, vokal əsərlərdən ibarət “Bəstələr məcmuəsi” adlı 170 səhifəlik kitabı 70 illik yubileyi ərəfəsində 2009-cu ildə çap olundu.

Babək Qurbanovun musiqi yaradıcılığını əks etdirən “Əsərlər məcmuəsi” adlı bu ikinci kitabda müəllifin ayrı-ayrı illərdə  fortepiano və skripka, tar üçün yazdığı pyeslər, son illərdə bəstələdiyi vokal əsərlər yer almaqdadır. İfaçı musiqiçilərimizin xahişi ilə müxtəlif xalqlara aid klassik musiqi örnəkləri aranjiman olunaraq (Camillə Saint-Saens. “Türk Marşı”, Nina Rota. “Goldfather” Muhlis Səbahətdin Əzgi “Xatırla sevgili”, Yıldırım Gürsəs. “İllər sonra rastlaşdığım çocukluq sevgilimə”) ilk dəfə məcmuəyə daxil edilmişdir.

Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, bir çox musiqiçilər: Professor Həqiqət Məhərrəmova (Ərzurum Atatürk Universitetin Kültür Mərkəzində verdiyi solo konsertində Babək Qurbanovun f-no üçün dörd prelüd), Dr. Rəfail Məmmədəliyev (“Trio”), Doç.Dr. Əfqan Zəki Saleh (Salayev) (Qaziantep Universiteti Atatürk Kültür Mərkəzi “Sənsiz” (15 noyabr 2011), Harran Universitetinin Osmanbəy Kampusü Böyük Anfi salonu “Xatirə” (3 may 2013), Gaziantep Universiteti “Mavera” konqre və sənət mərkəzi “Şəhitlərin xatirəsinə”, (19 dekabr 2016)), Doç. Dr. Tamilla Qasımova (TRT Arı Studiyası “Gənclik marşı”), Sənətşünaslıq doktoru Professor İlqar İmamverdiyev (Tar və f-no üçün “Şərq Romansı”, “Keşkə” Ərzurum Atatürk Universiteti, Harran Universitetini, Qaziantep Universiteti, Akcaabad (2013)), istedadlı skripkaçı Dos.Fərhad Ağamalızadə - Tan Berq (“Sənsiz” Qaziantep Universiteti Tibb fakultəsi anfisi (2014)) fərqli illərdə bəstəkar Babək Qurbanovun əsərlərinə müraciət edərək müxtəlif tədbirlərdə uğurla səsləndirmişlər.

Azərbaycanımızın fəxri, iftixarı, qüruru, Azərbaycan estetika, etika fəlsəfə, musiqişünaslıq elminə başucalığı gətirmiş 53 kitabın, 700 elmi məqalənin müəllifi olan Osmanoğlu Sarıvəlli Babək Qurbanovu 9 iyun 2024-ü il tarixində,  85 illik yubileyi münasibətilə Qazax elimizin vətənpərvər, ziyalı alimlərimizi, elm xadimlərimizi, qəhrəman əsgərlərimizi, yubiliyarı tanıyan yaxınlarını mənən təbrik edərək, cənabi haqdan ruhuna fatihə verərək, unudulmaz ustadıma – Prof.Dr. Babək Qurbanova rəhmət diləyərək, məkanı cənnət olsun deyirəm.

 

                İLQAR CƏMİLOĞLU İMAMVERDİYEV,

Sənətşünaslıq Elmləri Doktoru, 

Qaziantep Universiteti, Türk Musiqisi Dövlət 

Konservatoriyasının Professoru.

Türk Xalq Musiqisinə Xidmət Mükafatçısı

03.06.2024 / Qaziantep

 



Facebook-da paylaş