• Təqvim

  • Maraq



Zəfərin mübarək, Azərbaycanım!


2020-ci ilin 27 sentyabrı! Bu tarix bizi böyük Qələbəyə aparan yolun başlanğıc götürdüyü tarixdir. Məhz həmin gündən başlayaraq “Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxdıq. İkinci Qarabağ savaşına qədər bizi görməyən, görmək istəməyən bütün dünyaya, beynəlxalq aləmə qüdrətli, əzəmətli Azərbaycan dövlətinin var olduğunu, hər an qalib gələ biləcək bir dövlətin mövcudluğunu bir daha nümayiş etdirdik. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əzmi, iradəsi, qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində bütün dünya qarşılarında başqa bir Azərbaycanı gördü və görməyə məcbur qaldı. 

Cəmi 44 gün davam edən haqq savaşımızda, Vətən müharibəsində şanlı Ordumuz elə bir Zəfər dastanı yazdı ki, bu tarixi qələbəmiz dostu sevindirdi, düşmənlərimizə isə göz dağı oldu. Zəfərimizi anlamaqda çətinlik çəkən dövlətlər qəlbi sınıq xalqın Qalib, Müzəffər Azərbaycan xalqına çevrildiyinin, igid Vətən oğullarının qanı, canı ilə dünya hərb tarixində yeni səhifə açdıqlarının, yeni salnamə yazdıqlarının şahidi oldular. Bütün bu uğurumuzun, nailiyyətimizin, tarixi qələbəmizin müəllifi, memarı isə Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun “İrəli!” əmrini ləyaqətlə yerinə yetirən Azərbaycan Ordusu oldu.

15 oktyabr 2023-cü il tarixi də Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldı. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Müzəffər Ali Baş Komandanın söylədiyi “Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir” sözləri hər kəsi qürurlandırdı. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu borclu və minnətdarıq. 

Bəli, rəşadətli Azərbaycan Ordusunun mətinliyi, mübarizliyi, əzmi, igidliyi, qəhrəmanlığı illər ötsə belə hər kəs tərəfindən böyük minnətdarlıq hissi ilə xatırlanacaq. Əlində üçrəngli Azərbaycan Bayrağı tutan azyaşlı uşaq, Ali Baş Komandanın "İrəli!” əmrini şərəflə icra edən gənc də, əlini açıb əsgər və zabitlərimizə dua edən yaşlı nəsil, hər kəs Azərbaycan əsgəri deyir, deyəcək də. Torpaqlarımızın bütövlüyü naminə canından keçən şəhidlərimizi böyük hörmət və ehtiramla anır, yaralı hərbçilərimizin sağalıb öz sağlamlıqlarına qovuşmaları üçün hər kəs dua edir.

Üçrəngli Azərbaycan Bayrağının doğma Qarabağda, Xankəndidə, eləcə də işğaldan azad edilən digər torpaqlarımızda dalğalanmasını böyük ruh yüksəkliyi ilə qarşılayan soydaşlarımız bu tarixi ana, zəfərə görə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna sonsuz minnətdarlıq edir.

Rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında qazandığı qələbələrə, şanlı zəfərə ürəkdən sevinən, Vətən müharibəsində qəhrəman oğullarımızın döyüş meydanında göstərdikləri şücaəti unutmayan “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl bunu yazmış olduğu şeirində də bir daha oxucuların diqqətinə çatdırır. 44 günlük Vətən müharibəsindən, müharibə zamanı əldə etdiyimiz şanlı zəfərdən söz açan E.İsmayıl Zəfərin mübarək, Azərbaycanım!” adlı şeirində bir daha tərənnüm edir. Tarixi Qələbəmizi, şanlı Zəfərimizi özündə əks etdirən həmin şeiri təqdim edirik.

Zəfərin mübarək, Azərbaycanım!

Qayıtdı özünə əzəlki şöhrət,

Silindi ellərdən dərd-kədər, möhnət,

Dizinə güc gəlib, qoluna qüvvət,

Təpərin mübarək, Azərbaycanım!

 

Əyilməz heç zaman polad vüqarın,

Xalqın birliyidir dövlətin, varın

Keşiyini çəkir mərd oğulların,

Sipərin mübarək, Azərbaycanım! 

 

Zəfər döyüş meydanında çalınar,

Hər qarış torpaqda şəhid qanı var,

Yurdumun dağ boyda adı-sanı var,

Afərin, mübarək, Azərbaycanım!

 

Şöhrətin yayılıb Çindən Hələbə,

Dünya hey danışır səndən hələ də,

Tarix görməmişdi belə Qələbə,

Zəfərin mübarək, Azərbaycanım!



Facebook-da paylaş