Dünyanın dörd tərəfində yaşayan hər vətəndaşın dünənisən, bu günüsən, sabahısan Ulu Öndər!
Mən xoşbəxt Azərbaycan vətəndaşlarından biriyəm ki, uşaqlıq dövrüm Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərə təsadüf edib. Azadlığın, müstəqilliyin şirinliyini dadan, hansı zəhmət bahasına əldə olunduğunun şahidi olan kəslərdən biri də mənəm...
Taa uşaqlığımdan bu yana bir sual maraqlandırıb məni... Əgər Ulu Öndər olmasaydı, görəsən bizim aqibətimiz nə cür olardı?! Əslində bu sualın cavabı hər kəsə məlumdur və hər kəs bilir ki, bu cavabı Ulu Öndərin hakimiyyətdə olduğu dövrün bir neçə il öncəsində tapmaq mümkündür.
13 yaşım olarkən Ulu Öndər Heydər Əliyevin beynəlxalq tribunalardakı, sammitlərdəki çıxışlarını maraqla izləyir, uşaq təxəyyülümlə şeirə çevirir və yazırdım...
Lissabon sammitin uğurlu keçdi,
Xalqın öz azadlıq yolunu seçdi,
Üçrəngli bayrağı öpüb and içdi,
Ey Heydər babamız eşq olsun sənə!
Ulu Öndər davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2003-cü ildə xalqımızın iradəsi ilə hakimiyyətə gəlişi bizi növbəti dəfə sevindirdi. Xalq əmin idi ki, dövlətin, millətin taleyi etibarlı bir şəxsiyyətə əmanət edilir. Əlbəttə, xalq öz seçimində yanılmadı. İlham Əliyev tərəfindən dövlətin bütün sahələrinə göstərilən diqqət və qayğı göz önündədir...
Təbii ki, bu diqqət və qayğını yaradıcı bir gənc olaraq mən də öz üzərimdə hiss etdim. 2013-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olduqdan 2 il sonra, 2015-2016-cı illərdə Prezident təqaüdünə layiq görülən gənclərdən biri oldum. Bu hadisə yaradıcılığımla daha ciddi məşğul olmağım üçün mənə güc, təkan verdi...
Prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilməsindən sonra mədəniyyət, incəsənət, ədəbiyyat və digər sahələrdə canlanma, oyanış hiss olunmağa başladı. Mən və mənim kimi bir çox yaradıcı insanlar həm əməli, həm də yaradıcı fəaliyyətində bu canlanmanı, oyanışı əks etdirdi...
Ulu Öndər Heydər Əliyevə Allahdan rəhmət diləyir, onun layiqli davamçısı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə cansağlığı arzulayıram...
Sonda öz fikirlərimi Ulu Öndərin 100 illiyinə həsr etdiyim "ULU ÖNDƏR" adlı şeirimlə tamamlamaq istəyirəm...
ULU ÖNDƏR
İlahinin bəxş etdiyi nur olmusan bu millətə,
Lazım olan bir məqamda sarılmısan bu millətə.
Bu milləti sevə-sevə vurulmusan bu millətə,
Əsl eşqin, məhəbbətin izahısan Ulu Öndər!
Tarix yazan, tarix olan şir əsgərin, nər əsgərin!
Düşməninə kabus kimi, dönməz, igid, ər əsgərin!
Gecə-gündüz ayıq-sayıq keşik çəkən hər əsgərin,
Öpüb, sonra tuşladığı silahısan Ulu Öndər!
Müzəffərdir, "dəmir yumruq" sahibidir əmanətin.
Bütün dünya gördü onun iradəsin, cəsarətin.
Çox uğurla davam edir uzaqgörən siyasətin.
Sən bu xalqın xoş anısan, rifahısan Ulu Öndər!
Anam deyib, Vətənini oxşayan hər vətəndaşın,
Vətən dərdi, Vətən yükü daşıyan hər vətəndaşın.
Dünyanın dörd tərəfində yaşayan hər vətəndaşın,
Dünənisən, bu günüsən, sabahısan Ulu Öndər!
Rüfət AXUNDLU,
Azərbaycan Yazıçılar Birliyinin,
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü,
Ağstafa Regional Mədəniyyət İdarəsi
Ağstafa rayon Mədəniyyət Mərkəzinin
Həsənsu kənd folklor klubunun müdiri
Facebook-da paylaş