• Təqvim

  • Unutma

  • Maraq



Dövrünün Cahandar ağası


Gənclik illərimdə İsmayıl Şıxlı haqqında xoş sözlər çox eşitmişdim. Onun gözəl yazıçı, yaxşı pedaqoq, yüksək ziyalı və öz xalqını ürəkdən sevən bir şəxs olması barədə gedən söhbətlərə iftixar hissi ilə qulaq asırdım. Ədibi yaxından tanımasam da, haqqında xoş söhbətlər eşidəndə onu özümə doğma bir insan hesab edərdim...

1960-cı ildə Saratovdakı hərbi hissələrin birində hərbi xidmətdə idim. Vətəndən uzaq düşmək həyatın acısını-şirinini hələ dadmamış bir ana uşağı üçün nə demək olduğunu duyanlar məni yaxşı başa düşərlər... Keçirdiyim iztirablı günlərin birində xidmət etdiyim

hərbi hissədə qəzet və jurnallara əbunə yazılışı təzəcə başlamışdı. Bu, məni bir qədər toxdatdı. Çünki Vətəndən mətbuat vasitəsilə xəbər tutmaq imkanı yaranmışdı. Mən o zaman respublikada çıxan "Kommunist", "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" (indiki "Ədəbiyyat qəzeti") və "Azərbaycan" jurnalına əbunə yazıldım. Dəqiq yadımda deyil, "Azərbaycan" jurnalının növbəti nömrələrinin birində İsmayıl Şıxlı imzasına rast gəldim. "Dəli Kür" təzəcə çıxmağa başlamışdı. Əsəri maraqla oxumağımı görən azərbaycanlı əsgərlər məndən xahiş etdilər ki, oxuyub qurtarandan sonra jurnalı

onlara verim. Beləliklə də jurnalın nömrələri həndəvərdəki hərbi həssələrdə də azərbaycanlı əsgərlər arasında əl-əl gəzdi...

Mənim İsmayıl Şıxlı ilə ilk tanışlığım belə başladı. Ağlıma da gəlməzdi ki, haçansa onunla bir yerdə işləyəcəyəm. İllər keçdi, tale məni Azərbaycan Yazıçılar İttifaqına gətirib çıxartdı. Mən 1970-ci ildən Bədii Ədəbiyyatı Təbliğ Bürosunda director müavini vəzifəsində işləməyə başladım. O vaxt İsmayıl müəllim pedaqoji fəaliyyətdə idi. Ara-sıra Yazıçılar İttifaqında görünərdi. Onu da qələm yoldaşlarından eşitmişdim ki, o, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi olanda hansısa səbəbdən inciyərək, vəzifəsindən imtina edib pedaqoji fəaliyyətə keçmişdir.

1973-cü ildə Yazıçılar İttifaqının rəhbərliyi dəyişdirildi. Təzə rəhbərlik İsmayıl Şıxlını "Azərbaycan" jurnalına baş redaktor təyin etdi. Lakin bu vəzifə ilə yanaşı o, müəllimlik fəaliyyətini də davam etdirirdi. Həmin müddət ərzində mən onu yaxından görə bilirdim, amma onunla yaxından tanış ola bilməmişdim. Bir müddət sonra hansısa səbəbə görə bu vəzifədən də imtina etdi. Ancaq işlədiyim müddətdə mənə aydın olmuşdu ki, Yazıçılar İttifaqı çox çətin yerdir. Orda işləmək üçün hər adamın əsəbləri davam gətirməz…

Nəhayət, 1981-ci ildə Mirzə İbrahimov Yazıçılar İttifaqına sədr, İsmayıl Şıxlı isə birinci katib seçildi. Mən təşkilat işləri üzrə referent vəzifəsində çalışırdım. Elə o vaxtdan da İsmayıl müəllimin birbaşa rəhbərliyi altında işləməli oldum. Onunla yaxından tanışlığım da bu vaxtdan başladı. Düzünü deyim ki, əvvəllər İsmayıl müəllimin mənə münasibəti qeyri-müəyyən idi. Bəzən də gördüyüm işlərə şübhə ilə yanaşırdı. Hiss edirdim ki, haqqımda ona düzgün məlumat vermirlər. Bu, məni bir o qədər də narahat etmirdi. Başa düşürdüm ki, bunlar hamısı müvəqqətidir. Getdikcə hər şey qaydasına düşəcək. Belə də oldu. İsmayıl müəllim mənim iş qabiliyyətimə və məsuliyyətimə yaxından bələd olduqca mənə münasibəti də dəyişməyə başladı. Beləliklə də onun mənə isti münasibətinin təməli qoyuldu. Yazıçılar İttifaqı yaradıcılıq təşkilatı olduğu üçün sovet dövründə orda tez-tez respublika və ümumittifaq miqyaslı təntənəli ədəbi məclislər keçirilirdi. Bunların hamısı böyük təşkilatçılıq işi tələb edirdi. Adətən, Azərbaycan KP MK-nın qərarı ilə Yubiley Komissiyası yaradılırdı. Azərbaycan Yazıçılar İttifaqının rəhbərliyi də onun üzərinə düşən işləri vaxtında görülməsinə məsul işgüzar komissiya yaradardı. Həmişə də bu komissiyanın sədri İsmayıl müəllimin əmri ilə mən təyin olunardım. Bu komissiya afişa, dəvətnamə, tədbirin keçiriləcəyi yerin hazırlanması, mehmanxanada yerlərin bronlaşdırılması, qonaqların qarşılanıb yola salınması, minik maşınlarının sifarişi, gündəlik yeməklə təmin olunması və digər işləri vaxtında görməli idi. Bu çox böyük məsuliyyət və dəqiqlik tələb edirdi.

İşgüzar komissiyanın üzvlərinin sayı 15-20 nəfərədək olardı. Onlar Yazıçılar İttifaqının özündə və təşkilatlarında fəaliyyət göstərən əməkdaşlardan ibarət olardı. Aralarında məsuliyyətsizləri də çox idi. Ona görə də işimizə xələl gəlməmək üçün çox zaman əsas işləri özüm görməli olurdum. Bu da İsmayıl müəllimin diqqətindən yayınmırdı. Tədbir qurtarandan sonra rəhbərlik tərəfindən işimizə qiymət verilərdi. Bu, ya pul mükafatından, ya da işdə fərqlənənlərə İsmayıl müəllimin əmri ilə təşəkkürdən ibarət olardı. Bütün bunlarla onu demək istəyirəm ki, İsmayıl Şıxlı öz işçilərinin fəaliyyətinə biganə qalmazdı. Bir dəfə məni yanına çağırıb dedi ki, səni təşkilat katibinin müavini təyin etmək istəyirəm, katiblikdə belə qərara gəlmişik. Bütün əməkdaşlar, mühasibat sənin sərəncamında olacaq. Sən isə mənim sərəncamımda olacaqsan. Nə iş görməli olsan, mənimlə razılaşdıracaqsan. Əslində bu, təşkilat katibinin vəzifəsinə aid işlər idi. İsmayıl müəllim onu da əlavə etdi ki, mənə qalsa təşkilat katibi vəzifəsinə layiq sənsən. Təəssüflə qeyd elədi ki, respublikamızda adamları iş qabiliyyətinə, bacarığına görə deyil, kimin adamı olmasına görə vəzifəyə təyin edirlər. Mən MK-ya səni təklif etsəm də, qəbul etməyəcəklər. Nəticədə bu, sənə də, mənə də mənəvi zərbə olar. Mən İsmayıl müəllimin təklifini qəbul edib fəaliyyətə başladım. Əlbəttə, bu iş bir qədər dedi-qodulu iş idi. Adamlarla bir qədər üz-göz olmalı idim, lakin heç nəyə baxmadan mənə həvalə edilən vəzifənin öhdəsindən gəlməyə çalışdım. Çətinliyə düşəndə də İsmayıl müəllimə müraciət etdim. İsmayıl müəllim sözü bütöv adam idi. Məni çətin vəziyyətdə qoymurdu, dərhal köməyimə yetirdi. Onun rəhbərliyi zamanı bir neçə böyük işlər görüldü. Əvvəla, Yazıçılar İttifaqının yerləşdiyi qədim bina bərbad vəziyyətdə idi. Uzun illər təmir olunmadığından həm kommunikasiya, həm daxili ornamentləri, həm də zahiri görkəmi pis kökə düşmüşdü. Bina əsaslı təmir olundu. Ornamentləri bərpa edilib əvvəlki vəziyyətə düşdü. Bunun üçün böyük xərc tələb olunurdu. Həmin vəsaiti almaq asan iş deyildi. Maliyyə Nazirliyinə gərək respublika rəhbərliyi göstəriş verəydi. O, buna nəinki nail oldu, hətta təmirdən sonra təşkilatın köhnəlib əldən düşmüş mebellərini təzələri ilə əvəz etmək üçün böyük pul vəsaiti də ayrılmışdı. İsmayıl müəllimin bu işlərin gedişinə nəzarəti mənə tapşırmışdı. O, mənə çox inanırdı. Bunun üçün də mən ürəklə işləyirdim.

İsmayıl müəllimin mənə böyük hörməti vardı. Mən bir neçə il idi ki, ev növbəsinə yazılmışdım.Yazıçıların növbəti qurultayı keçirilməliydi. Adətən, belə bir ərəfədə ehtiyacı olan yazıçılara Respubika rəhbərliyinin göstərişi ilə təzə mənzillər ayrılardı. Bu dəfə də belə oldu. İsmayıl Şıxlı məni yanına çağırdı. Dedi ki, sənə ev vermək istəyirəm... Mən imtina etdim. Dedim ki, verin kəskin ev ehtiyacı olan cavanlara. O, gülümsündü. Dedi: "Camaat ev almaq üçün dava edir. Sən isə qanuni payından imtina edirsən". Cavab verdim ki, "mənim iki otaqlı kooperativ mənzilim var. Şəhərin mərkəzindədir. Onu əldən vermək istəmirəm. Oğlum isə hələ evli deyil”. O, gülə-gülə dedi ki, "sənə neçə otaqlı mənzil düşür, o qədər də ayrılacaq. Özün bilərsən, almırsan, alma. Bununla daha da bizə kömək edirsən. Onsuz da mənzil azdır, cəmi on beş ailə üçün ayrılmışdır. Bizə isə üç bu qədər mənzil ayrılsa, bəlkə çata”.

İsmayıl müəllimin bu qayğıkeşliyi məni məmnun etdi. O, bunu da mənə anlatdı ki, yazıçılara kim bilir, bir də nə zaman mənzil ayrılacaq?! Başa düşdüm ki, o, mənzil ehtiyacımı təmin etmək istəyir. Beləliklə də onun mənə olan münasibəti getdikcə istiləşməkdə idi. Artıq mən onu özümə yaxın, doğma bir adam kimi hiss etməyə başlamışdım. O, məni tutqun, qaraqabaq, fikirli görəndə dərhal səbəbini soruşardı. Lazım gələndə öz ağsaqqal məsləhətini verər və ya müəyyən köməkliyə ehtiyac olanda onu əsirgəməzdi.

İsmayıl müəllimin dövründə yaddaqalan bir böyük iş də görüldü. Uzun illər idi ki, yazıçılara hərdənbir, orda-burda ev verilirdi. Ev növbəsinə isə xeyli yazıçı yazılmışdı. Onların hamısını evlə təmin etmək üçün ayrıca bina tikilməliydi. O, buna da nail oldu. Hazırda Naxçıvani 33-də yerləşən bina onun təşəbbüsü ilə tikilmişdir. Təəssüf ki, bina istifadəyə veriləndə o, vəzifədən getmişdi. Dediyim kimi həmin binada mənə də iki otaqlı mənzil ayrıldı. Hazırda oğlum öz ailəsi ilə orada yaşayır. O, düz, təmiz, işgüzar əməkdaşları qiymətləndirməkdən ləzzət alardı. İsmayıl müəllim birinci katib seçilənədək iki birinci katib görmüşdüm. Doğrudur, onlar da düz, təmiz, işgüzar adamı qiymətləndirərdilər. Ancaq, sözdə. İsmayıl müəllim hər işçinin qabiliyyətinə, bacarığına görə öz yerini tutmasına çalışardı, onlar isə yuxarının fikrinə və ya kiminsə adamı olmasına görə. Bunu mən öz üzərimdə hiss etmişəm və edirdim.

Bir neçə dəfə o, ikilikdə mənə demişdi ki, bəzən sənə aid olmayan işləri də sənə tapşırıram. Buna görə məndən incimə. Mən sənə inanıram. Həm də sənə hər hansı bir işi tapşıranda arxayın oluram... Bu sözlərin səmimiliyini mən başa düşürdüm. Onu da hiss edirdim ki, məni onun gözündən salmağa çalışanlar da var. Onların arasında ən əsası əlindən mərdiməzarlıq və nakişilikdən başqa bir iş gəlməyən, üzdə özünü İsmayıl müəllimə dost, yaxın kimi göstərən, arxada isə onun ayağının altını qazan, dedi-qodu mənbəyi, intriqa xəstəsi olan katiblərdən biri xüsusilə fərqlənirdi. İsmayıl müəllim bunu duysa da həmin katib bəzən onu çaşdıra bilirdi. Mənim işim göz qabağında olduğu üçün belələrinin yalanı, böhtanı uzun sürmürdü. Buna konkret bir misal: növbəti qurultaya hazırlaşırdıq. Bir neçə qurultayda mən səsvermə bülletenlərini hesablayan komissiyanın tərkibinə daxil edilmişdim. Həmin katib öz ağılsız və yaramaz hərəkətləri ilə özünü bir çoxlarının nəzərindən salmışdı. Qurultaya bir gün qalmış onlardan bir neçəsi mənə dedi ki, sən yenə hesablayıcı komissiyanın tərkibində olacaqsan. Səsləri kim saxtalaşdırmaq istəsə, mane olarsan. Mən də söz verdim ki, necə var, elə də olacaq. Burda bir şeyi aydınlaşdırım ki, oxuculara qaranlıq qalmasın. Sovet dövründə seçilmək sözü şərti idi. Rəhbərlik, idarə heyəti, təftiş komissiyasının və digər işçi qrupun tərkibinə daxil olanların siyahısı bir-iki həftə qabaqdan Azərbaycan KP MK-ya göndərilirdi. MK-da kimlərin həmin heyətlərin tərkibinə seçilmələrinə razılıq verilsəydi, onlar da "seçilərdilər", razılıq vermədikləri isə başqaları ilə əvəz olunardı. Ona görə də o siyahıda kimlərin olduğu qabaqcadan bilinərdi. Yanıma gələn yazıçı dostlarım mənim adımın ora düşməsindən xəbər tutduqları üçün yanıma gəlmişdilər. Onlardan kimsə bunu həmin iblis katibə çatdırmışdı. O da İsmayıl müəllimə demişdi ki, Hafiz sənin adını səsvermə qutusundan çıxmağa qoymayacaq. Ona görə də hesablayıcı komissiyanın siyahısından onun adını çıxarmaq lazımdır. Yuxarıda dediklərimdən də oxuculara aydındır ki, İsmayıl Şıxlı vəzifəpərəst adam deyildi. Ancaq o, namərdcəsinə vurulması ilə də barışa bilməzdi. Əlacsız qalıb mənim adımı siyahıdan çıxarmışdı. Siyahı sonuncu dəfə mətbəəyə gedəndə mən bundan xəbər tutdum. Vəziyyəti Elçinə dedim. O, Yazıçılar İttifaqının katiblərindən biri idi. Onun təklifi ilə adım həmin siyahıya düşmüşdü. O, təşkilat katibi olanda iki il onun referenti olmuşdum. O, mənim obyektivliyimə tam əmin idi. Çox istəyirdi ki, adım həmin siyahıda olsun. Ona görə də o, dərhal MK-nın ideoloji işlər üzrə katibinə müraciət etdi. Beləliklə də onun təkidi və tələbi ilə adım yenidən həmin siyahıya bərpa olundu. Ancaq səsvermə zamanı MK nümayəndəsi və başqaları məni səsvermə qutusunun yanına buraxmadılar. Yazıçıları dəhlizdən zala səsverməyə cəlb etməyi tapşırdılar. Orda da təşkilatımıza təhkim edilmiş təhlükəsizlik işçisi və rayonun məsul şəxsləri məni gözdən qoymurdular. Doğrusu, bu məni məyus edib sarsıtdı. Səsvermənin nəticəsi elan olunandan bir-iki gün sonra Elçin mənə dedi ki, bülletenlər hesablananda mənim əleyhimə iyirmi bir səs süni surətdə artırılmışdı. Mən pərt oldum. Vəziyyəti ona deyə bilmədim.

Qurultaydan bir neçə gün sonra İsmayıl müəllim xəstəxanaya düşdü. Əməliyyat olunmuşdu. Mərhum dostum Zülfüqar Qodmanlı yanıma gəldi. O, İsmayıl müəllimə baş çəkməyi təklif etdi. O, mənim İsmayıl müəllimdən inciməyimi bilmirdi. Biz xəstəxanaya getdik. İsmayıl müəllim yaxşı idi. Bizi gülərüzlə qarşıladı. Zülfüqarı qabağa vermişdim. İsmayıl müəllim xəstə olduğu üçün incikliyimi büruzə verməmək üçün susmağı qət etmişdim. O, Zülfüqarla bir xeyli söhbətdən sonra üzünü mənə tutub dedi: "Bəs sən heç dinmirsən? De görüm, İttifaqda nə var, nə yox!". Nəhayət, dilim açıldı. Onun idarədəki işlər barədə verdiyi suallara bir-bir cavab verdim. Söhbət qurultayda baş vermiş həmin hadisənin üstünə gəlib çıxdı. Əslində, İsmayıl müəllim bu söhbətə özü rəvac verdi...

Axırda İsmayıl müəllimin sözü bu oldu: mən sənə inanıram. Sən öz işlərini davam etdir. Mən səni yaxşı tanıyıram. Bu qurultayda baş verənlərə əhəmiyyət vermə. İmkan daxilində onları yaddan çıxar. İnşallah hər şey yaxşı olacaq...

Bir neçə gün sonra o, xəstəxanadan çıxdı. İttifaq yenə həminki ittifaq idi, adamları da həmçinin... Yenə də həmin iblis fəaliyyətdə idi. Lazım oldu, olmadı İsmayıl müəllimin kabinetinə girib-çıxır, sağına-soluna keçirdi. Nəhayət, bir gün özü-özünü ifşa etdi...

İsmayıl Şıxlı çox insan adam idi. Olduqca səmimi və saf idi. Onda bir uşaq saflığı vardı desəm, bəlkə də yanılmaram. Suyu bulandırmaq istəyənlər bundan sui-istifadə etməyə çalışırdılar. Amma öz niyyətlərinə istədikləri kimi çata bilmirdilər. Çox zaman arzuları ürəklərində qalırdı. O, sözü üzə deyən adam idi. Amma sözü üzə deyəndə elə mədəni və təmkinli deyərdi ki, həmin adamın ruhu da inciməzdi. Bəziləri onu yerlibaz kimi qələmə verməyə çalışardılar. Amma mən işin içində olduğum üçün yaxşı bilirdim ki, bu, onu istəməyənlərin uydurmasıydı. Buna aid bir misal: ildə bir neçə dəfə yazıçılara satmaq üçün minik maşınları ayrılardı.  Ən çox da "Jiquli" markalı minik maşınları olardı.

"Volqa" QAZ-24 markalı minik maşını nadir hallarda ayrılardı. Bir dəfə limitimizə bir ədəd "Volqa" da daxil edilmişdi. Katiblikdə həmin o "qəhrəman" "Volqanın" hansısa qazaxlı yazıçıya növbədənkənar verilməsini təklif etmişdi. İsmayıl müəllim isə maşın almaq üçün ərizə verənlərin siyahısını ortaya qoydurub növbədə birinci olan Zülfüqar Qodmanlıya verilməsini tələb etmişdi. Bu, belə də olmuşdu. Zülfüqar ömrünün axırınadək ona minnətdarlıq edirdi.

İsmayıl Şıxlı bütöv adam idi. O, bütün dedi-qodulardan, söz-söhbətdən yüksəkdə duran bir şəxs olduğunu dəfələrlə sübut etmişdi. İttifaqda müxtəlifyönlü insanlar çalışırdı. Onlar milli tərkibcə də müxtəlif idilər. O, tutduğu mövqedən, vəzifəsindən asılı olmayaraq bütün işçilərin şəxsiyyətinə hörmətlə yanaşırdı. Ancaq kimsə hansısa hərəkəti ilə təşkilatımızın nüfuzuna xələl gətirsəydi, o, buna dözməzdi. Bir gün məlum oldu ki, erməni və rus dilində çıxan jurnallarımızın makinaçıları Bakıda hansı evdəsə gizli pritonda tutulublar. Rus jurnalının makinaçısı elə həmin gündəcə ərizə verib işdən getdi. Erməni jurnalının makinaçısı isə işdən getməmək üçün bicliklərə əl atdı. Hətta Respublika Daxili İşlər Nazirliyindən yüksək rütbəli bir şəxs İsmayıl müəllimə zəng vurub telefonda deyir ki, guya o qadın pritonda onlar üçün işləyirmiş. İsmayıl müəllim də ona "Görünür, sizin başqa iş-gücünüz yoxdur”,- deyib telefonun dəstəyini hiddətlə yerinə qoyur. Elə həmin gün də həmin işçinin əmrini verib işdən qovdu.

O, təbiətən çox mülayim olsa da, yeri gələndə sərt olmağı da bacarırdı. Buna aid bir hadisə də yadıma düşdü. O, bir neçə il idi ki, Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktorunun fəaliyyətindən narazı idi. Bir gün məni yanına çağırtdırdı. Dedi ki, səni Təbliğat Bürosuna director təyin etmək istəyirəm. Mən qəti fikrimi demək üçün bir günlük möhlət istədim. Səhərisi günü gəlib razılıq verdim. Əmr 1987-ci il mayın əvvəlində verildi. Mən istəyirdim ki, İsmayıl müəllim özü məni aparıb işçilərə təqdim etsin. Onun isə vaxtı olmurdu. Əmrin üstündən on beş gün keçmişdi. Köhnə direktor və onun qul-beçələri bundan istifadə edərək əleyhimə danos yazdılar. Bu məsələ MK-yacan gedib çıxdı. Gərgin günlərin birində İsmayıl müəllimin yanına getdim. İçəri girəndə gördüm ki, dövlət telefonu ilə danışır. Geri qayıtmaq istəyəndə əli ilə əyləşməyimə işarə vurdu. Danışığından başa düşdüm ki, söhbət mənim haqqımdadır. İsmayıl müəllimin səsi bir qədər yüksəlməyə başladı. O, etiraz edərək dedi:

- Bu nə mənim qohumumdur, nə yerlim. Məndən qabaq iki birinci katiblə işləyib, mən də üçüncüsüyəm. Həmişə də böyük hörmət sahibi olub, təşkilatçılığı, işgüzarlığı da ki, öz yerində. Mən ona inanıram, onunla işləmək istəyirəm, əmrimi də geri götürməyəcəyəm! Hiddətlə telefonun dəstəyini yerinə atdı. Sonra üzünü mənə tutub dedi ki, bu, MK-nın ideoloji katibi idi, dur gedək, səni təqdim edim, qaldıqca başqa iş çıxar... İsmayıl müəllim  nə yuxarının, nə də aşağının təzyiqinə baxdı. O, öz sözünün ağası idi. Vəzifə naminə tüpürdüyünü yalayanlardan deyildi.

Halbuki bu vəzifəyə 1973-cü ildə mənim söhbətim olmuşdu. Naxçıvanda Yazıçılar İttifaqının səyyar plenumu keçirilirdi. Onun hazırlıq işinin təşkilatçısı mən idim. Naxçıvan KP Vilayət Komitəsinin katibi Rəşid Qazıbəyov  yekun günü çıxışında Mirzə İbrahimova mənim təşkilatçılığımdan razılığını bildirdi. Mirzə müəllim də haqqımda bir-iki tərif deyərək bildirdi ki, Bakıya qayıdandan sonra Hafizi təbliğat bürosunun direktoru təyin edəcəyəm. Rəhmətlik xalq yazıçısı Əli Vəliyev, Yusif Əzimzadə, Cəlal Məmmədov, şair Əliağa Kürçaylı və başqaları gəlib məni təbrik etdilər. Bakıya qayıdandan sonra Mirzə müəllim sözünün üstündə durmadı. Baş açmadım ki, ona kim mane oldu. Allah ona rəhmət etsin!

İsmayıl Şıxlı kişi adam idi. Bunu ona görə demirəm ki, o vaxtkı MK katibinin üzünə tüpürərək, məni təyin etdiyi vəzifədə saxladı, əmrini geri götürmədi. Ona görə deyirəm ki, millətimiz üçün ağır olan günlərdə Qarabağ hadisələri zamanı o, öz sözünü yenə kişi kimi respublika rəhbərliyinin üzünə dedi. Həmin vaxt onun 70 yaşı tamam olurdu. Milli Akademik Teatrın zalında bu münasibətlə yubiley təntənəsi keçirilirdi. Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirov da təntənədə iştirak edirdi. İsmayıl Şıxlı öz çıxışında xalqın narahatçılığına biganə qalan, Moskvanın buyuruq quluna çevrilən respublika rəhbərliyini kəskin tənqid etdi. Sapı özümüzdən olan balta sözü də orda deyildi. Əsas fikri də bu oldu ki, Qarabağ məsələsində rəhbərlik xalqı öz ətrafında birləşdirməli, bütün fəaliyyətində onun rəyini əsas götürməlidir.

Həmin gərgin günlərin birində Azərbaycan KP MK-nın plenumunda yenə də kəskin çıxış edərək Primakovu, Girenkonu və plenumda iştirak edən başqa Moskva nümayəndələrini ikiüzlülükdə, tərəfkeşlikdə günahlandırdı, onları Qorbaçov qarışıq erməni millətçilərinin əlində oyuncağa çevrildikdərinə görə ittiham etdi. İsmayıl Şıxlının MK plenumundakı çıxışının stenaqram mətni səhərisi günü bütün respublikada əl-əl gəzdi. O, bizim dövrümüzün əsl Cahandar ağası idi. Vəzifəsini düşünmürdü, hərəkətlərini yaranmış vəziyyət ona diktə edirdi. Xalqın, millətin ləyaqət və namusunun tapdandığı bir vaxtda o, ağzına su ala bilməzdi. Yazıçının silahı sözdür. O, bu silahı yerində və məqamında işlətməyi bacarırdı.

İsmayıl Şıxlı dünyaya kişi kimi gəldi, dünyadan da kişi kimi getdi. O biri vəzifələrindən könüllü imtina edib getdiyi kimi, Yazıçılar İttifaqının sədri vəzifəsindən də könüllü getdi. O vaxt istefa sözü dəbdə deyildi, öz ərizəsi və ya öz xahişilə vəzifədən getdi, deyirdilər.

İsmayıl müəllimin axırıncı istefası zamanı mənə tam aydın oldu ki, o, diktə və təzyiq altında işləməyi bacarmır. Belə məqamlarda istefanı ən düzgün yol hesab edirdi. Bu da onun ən incə qəlbli insan olmasını göstərirdi.

İsmayıl Şıxlı məni Təbliğat Bürosuna direktor təyin edəndən sonra cəmi bir neçə ay vəzifədə qaldı. 1989-cu ildə ilk övladımın toyu olmalı idi, onu da toya dəvət etdim. Mərhum Xalq yazıçısı Bayram Bayramov və Adil Hacıyevlə gəlmişdi. Məclisdə haqqımda xoş sözlər deyib, məni göylərə qaldırdı. Bu, heç vaxt mənim yadımdan çıxmaz. O, istər rəsmi, istərsə də qeyri-rəsmi olsun, az-az hallarda çıxış edərdi. Özü lazım biləndə çıxış edərdi. Çıxışı çox tutarlı və kəskin olar, ətrafdakılara çox yaxşı təsir bağışlayardı, hamı tərəfindən də yüksək qarşılanardı. O, yüksək əxlaq və mədəniyyət sahibi olduğu üçün ətrafındakı adamları öz təsir dairəsində saxlaya bilərdi. Bu ölçüləri gözləməyənlərlə əlaqəsini tez kəsərdi. Mən bu məsələdə bir neçə hadisənin şahidi olmuşam. Onları bir-bir sadalayıb yazımı uzatmaq istəmirəm. Yazımın sonunda İsmayıl Şıxlı şəxsiyyəti ilə bağlı bir-iki məqama da toxunmağı lazım bilirəm. Yazımda mən onun yaradıcılığından söhbət açmadım. Çünki onun yaradıcılığı göz qabağındadır. Qədirbilən oxuculara onun yaratdığı əsərlərin məziyyətləri çoxdan məlumdur. Təkcə "Dəli Kür" romanı ona oxucu məhəbbətini çoxdan qazandırmışdı. O, başqa əsərlərini yazmasaydı da, bu əsərlə ədəbi tariximizdə həmişəlik qalacaqdı. O, xoşbəxt yazıçı idi ki, oxucu, ümumxalq məhəbbətini erkən yaşlarından qazanmışdı. İctimai sahədəki fəaliyyəti də onun şöhrətinin üstünə şöhrət gətirdi. 70 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirakım zamanı bir daha bunun şahidi oldum. Həmin günlərin birində Qazaxda onun yubiley gecəsi keçiriləcəkdi. İsmayıl müəllim məni də ora dəvət etmişdi. Bakıdan bir maşın karvanı yola düşdü. Təkcə Qazaxda deyil, Kürdəmirdə, Ağdaşda, Tovuzda, Şəmkirdə də onun böyük bir el məhəbbətilə qarşılanmasının şahidi oldum. Bəzən bu və ya digər yazıçı yaradıcılığının hansısa dövründə xalqın hörmət və məhəbbətini qazanır, amma onu axıracan qoruyub saxlaya bilmir. İsmayıl Şıxlının xoşbətliyi bir də onda idi ki, bu məhəbbəti nəinki ömrünün sonunacan qoruyub saxlaya bildi, hətta onu bir az da artırdı.

Heyif ki, onun ömrünün sonu Azərbaycanın, xalqının ağır, böhranlı günlərinə düşdü. O, şəkər xəstəliyinə tutulmuşdu. Vətənini, xalqını canından artıq sevən bir şəxsə bu, öz təsirini göstərməyə bilməzdi. Onun gözləri tutuldu. Günlərini evdə keçirməli oldu. Bir gün ona baş çəkdim. O, əvvəlki gümrahlığında olmasa da, iradəsini toplayaraq yazı masasının arxasında məni gülər üzlə qarşıladı. Təzə ailə qurmuş övladlarımla maraqlandı. Mən də onun ümumi səhhətini və yaradıcılıq fəaliyyətini soruşdum. Yeni əsəri üzərində işlədiyini dedi. O, bu əsəri həyat yoldaşı Ümidə xanıma dikdə edir, o da kağız üzərinə köçürürdü. Təəssüf ki, bu görüş İsmayıl Şıxlı ilə son görüşüm oldu.

Yazıçının son əsəri olan "Ölən dünyam" romanı onun vəfatından bir xeyli sonra çap edildi. Həmin kitabı onun böyük oğlu Elçin Şıxlı mənə də bağışladı. Kitabı bir neçə dəfə oxumuşam, yenə oxuyacağam. Ona görə ki, onu hər oxuyanda elə bil bu nurlu, böyük qəlbli insanla üz-üzə oturub söhbətlərinə qulaq asıram. Allah ona rəhmət eləsin! Qəbri nurla dolsun! Amin!

Hafiz ƏLİ,

Bakı, 9 oktyabr 2002-ci il



Facebook-da paylaş