Bu gün Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın 70 yaşı tamam olur
Bu
gün Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının sədri, Əməkdar
incəsənət xadimi, şair Barat Vüsalın 70 yaşı tamam olur. Barat Alı oğlu Alıyev 1951-ci
il martın 18-də Qazax rayonunun Kosalar kəndində anadan olub. Orta təhsilini
doğma kənd məktəbində alıb, 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji
Universitetinin tarix fakültəsini bitirib. Təyinatla Sabirabadda və Qazaxda
müəllim işləyib. Bu dövrdəki fəaliyyəti "Baş müəllim" adıyla
qiymətləndirilib. Ədəbiyyata keçən əsrin 70-ci illərində gəlib.
İmzası Qazaxda çıxan rayon qəzetində 60-cı illərin sonralarından, respublika
mətbuatında isə 70-ci illərdən görünməyə başlayıb. 1982-ci ildən Gənc
Yazıçıların Respublika Ədəbi Birliyinin üzvü olub. 1983-cü ildə gənc
yazıçıların Şüvalanda keçirilən VIII Respublika müşavirəsində iştirak edib. İlk şeirlər kitabı "Göz aydınlığı"
adlanır və 1986-cı ildə "Yazıçı" nəşiriyyatında çapdan çıxıb. Daha
sonra bir-birindən maraqlı kitabları işıq üzü görüb. "Ürəyimdən bir çay axır" (1991),
"Yolumuz eşqə bağlıdır" (1997), "Ömür bitər, yol bitməz"
(2004), "Qazaxda yaşadım mən öz ömrümü" (2007), "Ruh
gəmisi" (2013), "Kufə əhli" (2014), "Piyada atlı" və
s. şeirlər kitabları şairi oxucuların sevimlisi edib. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin
üzvülüyünə qəbul olunub. 1993-cü ildən AYB Qazax zona filialının sədridir. Bu
filial Qazax, Ağstafa, Tovuz, Gədəbəy rayonlarında yaşayıb yaradan ədəbi
qüvvələrini, qismən də Borçalı ədəbi mühitini özündə birləşdirir. İşlədiyi 28
il ərzində filial sədri kimi respublikamızın Qərb qapısında çox diqqətəlayiq
yaradıcılıq işləri ilə məşğul olub. Dövrü mətbuatda yazıçı və şairlərimizlə
bağlı, tariximizlə, ədəbiyyatımızla, mədəniyyətimizlə, gənc ədəbi qüvvələrlə bağlı
məqalələrlə, publisist yazılarla çıxışlar edib. Yüzlərlə yaradıcılıq
hesabatları, yaradıcılıq gecələri, yubileylər, kitab təqdimatları, anım
mərasimləri məhz Onun rəhbərliyi, aparıcılıq məharəti ilə baş tutub. Bölgədə yeni gənc ədəbi qüvvələrin üzə çıxarılmasında,
onların kitablarının çap olunmasında, filial yazarlarının əsərlərinin öz əksini
geniş tapdığı almanaxların, antologiyaların, xüsusi buraxılışların tərtib
edilib işıq üzü görməsində çox gərgin əmək sərf edib, səmərəli fəaliyyət
göstərib. Onun filial sədrliyi dövründən bu yana Ulu Öndər
Heydər Əliyevin sərəncamları ilə hər il Qazaxda martın 21-də şairin doğum
günündə keçirilməsi ənənəvi xarakter almış "Səməd Vurğun poeziya
günləri" və 1982-ci ildən keçirilməyə başlanılmış "Vaqif poeziya
günləri" əvvəlki səviyyədə davam etdirilib. Barat Vüsal dövlətə və dövlətçiliyə bağlı sayılıb
seçilən tanınmış, dəyərli, vətənpərvər şairlərdən biridir. Vətənpərvərlik
ruhunda yazdığı şeirlərə görə 1998-ci ildə AYB-nin və Respublika Həmkarlar
İttifaqının keçirdiyi poeziya müsaqibəsində "Xəlil Rza Ulutürk
mükafatı" və 2008-ci ildə klassik ədəbi irsimizin təbliğindəki fəaliyyətinə
görə "Səməd Vurğun ədəbi mükafatlarını alıb. Şair və filial rəhbəri kimi 2000-2001-ci illərdə
Dünya Gənc Türk Yazarlar Birliyinin 2 ödülünə layiq görülüb. 2009-cu ildə müddətli Prezident təqaüdü verilib. Ordumuzla, əsgərlərimizlə qurduğu sıx əlaqələrə görə
Ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi ödülü verilib,
Respublika Veteranlar Şurası Onu "Əliağa Şıxlinski" medali ilə təltif
edib. Barat Vüsal oxucular arasında və ictimaiyyət içərisində
böyük nüfuz sahibidir. Bunun nəticəsidir ki, 2013-cü ildə bir ziyalı və şair kimi
verdiyi təklif əsasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncamla
Qazaxda bölgələr üzrə ilk Ədəbiyyat Muzeyi inşa olunub. Bakıda keçirilmiş Avropa Oyunları zamanı ölkə Prezidentinə
həsr etdiyi poema əsasında kontata yazılıb, Ü.Hacıbəyov adına Dövlət Filarmoniyasının
simfonik orkestirinin ifasında Az.TV-də səsləndirilib. Şeirlərinə mahnılar bəstələnib. Barat Vüsal təkcə sözə deyil, həm də saza bağlı
şairdir. 2007-2008-ci illərdə İTV-də "Ozan məclisini yaradanlardan və onun
ilk aparıcılarından biri olub. 2017-ci ildən Azərbaycan Aşıqlar Birliyi
İdarə Heyətinin üzvüdür. İTV-də uzun müddət yayımlanmış "Ovqat" və
"Səhər sovqatı" televerlişlərində çıxışları Ona böyük nüfuz və şöhrət
qazandırıb. Onun haqqında İTV kanalında "Bir kəndin nağılı",
"Bir sözün sehri" və ATV-də "Bir sevgi tarixçəsi" televerilişləri
də nümayiş etdirilib. Barat Vüsal həm radio, həm də televiziyalardakı çıxışları,
dövri mətbuatda çap etdirdiyi 200-ə yaxın ədəbi, elmi, tarixi, fəlsəfi və publisistik
yazıları, məqalələri, esseləri, araşdırmaları ilə də oxucuların, tamaşaçıların,
dinləyicilərin rəğbətini və hörmətini qazanıb. Ədəbi yaradıcılığına dair Salatın Əhmədlinin "Ömrünü
Qazaxda yaşayan şair" və Firuzə Abdullayevanın "Barat Vüsalın poeziyası"
adlı monoqrafiyaları çap olunub. İki cildlik "Seçilmiş Əsərləri" oxucuların ixtiyarına
verilib. Şeirləri Türkiyədə və İranda çap olunur. Tehranda
"Söz yaşıllığı” adlı şeir kitabı 2018-ci ildə nəşr edilib. Barat Vüsal gözəl ssenarist kimi də, aparıcı kimi də rayonda,
bölgədə, respublikada keçirilən müxtəlif yubileylərdə, xatirə gecələrində, digər
ədəbi-mədəni tədbirlərdə öz əməyini əsirgəməyib. 50 və 60 illik yubileyləri Qazaxda və Bakıda təntənəli
şəkildə keçirilib. Cənab Prezident İlham Əliyevin verdiyi sərəncamla Barat Vüsala
60 illik yubileyində Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə
"Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi" fəxri adı verilib. Barat Vüsal yaradıcılığı Azərbaycanın bir çox görkəmli ədəbiyyat və mədəniyyət xadimləri - Anar, İ.Muğanna, N.Həsənzadə, H.Arif, X.R.Ulutürk, V.Səmədoğlu, M.Dilbazi, S.Tahir kimi Xalq şairləri, N.Cəfərov, N.Şəmsizadə, V.Yusifli, R.Kamal kimi alim və tənqidçi ədəbiyyatşünasları tərəfindənyüksək qiymətləndirilib. Qazaxda
Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın 70 illik yubileyi də yüksək
səviyyədə qeyd olunub. Martın 13-də şairin yubileyinə həsr olunmuş tədbir
keçirilib. Barat Vüsalın
sözünə, şeiriyyətinə, poeziyasına, şəxsiyyətinə dəyər, qiymət verənlər, onun
yolu ilə getməyi özünə borc bilənlər yubilyara olan təbriklərini çatdırıblar. Həmin
tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun müvafiq Sərəncamı ilə Əməkdar incəsənət xadimi, şair Barat Vüsala rayonun
ictimai həyatında fəal iştirakına və anadan olmasının 70 illiyi münasibətilə
Fəxri Fərman və gül dəstəsi təqdim olunub. Həmçinin Azərbaycan Respublikası Milli
Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
sədri Səməd Seyidovun şairə ünvanladığı təbrik məktubu səsləndirilib. Milli
Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov millət
vəkilinin Barat Vüsalın yubileyi ilə bağlı şairin ünvanına yazdığı təbrik
məktubunu oxuyaraq hədiyyəsini təqdim edib. Şair Barat
Vüsalı qazaxlı ziyalılar və rayon ictimaiyyəti adından bir daha səmimi qəlbdən
təbrik edir, möhkəm cansağlığı və gələcək yaradıcılıq fəaliyyətində uğurlar
arzulayırıq. GOYEZEN.AZ
Facebook-da paylaş