• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın 70 illik yubileyi qeyd olunub

Bütün dünyada Qərbin qapısı kimi tanınan Qazax həm də sazın, sözün qüdrəti ilə öz sözünü deməyi bacarıb. Tarixi şəxsiyyətləri, xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə səs salıb bütün aləmə, yaxına, uzağa. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda bu gün daha bir ziyalımızın, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın (Barat Alı oğlu Alıyev) 70 illik yubileyi qeyd olunub. 

Barat Vüsalın sözünə, şeiriyyətinə, poeziyasına, şəxsiyyətinə dəyər, qiymət verənlər, onun yolu ilə getməyi özünə borc bilənlər yubilyara olan təbriklərini çatdırıblar. Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun şairə ünvanladığı təbrik məktubu səsləndirilib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, qonaqlardan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əlinin, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirovun, təhsil, səhiyyə, mədəniyyət işçilərinin, məktəb direktorlarının, ziyalıların iştirakı ilə keçirilən tədbirdə Barat Vüsal yaradıcılığından söhbət açılıb, şairin Azərbaycan poeziyasındakı xidmətlərindən danışılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Əməkdar incəsənət xadimi, şair Barat Vüsalı 70 illik yubileyi münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb, gələcək yaradıcılıq uğurları arzulayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın saz-söz adamlarına, yazarlara, şairlərə, ziyalılara verdikləri dəyərdən, göstərdikləri diqqət və qayğıdan söz açan icra başçısı fəaliyyətə başladığı ilk gündən bu amili hər zaman nümunə və örnək götürdüyünü qeyd edib. Ziyalı kəlməsinə, ziyalı sözünə hər zaman yüksək qiymət verdiyini vurğulayıb. 

Barat Vüsal şəxsiyyəti və onun yaradıcılığı haqqında ürək sözlərini çatdıran icra başçısı qeyd edib ki, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Nəriman Həsənzadə, Səməd Seyidov kimi, eləcə də adlarını qeyd etmədiyimiz digər ziyalılarımızın dilindən Barat Vüsalın ünvanına yazılan, söylənilən dəyərli fikirləri oxumaq, eşitmək hər bir qazaxlı üçün qürurvericidir.


 

İcra başçısı qeyd edib ki: "Barat Vüsal sözü, danışığı, hərəkəti, dövlətə, dövlətçiliyə sadiqliyi ilə hər zaman seçilib və bu gün də seçilir. Barat Vüsal özündə, sözündə, şeirlərində milli-mənəvi dəyərləri yaşadan böyük şəxsiyyət olmaqla yanaşı, eyni zamanda Azərbaycan üçün layiqli bir vətəndaşdır. Mədəniyyətin, təhsilin, ən əsası da ilklərin olduğu Qazaxda Barat Vüsal kimi dəyərli ziyalılarımızın olması qazaxlılar üçün baş ucalığıdır. Bu gün zəmanəmizdə Barat Vüsal kimi ziyalılarımızın olması Qazaxın var olması deməkdir”.

"Vətənpərvərlik, dövlətə və dövlətçiliyə sadiqlik Barat Vüsalın canındadır, qanındadır və bu, şeirlərində də öz əksini tapır”, - deyən rayon rəhbəri onun son günlərdə yazdığı "Şuşanı alan oğullar”, "Keşikçi”, "Dəmir yumruq” şeirlərinin gələcək nəsillər üçün örnək olduğunu söyləyib. Həmin şeirlərində 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız şanlı Qələbəni sözlərin dili ilə oxuculara çatdırdığını, əldə olunan Zəfərə görə qəlbən, ürəkdən sevindiyini və ürəyinin hər an Vətənlə döyündüyünü əks etdirdiyini diqqətə çatdırıb. 


 

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli çıxış edərək yubilyarı əlamətdar gün münasibətilə təbrik edib, yeni yaradıcılıq nailiyyətləri arzulayıb. "Barat Vüsal kimi dəyərli ziyalılarımızın yaradıcılığı hər zaman öyrənilməlidir”, - deyən natiq şairin doğum günü ilə bağlı ilk olaraq Qazaxda, daha sonra digər bölgələrimizdə onlayn şəkildə tədbirlərin təşkil olunacağını bildirib. 

Bakı Dövlət Universitetinin Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini, fizika–riyaziyyat elmləri namizədi, dosent Məmməd Yusifov çıxış edərək dövlətə, dövlətçiliyə sadiq olan, şeirlərində Vətənə sevgini, məhəbbəti ən yüksək səviyyədə tərənnüm etdirən, elinə, obasına bağlı olan bir şəxsiyyət haqqında ürək sözü bildirməyin onun üçün şərəf olduğunu söyləyib. "Barat Vüsal mənim müəllimim olub”, - deyən M.Yusifov dəyərli ziyalımızdan sözə, sözün böyüklüyünə qiymət verməyi, ziyalılara hörmət və ehtiram göstərməyi öyrəndiyini bildirib. Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk kimi ziyalılarımıza olan ehtiramını öz şeirlərində əks etdirən Barat Vüsalın bu nəcib addımından gələcək nəsillərin bundan sonra da nümunə götürəcəyini qeyd edib. 


 

Yubilyara səmimi təbriklərini çatdıran Səlim Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin direktoru Bəsdi Ələkbərova Barat Vüsalın ziyalı olduğu kimi, sadə bir vətəndaş olduğunu dilə gətirib. Qazaxlıların dəyərli ziyalısı kimi bundan sonra da sağlam canla yaşamağı, öz şeirlərində Vətənə olan sevgisini ən ülvi hisslərlə çatdırmağı, yazıb-yaratmağı arzulayıb.    


 

Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxışında Barat Vüsalın dəyərli ziyalı, pedaqoq kimi hər kəsin rəğbətini qazandığını, elinin-obasının sevimli şairi olduğunu vurğulayıb. Barat Vüsal yaradıcılığının elmi tədqiqat mövzusu olduğunu, yetişməkdə olan nəslin, məktəblilərin onun yaradıcılığından bəhrələnməsi üçün gələcəkdə silsilə tədbirlərin təşkil olunacağını söyləyib. 


 

AYB-nin üzvü, şairə Tamella Poladlı çıxış edərək yubilyara olan təbrikini, səmimi ürək sözlərini şeirin dili ilə çatırıb, müstəqil Azərbaycanımızı və onun uğurlarını özündə əks etdirən yeni-yeni şeirlər yazmağı arzulayıb. 


 

Azərbaycan Aşıqlar Birliyinin üzvü Camoy Qurbanov çıxış edərək yubilyarla olan dostluğundan söz açıb, onunla olan xatirələrindən danışıb. Səmimi ürək sözlərini səsləndirdiyi şeirlə ifadə edib. 


 

"Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl çıxış edərək Barat Vüsalı 70 illik yubileyi münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb. Şairlə olan ilk tanışlığından söz açıb, onunla bağlı xatirələrini bölüşüb. Natiq çıxışında vurğulayıb ki: "Barat Vüsalı ziyalı kimi, şəxsiyyət kimi qazaxlılara, eləcə də cəmiyyətə sevdirən onun dövlətə, xalqa, poeziyaya olan bağlılığıdır. Barat Vüsal dövlətdən, xalqdan, el-obasından güc alır. Və bu meyarları öz şeirlərində də aydın şəkildə əks etdirir”. 

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov çıxış edərək yubilyara səmimi ürək sözlərini çatdırıb. Barat Vüsalın Qazaxla bağlı olduğunu, doğma elinin, obasının adını hər zaman uca tutduğunu, bunu yazdığı şeirlərində də açıq şəkildə göstərdiyini qeyd edib. AYB Qazax zona filialının sədri kimi öz işinin öhdəsindən layiqincə gəldiyini, hər zaman gənc yazarlara dəstək olduğunu, öz şeirləri ilə gəncləri vətənpərvərliyə səslədiyini bildirib. Qazaxda rayon rəhbərliyi tərəfindən ziyalılara həmişə diqqət və qayğı göstərildiyini bildirən İ.Qurbanov bugünkü yubiley tədbirini Barat Vüsalın timsalında ziyalılara verilən yüksək dəyərin bariz nümunəsi kimi qiymətləndirib. 

"Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs”in direktoru Sevda Məmmədova, Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü yubilyarı təbrik edərək xoş arzularını bildiriblər. Ziyalılara, Barat Vüsal yaradıcılığına verilən yüksək qiymətə görə ölkə başçısına və rayon rəhbərliyinə Qazax ictimaiyyəti adından minnətdarlıqlarını çatdırıblar.



 

Sonra Əməkdar incəsənət xadimi, şair Barat Vüsala rayonun ictimai həyatında fəal iştirakına və anadan olmasının 70 illiyi münasibətilə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və gül dəstəsi təqdim olunub.


Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov tərəfindən millət vəkilinin Barat Vüsalın yubileyi ilə bağlı şairin ünvanına yazdığı təbrik məktubu səslənib və hədiyyəsi təqdim edilib. 



 

AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək ona göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın hamisi olan Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. 2011-ci ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 60 illik yubileyi münasibətilə "Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülməsini qazaxlı ziyalılara, şairlərə, onların yaradıcılığına verilən qiymətin əyani sübutu kimi dəyərləndirib. 


 

"Ölkə rəhbəri harada varsa, mən də ordayam”, - deyən şair dövləti, dövlət başçısı ilə hər zaman fəxr etdiyini, dövlətindən, onun rəhbərindən güc və ilham aldığını dilə gətirib. "Dövlətin qayğısı, qiyməti olmadan yaşamaq mümkün deyil. Biz şairləri, ziyalıları dövlətin, ölkə rəhbərinin bizlərə olan qayğısı yaşadır”, - söyləyən şair bu gün Azərbaycanda həmin qayğını ən yüksək səviyyədə hiss etdiyini bildirib. Ölkə rəhbərinin ziyalılara olan qayğısının Qazaxda olduğu kimi icra edildiyini, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən ziyalılara olan hörmətin, səmimi münasibətin şahidi olduğunu dilə gətirib. Bugünkü yubiley tədbirinin yüksək səviyyədə təşkil olunmasına, ölkəmizdə yaşanan pandemiya dövründə olsa belə ona ayrılan diqqətə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz adından və ailəsi adından təşəkkürünü bildirib.


 

"Bu gün burada varamsa, qarşınızda şair kimi çıxış edirəmsə, mənim əlimdən tutan, mənə dəstək olan Osman Sarıvəlli, İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə kimi böyük şəxsiyyətlərə, hər birinin yaradıcılığı mənim üçün məktəb olan ziyalılarımıza borcluyam”, - deyən şair bu cür ziyalıların əhatəsində olduğu üçün özünü şanslı insan hesab etdiyini söyləyib. "Bizim adımız Azərbaycandı, Qazaxdı”, - deyən şair azərbaycanlı, qazaxlı olmağın qürurunu yaşadığını qeyd edib. 

Barat Vüsal çıxışının sonunda ünvanına xoş sözlər söyləyən, onu təbrik edən hər kəsə səmimi arzularını çatdırıb və 44 günlük Vətən müharibəsində qazandığımız Qələbəyə həsr etdiyi "Dəmir yumruq” şeiri ilə bir daha minnətdarlığını bildirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda yubilyarı bir daha təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.    

     

Barat Alı oğlu Alıyev 1951-ci il martın 18-də Qazax rayonunun Kosalar kəndində anadan olub. Orta təhsilini doğma kənd məktəbində alıb, 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib. Təyinatla Sabirabadda və Qazaxda müəllim işləyib. Bu dövrdəki fəaliyyəti "Baş müəllim" adıyla qiymətləndirilib.

Ədəbiyyata keçən əsrin 70-ci illərində gəlib. İmzası Qazaxda çıxan rayon qəzetində 60-cı illərin sonralarından, respublika mətbuatında isə 70-ci illərdən görünməyə başlayıb. 1982-ci ildən Gənc Yazıçıların Respublika Ədəbi Birliyinin üzvü olub. 1983-cü ildə gənc yazıçıların Şüvalanda keçirilən VIII Respublika müşavirəsində iştirak edib.

İlk şeirlər kitabı "Göz aydınlığı" adlanır və 1986-cı ildə "Yazıçı" nəşiriyyatında çapdan çıxıb. Daha sonra bir-birindən maraqlı kitabları işıq üzü görüb.

"Ürəyimdən bir çay axır" (1991), "Yolumuz eşqə bağlıdır" (1997), "Ömür bitər, yol bitməz" (2004), "Qazaxda yaşadım mən öz ömrümü" (2007), "Ruh gəmisi" (2013), "Kufə əhli" (2014), "Piyada atlı" və s. şeirlər kitabları şairi oxucuların sevimlisi edib.

1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvülüyünə qəbul olunub. 1993-cü ildən AYB Qazax zona filialının sədridir. Bu filial Qazax, Ağstafa, Tovuz, Gədəbəy rayonlarında yaşayıb yaradan ədəbi qüvvələrini, qismən də Borçalı ədəbi mühitini özündə birləşdirir. İşlədiyi 28 il ərzində filial sədri kimi respublikamızın Qərb qapısında çox diqqətəlayiq yaradıcılıq işləri ilə məşğul olub. Dövrü mətbuatda yazıçı və şairlərimizlə bağlı, tariximizlə, ədəbiyyatımızla, mədəniyyətimizlə, gənc ədəbi qüvvələrlə bağlı məqalələrlə, publisist yazılarla çıxışlar edib. Yüzlərlə yaradıcılıq hesabatları, yaradıcılıq gecələri, yubileylər, kitab təqdimatları, anım mərasimləri məhz Onun rəhbərliyi, aparıcılıq məharəti ilə baş tutub.

Bölgədə yeni gənc ədəbi qüvvələrin üzə çıxarılmasında, onların kitablarının çap olunmasında, filial yazarlarının əsərlərinin öz əksini geniş tapdığı almanaxların, antologiyaların, xüsusi buraxılışların tərtib edilib işıq üzü görməsində çox gərgin əmək sərf edib, səmərəli fəaliyyət göstərib.

Onun filial sədrliyi dövründən bu yana Ulu Öndər Heydər Əliyevin sərəncamları ilə hər il Qazaxda martın 21-də şairin doğum günündə keçirilməsi ənənəvi xarakter almış "Səməd Vurğun poeziya günləri" və 1982-ci ildən keçirilməyə başlanılmış "Vaqif poeziya günləri" əvvəlki səviyyədə davam etdirilib.

Barat Vüsal dövlətə və dövlətçiliyə bağlı sayılıb seçilən tanınmış, dəyərli, vətənpərvər şairlərdən biridir. Vətənpərvərlik ruhunda yazdığı şeirlərə görə 1998-ci ildə AYB-nin və Respublika Həmkarlar İttifaqının keçirdiyi poeziya müsaqibəsində "Xəlil Rza Ulutürk mükafatı" və 2008-ci ildə klassik ədəbi irsimizin təbliğindəki fəaliyyətinə görə "Səməd Vurğun ədəbi mükafatlarını alıb.

Şair və filial rəhbəri kimi 2000-2001-ci illərdə Dünya Gənc Türk Yazarlar Birliyinin 2 ödülünə layiq görülüb.

2009-cu ildə müddətli Prezident təqaüdü verilib.

Ordumuzla, əsgərlərimizlə qurduğu sıx əlaqələrə görə Ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi ödülü verilib, Respublika Veteranlar Şurası Onu "Əliağa Şıxlinski" medali ilə təltif edib.

Barat Vüsal oxucular arasında və ictimaiyyət içərisində böyük nüfuz sahibidir. Bunun nəticəsidir ki, 2013-cü ildə bir ziyalı və şair kimi verdiyi təklif əsasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncamla Qazaxda bölgələr üzrə ilk Ədəbiyyat Muzeyi inşa olunub.

Bakıda keçirilmiş Avropa Oyunları zamanı ölkə Prezidentinə həsr etdiyi poema əsasında kontata yazılıb, Ü.Hacıbəyov adına Dövlət Filarmoniyasının simfonik orkestirinin ifasında Az.TV-də səsləndirilib. Şeirlərinə mahnılar bəstələnib.

Barat Vüsal təkcə sözə deyil, həm də saza bağlı şairdir. 2007-2008-ci illərdə İTV-də "Ozan məclisini yaradanlardan və onun ilk aparıcılarından biri olub. 2017-ci ildən Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvüdür. İTV-də uzun müddət yayımlanmış "Ovqat" və "Səhər sovqatı" televerlişlərində çıxışları Ona böyük nüfuz və şöhrət qazandırıb. Onun haqqında İTV kanalında "Bir kəndin nağılı", "Bir sözün sehri" və ATV-də "Bir sevgi tarixçəsi" televerilişləri də nümayiş etdirilib.

Barat Vüsal həm radio, həm də televiziyalardakı çıxışları, dövri mətbuatda çap etdirdiyi 200-ə yaxın ədəbi, elmi, tarixi, fəlsəfi və publisistik yazıları, məqalələri, esseləri, araşdırmaları ilə də oxucuların, tamaşaçıların, dinləyicilərin rəğbətini və hörmətini qazanıb.

Ədəbi yaradıcılığına dair Salatın Əhmədlinin "Ömrünü Qazaxda yaşayan şair" və Firuzə Abdullayevanın "Barat Vüsalın poeziyası" adlı monoqrafiyaları çap olunub.

İki cildlik "Seçilmiş Əsərləri" oxucuların ixtiyarına verilib.

Şeirləri Türkiyədə və İranda çap olunur. Tehranda "Söz yaşıllığı” adlı şeir kitabı 2018-ci ildə nəşr edilib.

Barat Vüsal gözəl ssenarist kimi də, aparıcı kimi də rayonda, bölgədə, respublikada keçirilən müxtəlif yubileylərdə, xatirə gecələrində, digər ədəbi-mədəni tədbirlərdə öz əməyini əsirgəməyib.

50 və 60 illik yubileyləri Qazaxda və Bakıda təntənəli şəkildə keçirilib. Cənab Prezident İlham Əliyevin verdiyi sərəncamla Barat Vüsala 60 illik yubileyində Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi" fəxri adı verilib. 

Barat Vüsal yaradıcılığı Azərbaycanın bir çox görkəmli ədəbiyyat və mədəniyyət xadimləri - Anar, İ.Muğanna, N.Həsənzadə, H.Arif, X.R.Ulutürk, V.Səmədoğlu, M.Dilbazi, S.Tahir kimi Xalq şairləri, N.Cəfərov, N.Şəmsizadə, V.Yusifli, R.Kamal kimi alim və tənqidçi ədəbiyyatşünasları tərəfindən yüksək qiymətləndirilib.

GOYEZEN.AZ




Facebook-da paylaş