Qazax Rayon Heydər Əliyev Mərkəzində görkəmli Azərbaycan dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
2020-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olur. Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Respublika Prezidenti Ilham Əliyevin 31 yanvar 2020-ci il tarixli Sərəncamına əsasən görkəmli ictimai xadimin yubileyi ölkə səviyyəsində qeyd olunur.
Qazax Rayon Heydər Əliyev Mərkəzində Mərkəzin və F.Şamoyev adına şəhər 4 nömrəli orta məktəbin VI sinif şagirdlərinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan dramaturqunun 150 illiyinə həsr edilmiş tədbir keçirilib.
Mərkəzin əməkdaşı Gültəkin Hüseynəliyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan klassik realist dramaturgiyasının ən dəyərli nümunələrindən sayılan əsərlərin müəllifi olmaqla realist və demokratik ədəbiyyatın görkəmli nümayəndələrindən biri, dolğun məzmunlu dram əsərləri, yumorist satirik əsərlərlə şöhrət qazanmış ictimai xadim olmuşdur. Qeyd edib ki, bugünkü tədbirin keçirilməsində məqsəd görkəmli dramaturqun həyat və yaradıcılığı haqqında uşaqlara məlumat vermək və ədibin əsərlərinin təhlilini aparmaqdır.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nazilə Sanıyeva çıxış edərək vurğulayıb ki, Azərbaycan ədəbiyyatına, tarixinə dəyərli töhfələr verən görkəmli dramaturq, teatr xadimi, nasir, istedadlı alim və mütərcim Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa şəhərində anadan olmuşdur. Atasını uşaq yaşlarından itirmiş, əmisinin himayəsində yaşamış, sonra isə onun tərbiyəsi ilə atalığı məşğul olmuş, onu 1880-ci ildə müvəqqəti yay məktəbinə qoymuşdur. Haqverdiyev burada rus dilini öyrənmiş, rus yazıçılarının əsərlərini oxumuşdur. Təhsil aldığı illərdə Şuşada teatr tamaşalarında da iştirak etmişdir. Həmin illərdə Şuşa realnı məktəbini, Tiflis realnı məktəbini bitirib Peterburqa getmiş orada Yol Mühəndisləri İnstitutuna daxil olmuşdur. Təhsilini bitirdikdən sonra vətəninə qayıtmış ədib Azərbaycan ədəbiyyatı tarixinə əvəzolunmaz incilər bəxş etmişdir. Onun ilk əsərləri "Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892), "Dağılan tifaq” (1896) Peterburqda yazılmış, "Bəxtsiz cavan”, "Pəri cadu”, "Qoca tarzən”, "Ac həriflər”, "Kimdir müqəssir” və s. kimi o dövrün reallıqlarını obrazlı surətdə göz önündə canlandıran dram əsərləri yaratmışdır. Bununla yanaşı bir sıra imzalarla Molla Nəsrəddin jurnalında hekayə, felyeton, publisist məqalələr çap etdirmişdir. Onun ədəbi irsi içərisində rus və Qərbi Avropa ədəbiyyatından etdiyi tərcümələr də vardır. Ədəbiyyatımızın görkəmli nümayəndəsi 1933-cü ilin dekabrında Bakıda vəfat etmişdir.
Sonra məktəbin VI sinif şagirdləri Yaqub Qocayev, Fuad Məmmədov, Tunar Hüseynov, Elcan Qurbanlı, Şərifə Şərifova, Pəri Hacıyeva, Qönçə Xəlilova, Nəzrin Qocayeva və Məhəmməd Qurbanlı Ə.Haqverdiyevin həyat və yaradıcılığından bəhs edən məlumat veriblər.
Tədbir görkəmli nasirin "Mirzə Səfər” və "İanə” əsərlərindən səhnəciklərin nümayiş etdirilməsi başa çatıb.
Mərkəzin könüllülərinin də iştirak etdiyi tədbirdə tanınmış ictimai xadimin həyat yoluna bir daha nəzər salınıb, xatirəsi yad olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş