Azərbaycanam!
Cəmi 44 gün davam edən haqq savaşımızda, Vətən müharibəsində şanlı Ordumuz elə bir Zəfər dastanı yazdı ki, bu tarixi qələbəmiz dostu sevindirdi, düşmənlərimizə isə göz dağı oldu. Zəfərimizi anlamaqda çətinlik çəkən dövlətlər qəlbi sınıq xalqın Qalib, Müzəffər Azərbaycan xalqına çevrildiyinin, igid Vətən oğullarının qanı, canı ilə dünya hərb tarixində yeni səhifə açdıqlarının, yeni salnamə yazdıqlarının şahidi oldular. Bütün bu uğurumuzun, nailiyyətimizin, tarixi qələbəmizin müəllifi, memarı isə Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun “İrəli!” əmrini ləyaqətlə yerinə yetirən Azərbaycan Ordusu oldu. 15 oktyabr 2023-cü il tarixi də Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldı. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Müzəffər Ali Baş Komandanın söylədiyi “Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir” sözləri hər kəsi qürurlandırdı. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu borclu və minnətdarıq. Bəli, rəşadətli Azərbaycan Ordusunun mətinliyi, mübarizliyi, əzmi, igidliyi, qəhrəmanlığı illər ötsə belə hər kəs tərəfindən böyük minnətdarlıq hissi ilə xatırlanacaq. Əlində üçrəngli Azərbaycan Bayrağı tutan azyaşlı uşaq, Ali Baş Komandanın "İrəli!” əmrini şərəflə icra edən gənc də, əlini açıb əsgər və zabitlərimizə dua edən yaşlı nəsil, hər kəs Azərbaycan əsgəri deyir, deyəcək də. Torpaqlarımızın bütövlüyü naminə canından keçən şəhidlərimizi böyük hörmət və ehtiramla anır, yaralı hərbçilərimizin sağalıb öz sağlamlıqlarına qovuşmaları üçün hər kəs dua edir. Üçrəngli Azərbaycan Bayrağının doğma Qarabağda, Xankəndidə, eləcə də işğaldan azad edilən digər torpaqlarımızda dalğalanmasını böyük ruh yüksəkliyi ilə qarşılayan soydaşlarımız bu tarixi ana, zəfərə görə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna sonsuz minnətdarlıq edir. Rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında qazandığı qələbələrə, şanlı zəfərə ürəkdən sevinən, Vətən müharibəsində qəhrəman oğullarımızın döyüş meydanında göstərdikləri şücaəti unutmayan Ürkməzli kənd Sənətkarlıq Evinin müdiri Gülsənəm Cəlilova (Cəlilli) bunu yazmış olduğu şeirində də bir daha oxucuların diqqətinə çatdırır. 44 günlük Vətən müharibəsindən, müharibə zamanı əldə etdiyimiz şanlı zəfərdən söz açan G.Cəlilli “Azərbaycanam!” adlı şeirində bir daha tərənnüm edir. Tarixi Qələbəmizi, şanlı Zəfərimizi özündə əks etdirən həmin şeiri təqdim edirik. Azərbaycanam! De kimdi, belə var qüruru onun?, Millətlər içində sayılır soyun?, Üçrəngli bayrağın sahibi yolun?, Mənəm, türk, müstəqil dinim islamam! İgidlər anası Azərbaycanam. Oğuz elindənəm, keçmişim bəlli, Ağır sınaqlardan keçmişəm bəlli, Qurd oğlu qurd südü içmişəm bəlli, Erkək tinətlidi əzəldən anam, İgidlər anası Azərbaycanam. Od, alovdan dönən mərd oğullarım, Dinməz daşa dönən mərd oğullarım, Şəhidlər, qazilər, polad qollarım, Torpağa "öl" sözə əyilən canam, İgidlər anası Azərbaycanam. Qarabağ öz yurdum qədim diyaram, Şah Xətai babam xan, bəyli çağam, Qılınc, qalxan, top, tüfəngli çağlarım, Küllükdə közərən köz parçasıyam, İgidlər anası Azərbaycanam. Otuz il əsirdim, düşmən əlində, Qaçqındım, köçkündüm öz ellərimdə, Döyüldüm, gücləndim günün birində, Ali Baş Komandan əmrini alan, İgidlər anası Azərbaycanam. Oğul var, anından can şəhid verir, Oğul var canından can şəhid verir, Ancaq ki, irəli, irəli deyir, Vətənçün gərək ki, öləm, canlanam, İgidlər anası Azərbaycanam. Ölməzlik bax budur Vətən bölünməz, Torpağın dirəyi şəhidlər ölməz, Amalın günəşə, günəşim sönməz, Qartal dağa, bülbül bağa uçanam, İgidlər anası Azərbaycanam. 44 gün savaşın, haqqın səsiydi, Düşmənin başında o yumruq bizik, Prezident İlhamın dövrəsindəyik, Quruda, dənizdə sönməz vulkanam, İgidlər anası Azərbaycanam. Gülsənəm, deyərik zəfər günümüz, Mübarək, mübarək zəfər günümüz, Salamın mübarək zəfər günümüz, Ordum var, güclüyəm, şöhrətli şanam, İgidlər anası Azərbaycanam.
2020-ci ilin 27 sentyabrı! Bu tarix bizi böyük Qələbəyə, şanlı Zəfərə aparan yolun başlanğıc götürdüyü tarixdir. Məhz həmin gündən başlayaraq “Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxdıq. İkinci Qarabağ savaşına qədər bizi görməyən, görmək istəməyən bütün dünyaya, beynəlxalq aləmə qüdrətli, əzəmətli Azərbaycan dövlətinin var olduğunu, hər an qalib gələ biləcək bir dövlətin mövcudluğunu bir daha nümayiş etdirdik. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əzmi, iradəsi, qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində bütün dünya qarşılarında başqa bir Azərbaycanı gördü və görməyə məcbur qaldı.
Facebook-da paylaş















