• Təqvim

  • Unutma

  • Maraq



BDU-nun Qazax filialında “Bilik Günü” qeyd olunub


Bu gün Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 15 sentyabr - "Bilik Günü” münasibətilə tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİHB aparatının məsul işçiləri, müəllim-tələbə kollektivi, valideynlər və KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin filialın binasında yerləşən büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini yad ediblər.


Sonra filialın binasında aparılmış yenidənqurma işləri və tələbələrə yaradılmış şəraitlə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq müəllim və tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Bu il filialı seçərək ali təhsil alacaq I kurs tələbələrinə yeni qədəm qoyduqları tələbəlik illərində uğurlar arzulayıb. Dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açan A.Rüstəmov təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, ölkə prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi milli dövlətçilik strategiyası və onun ayrılmaz tərkib hissəsi olan təhsil konsepsiyasının məqsədinin Azərbaycan Respublikası üçün milli, məfkurəyə sahib, mənəviyyatca zəngin, sağlam əxlaqlı, yüksək ixtisaslı mütəxəssis vətəndaş hazırlamaqdan ibarət olduğunu qeyd edib. Mövcud konsepsiyanın reallaşması üçün ali təhsil müəssisələri tərəfindən kifayət qədər uğurlu addımlar atıldığını bildirib. Qeyd edib ki, bu gün Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsini yaşamaqdadır. Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının Bakı Dövlət Universitetinin Qazax filialı kimi fəaliyyətə başlaması bu söylədiklərimizin əyani sübutudur. Təhsilin inkişafında ölkənin ən nüfuzlu universiteti olan Bakı Dövlət Universitetinin, eləcə də həmin universitetin Qazax filialının regional ali təhsil müəssisəi kimi oynadığı rolu və filialda olan şəffaf fəaliyyəti tədbir iştirakçılarının diqqətinə çatdıran filial direktoru bu amilin bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. Ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan diqqət və qayğısını bir ziyalı olaraq yüksək qiymətlədirib və ziyalılar adından öz dərin minnətdarlığını bildirib.

BDU Qazax filialının inkişaf etməsində böyük əməyi olan filialın direktoru olmuş mərhum coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyevin xatirəsinin hər zaman əziz tutulduğunu, onun daim qəlblərdə yaşadığını bildirib. Onun filialda qoyduğu ənənələrin bu gün də müəllim və tələbələr tərəfindən yerinə yetirildiyini qeyd edib.

Rayon rəhbərinin universitetə hər zaman dəstək olduğunu qeyd edən filial direktoru bu diqqət və qayğıya, səmimi münasibətə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kollektiv adından təşəkkürlərini çatdırıb. Bu gün Bilik Günü münasibətilə keçirilən tədbirdə iştirak etməsini, tələbələrin arasında olmasını, onlara səmimi təbriklərini çatdırmasını gənclərə verdiyi dəyər kimi qiymətləndirib.


Yeni tədris ilində tələbələr üçün yaradılan şəraitdən danışan A.Rüstəmov qeyd edib ki, filialda 31 dərs auditoriyası, 2 kompüter otağı, 2 fənn laboratoriyası, 1 fənn kabineti, 2 oxu zalı, idman zalı və digər tədris vasitələri tələbələrin ixtiyarında olacaqdır. Filialın göstəriciləri haqqında ürək sözlərini çatdıran A.Rüstəmov 2019-2020-ci tədris ilində BDU-nun Qazax filialında çalışan ümumi əməkdaşların sayının 179 nəfər təşkil etdiyini qeyd edib. Bildirib ki, 95 nəfər professor-müəllim heyəti tədrisə cəlb olunub ki, bunlardan 1 nəfər akademik, 3 nəfər professor, 20 nəfər elmlər namizədi, dosentdir (11 nəfər dosent, 9 elmlər namizədi). 12 nəfər baş müəllim, 59 nəfər isə müəllim kimi fəaliyyət göstərir.

Filial direktoru 2019-2020-ci tədris ilində 1 yeni ixtisas (Azərbayan dili və ədəbiyyat, qiyabi) əlavə olunmaqla ümumilikdə 17 ixtisas üzrə əyani şöbəyə, 4 ixtisas üzrə qiyabi şöbəyə qəbul aparıldığını bildirib. Respublikanın 58 regionu üzrə 550 tələbənin qəbul olduğunu söyləyib. Bu tədris ilində 6 nəfər tələbənin 500 baldan, 47 nəfər tələbənin 400 baldan (2018-2019-cu tədris ili üzrə 16 nəfər), 306 nəfər tələbənin isə 300 baldan (2018-2019-cu tədris ili üzrə 172 nəfər) yuxarı nəticə göstərdiklərini bildirib. Hazırda filialda 1527 nəfər tələbənin təhsil aldığını (147 nəfər qiyabi təhsil alan) diqqətə çatdırıb və yeni tədris ilində bütün tələbələrə bir daha uğurlar arzulayıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə tələbələri, onların valideynlərini, müəllimləri səmimi qəlbdən təbrik edib, I kursa daxil olan tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar qazanmağı arzulayıb. Bildirib ki, "Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyev də ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verməkdədir. 

Rayon rəhbəri çıxışında son illər ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımların atılmasında Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın da danılmaz xidmətləri olduğunu bildirib. İcra başçısı Fond tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində bütün bölgələrimizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, yeni-yeni məktəblərin inşa olunmasını və ya əsaslı şəkildə yenidən qurulmasını bu sahədə görülən işlərin bariz nümunəsi kimi qiymətləndirib. 5 illik Dövlət Proqramında təmiri nəzərdə tutulan məktəblərdən birinin Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin istismara yararsız olmasının nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulduğunu bildirib. Bundan başqa, həmin Dövlət Proqramında əksini tapan daha bir məktəbin - Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin də Fond tərəfindən əsaslı tikintisinin nəzərdə tutulduğunu və yaxın günlərdə təmirinə başlanılacağını vurğulayıb.  

İcra başçısı qeyd edib ki, 2018-2019-cu tədris ilində BDU Qazax filialının riyaziyyat və informatika, tarix və coğrafiya müəllimliyi ixtisasları üzrə təhsil alan V kurs tələbələrinin M.Hüseyn adına humanitar və təbiət fənlər üzrə məktəb-liseydə keçirilən aktiv pedaqoji təcrübə zamanı göstərdikləri nəticələr bir daha onu sübut etdi ki, filialda yüksək ixtisaslı kadrlar formalaşır. Mən əminəm ki, siz gənclər də dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək öz bilik və bacarıqlarınızı, əldə etdiyiniz nailiyyətləri hər zaman artıracaqsınız. Bu işdə hər birinizə uğurlar arzu edirəm.

 

Filialın ictimai və təbiət fənləri kafedrasının müəllimi Ülviyyə Bayramova çıxış edərək ölkəmizdə təhsil sahəsinə olan diqqət və qayğıdan danışıb. Məhz həmin qayğı sayəsində bu gün Azərbaycanda savadlı gənclər ordusunun formalaşdığını vurğulayıb. Tələbələrə müstəqil Azərbaycanın çiçəklənməsi naminə gələcəkdə layiqli vətəndaş və yüksək ixtisaslı mütəxəssislər kimi yetişməyi arzulayıb.


Valideyn Elmira Bayramova təhsil sahəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açıb. Bütün valideynlər adından ölkə başçısına, rayon rəhbərliyinə, eləcə də filialın kollektivinə gənclərə göstərilən yüksək qayğıya görə minnətdarlığını çatdırıb. Övladının filialı seçməsinə səbəb olaraq burada peşəkar müəllim-professor heyətinin, keyfiyyətli təhsilin və ən əsası da şəffaflığın olmasını bildirib.


558 bal toplayaraq filialın riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olmuş I kurs tələbəsi Nailə Qasımova onlara göstərilən diqqət və qayğıya görə tələbə yoldaşları adından ölkə başçısına və Birinci vitse-prezidentə öz dərin minnətdarlığını bildirib. Bu filialı seçməklə düzgün addım atdığını, burada ali təhsil almaq üçün hər cür şəraitin olduğunu qeyd edib.

Sonda I kursa ən yüksək balla daxil olan tələbələrdən Nailə Qasımovaya (riyaziyyat və informatika müəllimliyi, 558 bal), Mədinə Mustafayevaya (tarix müəllimliyi, 553 bal), Sultan Yaqubovaya (Azərbaycan dili və ədəbiyyat müəllimliyi, 534 bal), Aytac Ramazanovaya (riyaziyyat müəllimliyi, 534 bal), Emil Həmidova (tarix və coğrafiya müəllimliyi, 521 bal), Sənəm Abadovaya (riyaziyyat və informatika müəllimliyi, 504 bal)  gül dəstəsi və tələbə biletləri təqdim olunub.








GOYEZEN.AZ



Facebook-da paylaş