YAP Qazax Rayon Təşkilatında 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub
Bu gün Yeni Azərbaycan
Partiyası (YAP) Qazax Rayon Təşkilatında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə
tədbir keçirilib. Təşkilatın akt zalında keçirilən tədbirdə Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, "Qazax”
Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, partiya fəalları, idarə,
müəssisə və təşkilat rəhbərləri, gənclər və KİV nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin təşkilatın
binasında yerləşən büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük
ehtiramla yad ediblər. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq 15
İyun – Milli Qurtuluş Günü münasibətilə ölkə Prezidenti İlham Əliyev, Birinci
vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla xalqımızı, tədbir
iştirakçılarını təbrik edib, onlara möhkəm cansağlığı və xalqımızın
xoş gələcəyi naminə fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, XX əsrin
son illəri Azərbaycan üçün taleyüklü sınaq məqamları ilə zəngin olmuşdur.
İctimai-siyasi, iqtisadi və mənəvi sahələrdə əldə edilmiş nailiyyətlər,
həlledici anlarda Vətənin və xalqın nicatı Heydər Əliyevin xalqla birliyi və
uzaqgörən siyasəti ilə bilavasitə bağlıdır. 70 illik ağır sınaqlarla
dolu bir yol keçən Azərbaycan azadlıq uğrunda mübarizədə neçə-neçə oğlunu
qurban vermişdir. Hakimiyyət davası və səriştəsizlik, torpaqlarımızın mənfur
erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə şərait yaradırdı.
Azərbaycanı bu bəladan xilas etmək, iqtisadi böhranlardan qorumaq üçün qüdrətli
bir əl, dərin zəka, güclü məntiqə malik bir şəxsiyyət lazım idi. Belə bir
şəxsiyyət isə Heydər Əlirza oğlu Əliyev idi. Təbii ki, xalq yeganə çıxış yolunu
Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görürdü. İcra başçısı qeyd edib ki,
ümummilli lider Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli dövrlərində
Azərbaycanı yaşatmaq kimi ağır yükün altına girən fenomenal şəxsiyyət olduğu
danılmazdır. Ulu öndər siyasi və dövlətçilik fəaliyyətinin bütün mərhələlərində
Vətənə, xalqa, torpağa sonsuz məhəbbət, qurub-yaratmaq arzusu ilə yaşamış,
milli ideyalara bağlı olmuşdur. Ümummilli lider bütün zəngin və mənalı həyatı
boyu həmişə Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən xilas
etmək üçün misilsiz fədakarkarlıqlar göstərmişdir. Xalqın səsinə səs verən
ümummilli lider hakimiyyətə gələn kimi ilk növbədə qanunsuz silahlı dəstələrin
fəaliyyətinə son qoydu, daxildə asayişi bərpa etdi. Beləliklə, Azərbaycan
parçalanıb dağılmaq və müstəqilliyini itirmək təhlükəsindən qurtuldu. Qısa bir
müddət ərzində ölkədəki böhran aradan qaldırıldı, vətəndaş müharibəsinin
qarşısı alındı. Rayon rəhbəri vurğulayıb
ki, indi hər il Azərbaycan xalqı iyunun 15-ni Milli Qurtuluş Günü kimi bayram
edir. Həmin gün Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkə əhalisi
rahat nəfəs almağa başladı. O vaxt xalqımızın böyük oğlu demişdir: "Mən həyatımın
qalan hissəsini öz xalqıma həsr edəcəyəm”. Ümummilli liderimiz bunu yorulmaz
fəaliyyəti, məqsədyönlü işi və sanballı əməlləri ilə sübuta yetirdi. Bir əsrdə ikinci dəfə milli
dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qalan Azərbaycan xalqı yalnız Heydər
Əliyev dühasına arxalanaraq öz dövlətini qorudu. Xalq öz böyük, sınanmış
liderinin sayəsində Milli Qurtuluşa nail oldu. Heydər Əliyev bu yolda gördüyü
işlərlə, iqtisadi islahatlar, hüquqi demokratik dövlət quruculuğu və ölkəmizin
dünyaya inteqrasiyası sahəsindəki fəaliyyəti nəticəsində XX və XXI əsr
Azərbaycanın ən görkəmli şəxsiyyəti kimi dünya tarixinə düşdü. Ən böyük
xoşbəxtlik ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət idarəçiliyi
strategiyasının bu gün onun ideyalarına sadiq olan Respublika Prezidenti
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Ulu öndərin vaxtilə dediyi
fikirlər bu gün öz təsdiqini bir daha tapır: "İnanıram ki, mənim axıra çatdıra
bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və
dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və
gələcəyinə böyük ümidlər bəsləyirəm”. Prezident İlham Əliyevin
siyasi uzaqgörənliyi, diplomatik məharəti, dünya iqtisadiyyatında gedən
prosesləri dərindən bilməsi nəticəsində bu gün müstəqil Azərbaycan yeni inkişaf
dövrünü yaşayır. "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında respublikamızın
yeni inkişaf mərhələsində əsas hədəfinin çoxşaxəli, səmərəli və
innovasiya yönümlü iqtisadiyyat olduğu göstərilmişdir. Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən
də milli-maddi və qeyri-maddi mənəvi irsimizin qorunub saxlanılması, təbliği,
mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində
xeyli iş görülmüşdür.
YAP Qazax Rayon Təşkilatının sədri Həmid Pənahov
geniş məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan xalqının taleyində böyük
əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını
müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi
tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli
Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai,
siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl
qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub
saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına
arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir. H.Pənahov bildirib ki, XX əsrin sonlarında yenidən
müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan
sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü
ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü.
Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət
müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə,
1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq,
avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə
yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan,
siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi
vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə
görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar
əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün
nəticə çıxara bilmirdi. Azərbaycan torpaqlarının Ermənistan silahlı
qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət,
əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə
biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu
şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə
bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə
şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi.
Xalqımız Heydər Əliyevin ətrafında sıx
birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə,
1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək
Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli
hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin
gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük
qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə
həmin gündən başlandı. H.Pənahov qeyd edib ki, bu gün qazanılan bütün
nailiyyətlərin əsasında ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi
kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı
dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan
görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər
Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Prezident İlham
Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın
dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan
dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb.
Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana
gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız
əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident
İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
"Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin
sədri, professor İlham Pirməmmədov çıxış edərək əlamətdar gün münasibətilə
Azərbaycan xalqını, qazaxlıları və tədbir iştirakçılarını təbrik edib, səmimi
arzularını çatdırıb. 15 iyun 1993-cü ilə kimi, hətta ondan sonra Azərbaycan
xalqının həyatında olan keşməkeşli günlərdən söz açıb. Qeyd edib ki, Heydər
Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya
azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə
çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr
etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və
qurucusu kimi yer tutub. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani
keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan
xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul
edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun -
Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. O, ulu öndərin
Azərbaycan xalqı ilə bağlı ideyalarının bu gün ölkə başçısı İlham Əliyev
tərəfindən uğurla reallaşdırıldığını vurğulayıb. YAP Qazax Rayon Təşkilatının Şura üzvü Səfurə
Rəhimova, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl
Süleymanov, YAP Qazax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü çıxış
edərək o dövrdə ölkədə baş verən hadisələrdən, xalqın tələbi ilə ulu öndər,
ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə
gəlməsindən, dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınmasından
danışıblar.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışı ölkəni xaosdan və dövlətçiliyini itirmək təhlükəsindən
xilas etdi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev
özünün siyasi yenilməzliyi və qətiyyəti ilə Azərbaycan dövlətçiliyini ağır
faciələrdən xilas etdi. 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə Azərbaycan
demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının
qorunmasını və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi
müəyyənləşdirdi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən
seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi
bazasının yaradılmasına geniş imkanlar açdı. Beləliklə, Azərbaycanın beynəlxalq
arenada özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi
istiqamətində qlobal işlərə start verildi.
Facebook-da paylaş