• Təqvim

  • Maraq

Qazaxda icra başçısı şəhid bacısının nişan mərasimində iştirak edərək ona xoş arzularını çatdırıb

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu da Şəhidlik zirvəsinə yüksəldi.

Yuxarı Salahlı kəndinin igid oğlu gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndinin igid oğlu gizir Əhmədov Elvin Qələndər oğlu, Qazaxın igid oğulları (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndinin igid oğlu əsgər Nəsibov Akşin Vasif oğlu antiterror tədbirləri zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdilər. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan İlham, Elvin, Ramin, Fərid, Akşin kimi qəhrəman oğullarımızın şücaəti, igidliyi sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

Döyüş meydanında göstərdiyi igidliyə, qəhrəmanlığa görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni “Vətən uğrunda” medalı ilə təltif olunmuş əsgər Nəsibov Akşin Vasif oğlunun əziz xatirəsi qəlbimizdə əbədi yaşayır.

Bu gün – iyulun 5-də Akşin Nəsibovun ailəsində xoş gündür. Qəhrəman şəhidimizin ruhu şaddır. İgid Vətən oğlunun bacısı Nəsibova Rəqsanə Vasif qızı ailə həyatı qurmaq üçün ilk addımını atır. Bu gün onun nişan günüdür.

Rəhbər təyin olunduğu ilk gündən şəhid ailələrinə, qazilərimizə qayğı ilə yanaşan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhid bacısının nişan mərasimində iştirak edib, bu xoş gündə onun və ailəsinin yanında olub. İcra aparatının məsul şəxsləri ilə birlikdə şəhidimizin atası Vasif Nəsibova, eləcə də bəyin atasına gözaydınlığı verən rayon rəhbəri səmimi ürək sözlərini, xoş arzularını səsləndirib. Şəhid bacısının nişan mərasimində iştirak edənlərə razılığını ifadə edib. İcra başçısı şəhidimizin bacısını və bəyi ailə həyatı qurması, nişan günü münasibətilə təbrik edib, onlara yenicə qədəm qoyduqları həyatlarında xoşbəxtlik, ailə səadəti arzulayıb. “Özümə borc bildim ki, sizlərin kədərli günündə olduğu kimi, xoş gününüzdə də yanınızda olum. Sizlər tək deyilsiniz, sizlərin arxasında dövlət dayanır. Nə qədər Azərbaycan xalqı və dövləti var şəhidlərimizin ailəsi hər zaman əziz tutulacaq”, - deyən rayon rəhbəri bir daha səmimi təbriklərini çatdırıb. Qeyd olunub ki, şanlı Azərbaycan Ordusu tərəfindən Vətən uğrunda canından keçən şəhidlərimizin, eləcə də Akşin kimi qəhrəmanımızın qisası alındı, igid Vətən oğullarının qanları yerdə qalmadı. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında qürur dolu anlar bəxş edən oğullarımız, qəhrəmanlarımız heç vaxt unudulmayacaq. Akşin Nəsibov kimi oğullarımız hər zaman xalqımızın qürur və fəxr yeri olacaq. Vurğulanıb ki, Akşin antiterror tədbirlərində 19 yaşında əsl qəhrəmanlıq nümayiş etdirdi, şücaəti ilə adını tarixə yazdı. Bu igidlik, qəhrəmanlıq yetişməkdə olan gələcək nəsillərə bir örnək və məktəbdir.

Nəsibov Akşin Vasif oğlu 10 mart 2004-cü ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 2010-2019-cu illərdə Qazax rayon Canalı kənd tam orta məktəbində təhsil almışdır. 2019-cu ildə məktəbin 11-ci sinifini bitirmiş və həmin il Qazax Dövlət Sosial-İqtisadi Kollecin mühasibat uçotu fakültəsinə qəbul olmuşdur. 2022-ci ildə kolleci bitirərək 27.10.2022-ci il tarixdə həqiqi hərbi xidmətə yola düşmüşdür. Nəsibov Akşin Vasif oğlu 19.09.2023-cü ildə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ağdərə rayonu istiqamətində şəhid olmuşdur. Nəşi 20.09.2023-cü ildə doğulduğu Canalı kəndinə gətirilmişdir. 21.09.2023-cü ildə Canalı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən əsgər Akşin Nəsibov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz əsgər Akşin Nəsibovun adı verilib.




Facebook-da paylaş


{sape_links}