Əsas Səhifə > Manşet / Rəsmi > YAP Qazax Rayon Təşkilatında 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub
YAP Qazax Rayon Təşkilatında 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub14-06-2019, 23:10 |
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Təşkilatın akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, partiya fəalları, idarə, müəssisə və təşkilat rəhbərləri, gənclər və KİV nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin təşkilatın binasında yerləşən büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla xalqımızı, tədbir iştirakçılarını təbrik edib, onlara möhkəm cansağlığı və xalqımızın xoş gələcəyi naminə fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, XX əsrin son illəri Azərbaycan üçün taleyüklü sınaq məqamları ilə zəngin olmuşdur. İctimai-siyasi, iqtisadi və mənəvi sahələrdə əldə edilmiş nailiyyətlər, həlledici anlarda Vətənin və xalqın nicatı Heydər Əliyevin xalqla birliyi və uzaqgörən siyasəti ilə bilavasitə bağlıdır. 70 illik ağır sınaqlarla dolu bir yol keçən Azərbaycan azadlıq uğrunda mübarizədə neçə-neçə oğlunu qurban vermişdir. Hakimiyyət davası və səriştəsizlik, torpaqlarımızın mənfur erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə şərait yaradırdı. Azərbaycanı bu bəladan xilas etmək, iqtisadi böhranlardan qorumaq üçün qüdrətli bir əl, dərin zəka, güclü məntiqə malik bir şəxsiyyət lazım idi. Belə bir şəxsiyyət isə Heydər Əlirza oğlu Əliyev idi. Təbii ki, xalq yeganə çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görürdü. İcra başçısı qeyd edib ki, ümummilli lider Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli dövrlərində Azərbaycanı yaşatmaq kimi ağır yükün altına girən fenomenal şəxsiyyət olduğu danılmazdır. Ulu öndər siyasi və dövlətçilik fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət, qurub-yaratmaq arzusu ilə yaşamış, milli ideyalara bağlı olmuşdur. Ümummilli lider bütün zəngin və mənalı həyatı boyu həmişə Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən xilas etmək üçün misilsiz fədakarkarlıqlar göstərmişdir. Xalqın səsinə səs verən
ümummilli lider hakimiyyətə gələn kimi ilk növbədə qanunsuz silahlı dəstələrin
fəaliyyətinə son qoydu, daxildə asayişi bərpa etdi. Beləliklə, Azərbaycan
parçalanıb dağılmaq və müstəqilliyini itirmək təhlükəsindən qurtuldu. Qısa bir
müddət ərzində ölkədəki böhran aradan qaldırıldı, vətəndaş müharibəsinin
qarşısı alındı.
Rayon rəhbəri vurğulayıb ki, indi hər il Azərbaycan xalqı iyunun 15-ni Milli Qurtuluş Günü kimi bayram edir. Həmin gün Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkə əhalisi rahat nəfəs almağa başladı. O vaxt xalqımızın böyük oğlu demişdir: "Mən həyatımın qalan hissəsini öz xalqıma həsr edəcəyəm”. Ümummilli liderimiz bunu yorulmaz fəaliyyəti, məqsədyönlü işi və sanballı əməlləri ilə sübuta yetirdi. Bir əsrdə ikinci dəfə milli dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qalan Azərbaycan xalqı yalnız Heydər Əliyev dühasına arxalanaraq öz dövlətini qorudu. Xalq öz böyük, sınanmış liderinin sayəsində Milli Qurtuluşa nail oldu. Heydər Əliyev bu yolda gördüyü işlərlə, iqtisadi islahatlar, hüquqi demokratik dövlət quruculuğu və ölkəmizin dünyaya inteqrasiyası sahəsindəki fəaliyyəti nəticəsində XX və XXI əsr Azərbaycanın ən görkəmli şəxsiyyəti kimi dünya tarixinə düşdü. Ən böyük xoşbəxtlik ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət idarəçiliyi strategiyasının bu gün onun ideyalarına sadiq olan Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Ulu öndərin vaxtilə dediyi fikirlər bu gün öz təsdiqini bir daha tapır: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik məharəti, dünya iqtisadiyyatında gedən prosesləri dərindən bilməsi nəticəsində bu gün müstəqil Azərbaycan yeni inkişaf dövrünü yaşayır. "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında respublikamızın yeni inkişaf mərhələsində əsas hədəfinin çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyat olduğu göstərilmişdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən də milli-maddi və qeyri-maddi mənəvi irsimizin qorunub saxlanılması, təbliği, mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində xeyli iş görülmüşdür.
YAP Qazax Rayon Təşkilatının sədri Həmid Pənahov geniş məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir. H.Pənahov bildirib ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. H.Pənahov qeyd edib ki, bu gün qazanılan bütün nailiyyətlərin əsasında ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
"Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov çıxış edərək əlamətdar gün münasibətilə Azərbaycan xalqını, qazaxlıları və tədbir iştirakçılarını təbrik edib, səmimi arzularını çatdırıb. 15 iyun 1993-cü ilə kimi, hətta ondan sonra Azərbaycan xalqının həyatında olan keşməkeşli günlərdən söz açıb. Qeyd edib ki, Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. O, ulu öndərin Azərbaycan xalqı ilə bağlı ideyalarının bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla reallaşdırıldığını vurğulayıb. YAP Qazax Rayon Təşkilatının Şura üzvü Səfurə Rəhimova, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov, YAP Qazax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü çıxış edərək o dövrdə ölkədə baş verən hadisələrdən, xalqın tələbi ilə ulu öndər, ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınmasından danışıblar. GOYEZEN.AZ
Geri qayıt |