“Mən qorxuya qalib gəldim!” qrant layihəsi çərçivəsində keçirilən təlimlər öz töhfəsini verir
VIII qrant müsabiqəsinin qalibi olan “Mən qorxuya qalib gəldim!” layihəsinin icrası uğurla davam edir.
Layihə çərçivəsində təşkil edilən təlimlərdə şagirdlərə bullinq situasiyasına uyğun düzgün davranış qaydaları nümayiş etdirilir, bulinqin fəsadları haqqında geniş məlumatlar verilir. Bununla yanaşı, bulinqə aid videofilmlərə baxılıb müzakirələr aparılır, yarana biləcək mənfi hallar daha dərindən tədqiq edilir. Hər bir qrupda 20-25 nəfər şagird olmaqla, 15 qrup yaradılıb və hər qrup ayda 1 dəfə olmaqla bullinq əleyhinə maarifləndirici əyani dərslər keçirilir.
Qeyd edək ki, layihə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin müəllimi Nailə Əfəndiyeva tərəfindən həyata keçirilir. 430 nəfər şagirdi əhatə edərək şagirdlərin aqressiv davranışının qarşısının alınması üçün bullinq qurbanlarına özünümüdafiə və düzgün davranış vərdişləri aşılamaq məqsədi daşıyır.
Şagirdlər fiziki və sosial bullinqin fəsadları və ondan qorunmağın yolları haqqında biliklərə yiyələnirlər. Şagirdlərə bulinqə məruz qaldıqda necə davranmalı, kimə müraciət etməli, özgüvənlərini artırmağın yolları aşılanır. Məktəbdaxili və sinifdaxili bullinq baş verməməsi üçün münasibətlərin düzgün qurulması, bullinq edən şəxsin özünə psixoloji köməyin lazım olduğunu və ona necə dəstək olunması haqqında bilgili olurlar. İbtidai sinif şagirdlərinə sinifdaxili ünsiyyəti yaxşılaşdırmaq üçün oyunlar təşkil olunur. Maarifləndirici təlimlərə həmçinin valideynlər də cəlb olunur. Onlar övladlarının bullinqə məruz qaldıqları halda hansı addımları atmalı olduqları haqda maariflənirlər. Ümumiyyətlə, hər iki təlim istiqaməti üzrə təlimə cəlb olunanlar məruz qaldıqları, lakin illər boyu heç kimə danışmadıqları şiddət hekayələrini danışaraq daxilən rahatlaşırlar.
Layihə çərçivəsində şagirdlər arasında aqressiv davranışın qarşısını almaq və bullinq qurbanlarına özünümüdafiə və düzgün davranış vərdişləri aşılamaq üçün antibullinq profilaktik tədbirləri həyata keçirilir.
Eyni zamanda, bullinqə məruz qalan və bullinq edən şagirdlər müəyyən edilir, onlara dəstək görüşləri keçirilir.
Facebook-da paylaş