• Təqvim

  • Unutma

  • Maraq



Ulu Öndərlə olan hər görüşümüz yaddaşıma xoş xatirə kimi yazılıb


Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan edilib. Bu Sərəncam və "Heydər Əliyev İli" 2023-cü il mayın 10-da 100 illiyini təntənə ilə qeyd edəcəyimiz Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyatını, fəaliyyətini, xalqı qarşısında olan misilsiz xidmətlərini gələcək nəsillərə çatdırmaq üçün bizə verilən ən böyük şansdır. Prezident İlham Əliyevin də söylədiyi kimi: “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb”.

Bəli, bizlər də vətəndaş olaraq gələcək nəsillərə çatdırmalıyıq ki, illər ötsə belə Azərbaycan xalqının Ümummilli Lideri, dünyaşöhrətli siyasi xadim Heydər Əliyev xalqımızın yaddaşında daim müdrik lider, ideoloq, müasir müstəqil Azərbaycanın qurucusu kimi yaşayır və bundan sonra da əbədi yaşayacaq... 

İki dəfə Ulu Öndər Heydər Əliyevlə görüşmüş, Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova da Dahi şəxsiyyət Heydər Əliyevlə bağlı ölkə rəhbərinin imzaladığı Sərəncamı sonsuz minnətdarlıqla qarşılayır. Gövhər müəllim qeyd edir ki, “Heydər Əliyev İli” Azərbaycan xalqının böyük oğluna olan sonsuz hörmət və ehtiramını bir daha nümayiş etdirmək üçün Prezidentin bizlərə ən böyük töhfəsidir. Dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Ulu Öndər məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək üçün bizə yaradılan imkandır. Gövhər müəllim bizi qarşıda daha məsuliyyətli bir ilin gözlədiyini və bu ili Dahi rəhbərin adına layiq şəkildə başa vurmalı olduğumuzu bildirir.  

“Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevirdi”, - deyən Gövhər Rəhimova Onun həmişə uşaqlara məhəbbətlə ­yanaşdığını, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa ­çalışdığını, necə deyərlər, hər şeyin yaxşısını uşaqlara verdiyini qeyd edir. Məhz ölkəmizdə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasətinin hər kəsə örnək, eyni zamanda bir məktəb olduğunu söyləyir. 

Gövhər müəllim uzun illər təhsil sahəsində, eyni zamanda uşaqlarla çalışan bir ziyalı kimi, fəaliyyəti dövründə hər zaman Ümummilli Lider Heydər Əliyevin söylədiyi “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” dəyərli fikirləri əldə rəhbər tutduğunu vurğulayır. Uşaqlara sevginin, qayğının, ata, baba məhəbbətinin bariz nümunəsini Ulu Öndərin şəxsində gördüyünü və bunu heç zaman unutmadığını qeyd edir.

Gövhər müəllim Ulu Öndər Heydər Əliyevin tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadınına verdiyi dəyəri, qadınlara göstərdiyi diqqət və qayğını da minnətdarlıq hissi ilə xatırlayır. Dahi şəxsiyyətin milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımızın fəaliyyətinə, əməyinə hər zaman yüksək qiymət verdiyini bildirir.  


“Ulu Öndərlə olan hər görüşümüz yaddaşıma xoş xatirə kimi yazılıb”, - deyən Gövhər müəllim həmin xoş anları belə xatırlayır: 

1998-ci il sentyabr ayının 25-də Azərbaycanda keçirilən Qadınlar Qurultayının  nümayəndəsi olmuşam. Ölkəmizdə keçirilən və sayca 11-ci olan həmin Qurultayda  dünya şöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyev də iştirak edirdi. Qurultayda Dahi rəhbərin Azərbaycan qadınlarının ünvanına səsləndirdiyi dəyərli fikirləri, biz qadınlara verdiyi yüksək qiyməti bu gün də minnətdarlıqla xatırlayıram. Heç vaxt unutmadım və bundan sonra da unutmayacam. O da yaxşı xatirimdədir ki, Qurultayın sonunda elan olundu ki, cənab Prezident bölgələr üzrə Qurultay nümayəndələri ilə xatirə şəkili çəkdirəcək. Gəncə-Qazax bölgəsi birlikdə çəkdirməli idi. Bizim rayondan olan nümayəndələrin bir neçə nəfəri başqa rayondan olan nümayəndələrlə qarışıq şəkil çəkdirdi. Mən  gördüm   ki, biz arxa tərəfə düşdük. Fikirləşdim ki, Ulu Öndərə yaxınlaşım, yaxınlaşdım da. Dedim ki, cənab Prezident biz - qazaxlılar Sizinlə ayrıca şəkil çəkdirmək istəyirik. Bərkdən güldü, tez darağını pencəyinin cibindən çıxardı, saçını daradı və gəlin qızım dedi. Və bizimlə şəkil çəkdirdi. İllər ötüb, lakin Ulu Öndərin səmimiyyəti, bizlərə olan xoş münasibəti bu gün də gözlərim önündə canlanır. O, sadəliyi, insani xüsusiyyətləri ilə hər birimizə örnək idi”. 

Gövhər müəllim Ulu Öndərin 1998-ci ilin 7 oktyabrında Qazax rayonuna səfərini və onunla olan görüşünü də qürurla xatırlayır və fikirlərini belə ifadə edir: 

- Ulu Öndər oktyabrın 7-də rayonumuza səfər edərkən Heydər Əliyev parkının girəcəyində dayandı və əvvəlcə Qazax Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı ilə  görüşdü. Sonra mənimlə görüşdü və görən kimi dedi: “Qızım xoş gördük, Qurultaydakı qız”. Mən Ulu Öndəri salamladım, rayonumuza xoş gəlmisiniz dedim. Soruşdu işləriniz necədi? Mənimlə söhbətindən sonra uşaqlardan iki nəfəri Prezidentə həsr olunmuş şeirlər söylədilər. Təbii ki, gül-çiçəklə qarşıladıq. Birinci çıxış edən uşağı öpdü, qucağına alıb yuxarı qaldırdı və dedi qızım gəl bir şəkil çəkdirək. Biz xatirə şəkili çəkdirdik. Sonra tədbir parkda pilləkanların yuxarı hissəsində davam etdi. Həm mənim, həm də uşaqların yaddaşına unudulmaz anlarla yazılan həmin görüşü illər keçsə belə həmişə minnətdarlıqla xatırlayıram. Dahi şəxsiyyətin uşaqlara olan sevgisinin, qayğısının yaxından şahidi olduğum üçün özümü hər zaman şanslı hesab etmişəm və çalışmışam ki, həmin qayğını öz fəaliyyətimdə əks etdirə bilim”.

Gövhər müəllim qeyd edir ki, dövlətçiliyimizə olan sədaqət üzərində qurulmuş 40 illik fəaliyyətimin ən yaddaqalan, həyatıma qızıl hərflərlə yazılmış illəri - 1998-ci il, sonra isə 2004, 2007-ci illərdə rayonumuza səfər edən cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qarşılanmasında mənə etibar edilən  vəzifəmdə rəhbər olaraq iştirak etməyimdi. Bu gün fəxr və inamla deyə bilərəm ki, bütün əmək fəaliyyətim dövründə dövlətimizin inkişafı naminə mən əlimdən gələni etmişəm və bundan sonra da edəcəyəm.    

Gövhər müəllim bildirir ki: "Heydər Əliyev İli"ndə Mərkəzimizdə Dahi rəhbərin, böyük şəxsiyyətin adına layiq tədbirlər keçirmək, Onun Azərbaycanın inkişafı naminə həyata keçirdiyi işləri, misilsiz xidmətləri olduğu kimi gələcək nəsillərə çatdırmaq rəhbərlik etdiyim kollektivlə, dərnək üzvlərimlə birlikdə üzərimizə düşən ən ümdə vəzifədir. Bu vəzifənin öhtəsindən layiqincə gəlmək üçün isə var qüvvəmizlə çalışacağıq”.  



Facebook-da paylaş