• Təqvim

  • Maraq



Əziz Şuşa, sən azadsan!


Otuz il idi ki, bu xəbərin yolunu gözləyirdik. Ölkə başçımızın xoş müjdəsi illərdir qubar bağlayan ürəyimizin başına sanki sərin su səpdi. Dəmir yumruğun zəfər yolu mənfur düşmənin tapdağı altında inləyən torpaqlardan keçərək müqəddəs mədəniyyət məbədimiz olan Şuşaya da çatdı.

Dünən Paşinyanın qol qaldırıb yallımızla halay getdiyi Cıdır düzümüz azad nəfəs aldı, öz əzəli və əbədi doğmalarına qucaq açdı. Bu məqamda Paşinyana demək istəyirəm, şanlı tarixi, rəsmi dövlət dili, öz adət-ənənəsi olan 50 milyonluq bir xalqı məğlub etmək sənin həddin deyil. Nə oldu, Paşinyan? O oldu ki, sənin hərb meydanında qoyub qaçdığın papağın “Müharibə qənimətləri parkında” nümayiş olunur. Papağın da nə olduğunu bilməmiş olmazsan...

Çox şükürlər, qələbə xəbərinin sevincini yaşadıq. Dəmir yumruq ətrafında birləşən cəngavər əsgərlərimiz Şuşanı ağır texnika olmadan, əlbəyaxa döyüşlə düşməndən tamamilə təmizlədi. Xan qızı Natəvanın, Üzeyir bəyin, Bülbülün, Xan əminin yatan ruhları baş qaldırıb salama gəldi.

2022-ci ilin Ali Baş Komandanımızın Sərəncamı ilə “Şuşa İli” elan edilməsi xalqımızın ürəyincə oldu. Bir-birinin ardınca Şuşamızda keçirilən musiqi və poeziya festivalları, aparılan abadlıq, quruculuq işləri dağı-daşı dilə gətirdi. Yağı düşmənə dağ üstündən dağ çəkdi. Cıdır düzü yenidən qaynayıb daşdı, gülüş səsləri dağlarda əks-səda verdi. Xarı bülbül gülü rayihəli ətrini saçdı. Qartallar ənginliklərə baş vurdu. Sevincdən yal-yamacların dodağı çatladı.

Pənahəli xana, İbrahimxəlil xana, neçə-neçə sənət, söz adamlarına bu toy-büsat ayan oldu. İsa bulağı, Turşsu, Daşaltı çayı yenə öz nəğməsini oxumağa başladı...

Əziziyəm Şuşadı,

Bura cənnət guşədi.

Dağı, daşı xəzinə,

Bulaqları şüşədi!

Müqəddəs torpaqlara qovuşmaq üçün şirin canından keçən, ölməzlik simvolu olan şəhidlərimiz haqqınızı halal edin. Halal edin ki, vicdanımız rahatlıq tapsın. Yoxsa o dünyamız bizi bağışlamaz.

Bu kiçik yazımı möhtərəm Prezidentimizin Şuşaya müraciətən ürəyindən süzülüb gələn sözləri ilə də bitirmək istəyirəm:

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz gəlmişik!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Mən isə deyirəm: Azadlıqdakı 270-ci yaşın mübarək, Əziz Şuşam!

Heyran VƏKİLOVA,  

Bakı Dövlət Universitetinin Qazax filialının baş müəllimi



Facebook-da paylaş