• Təqvim

  • Maraq



Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri 8 Noyabr - Zəfər Günü ərəfəsində şəhidlərimizi ehtiramla anıblar


2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. Bu Qələbə Qafqazda və ümumilikdə, regionda terrorçu və faşizm rejiminin süqutuna səbəb oldu. Ölkə başçısı İlham Əliyev noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciəti zamanı bu barədə demişdir: “Mən bir daha deyirəm və hər dəfə deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”.

Son 30 il ərzində Ermənistana rəhbərlik edən terrorçu və quldur dəstələrin apardıqları destruktiv siyasət nəticəsində münaqişənin danışıqlar yolu ilə həllində diplomatik sahədə müsbət nəticələr əldə etmək mümkün olmadı. Hər dəfə danışıqları uzatmaq, münaqişəni donmuş vəziyyətdə saxlamaq və işğal olunmuş əraziləri Azərbaycana qaytarmamaq Ermənistan dövlətinin əsas məqsədi idi. Lakin, Azərbaycan Ordusunun peşəkarlığı və möhtərəm Prezidentimizin mahir hərbi strateq təcrübəsi nəticəsində bu siyasət iflasa uğradı. Bu gün isə 8 Noyabr – Zəfər Gününü Azərbaycan xalqı qalib ölkənin vətəndaşı olaraq qeyd edir. 

8  Noyabr – Zəfər Gününü qürurla qeyd edən Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri bu zəfəri bizlərə bəxş edən şəhidlərimizi də unutmurlar. 

Kollecin tələbələri hər gün dərsdən sonra 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Günü münasibətilə rayonun müxtəlif yerlərinə ekskursiya edirlər.
Bu gün Kollecin maliyyə işi və aqrar fermer təsərrüfatı qrupunun tələbələri şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək igid Vətən oğullarının əziz xatirəsini ehtiramla anıblar.


Qazax Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya edərək muzeyin 2-ci mərtəbəsində Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə ilə tanış olublar.


Daha sonra tələbələr şəhərin Nəriman Nərimanov küçəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini ziyarət ediblər.

Ziyarət zamanı Azərbaycanın Vətən müharibəsi zamanı möhtəşəm Qələbə qazanmasını, 30 il düşmən işğalı altında qalmış torpaqlarımızın azad edilməsini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını təmin edən şəhidlərimizə sonsuz ehtiram ifadə olunur.

Bəli, noyabrın 8-i Azərbaycan tarixinin şanlı səhifəsinə - Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. 

Bu gün böyük Zəfərə görə xalqımızın Müzəffər Ali Baş Komandanı İlham Əliyev başda olmaqla, rəşadətli ordumuzun əsgər və zabitlərinə, qəhrəman Vətən oğullarına, canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdar olmalıyıq.

GOYEZEN.AZ



Facebook-da paylaş