• Təqvim

  • Maraq



Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri 8 Noyabr - Zəfər Günü ərəfəsində şəhidlərimizi yad ediblər


İki il öncə sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun rəşadəti və qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi, torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün şəhidlərin qisası alındı. 8 noyabr 2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əsgərinin yazdığı şanlı tarix kimi yaddaşlara əbədi həkk olundu.


Bu gün Azərbaycan xalqı 8 Noyabrı - Zəfər Günü kimi qürur və fəxrlə qeyd edir. Bu günü bizlərə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyev, şanlı Azərbaycan Ordusu, canlarını Vətən yolunda fəda edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz isə heç zaman unudulmayacaq. 

8 Noyabr - Zəfər Günü Qazax Dövlət Sosial-İqtisadi Kollecində də silsilə tədbirlərlə qeyd edilir.

Kollecin tələbələri 8 Noyabr - Zəfər Günü ərəfəsində şəhidlərimizi yad etməyi unutmurlar.

Noyabrın 2-də Kollecin müəllimləri Turanə Rüstəmova, Xəyalə Məmmədova,  "Baytar", "Meşə park təssərrüfatı" fakültəsinin tələbələri şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək igid Vətən oğullarının əziz xatirəsini ehtiramla anıblar.
Gənclər sonra Qazax Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya edərək muzeyin 2-ci mərtəbəsində Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə ilə tanış olublar.

Tələbələr şəhərin Nəriman Nərimanov küçəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini də ziyarət ediblər.

Ziyarət zamanı Azərbaycanın Vətən müharibəsi zamanı möhtəşəm Qələbə qazanmasını, 30 il düşmən işğalı altında qalmış torpaqlarımızın azad edilməsini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını təmin edən şəhidlərimizə sonsuz ehtiram ifadə olunub.


GOYEZEN.AZ



Facebook-da paylaş