• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı növbəti maarifləndirici tədbir keçirilib


Aprelin 6-da Qazaxda ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-51 nömrəli Əmrinə əsasən "Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı növbəti maarifləndirici tədbir keçirilib.

Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli və cəmiyyətə qarşı daha qayğıkeş olmağa səsləmək, piyadaların və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, piyadaları özlərinin və başqalarının təhlükəsizliyi naminə daha məsuliyyətli olmağa çağırmaq, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə öz ictimai və vətəndaş öhdəlikləri və hüquqları haqqında məlumat vermək, orta məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılığını artırmaq olub.

Tədbirdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları, Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova, 50 nəfər dərnək rəhbəri və 200 nəfərdən artıq dərnək üzvü olan məktəblilər iştirak ediblər.

Mərkəzin direktoru Gövhər Rəhimova keçirilən tədbirin məqsəd və əhəmiyyətini qeyd edərək Qazax UGİM olaraq hər zaman maarifləndirici tədbirlərə üstünlük verdiklərini, dərnək üzvlərinin bu cür tədbirlərdə fəallıq nümayiş etdirdiklərini qeyd edib. Vətəndaşların, eləcə də orta məktəblərdə təhsil alan şagirdlərin yol hərəkəti təhlükəsizliyi qaydaları haqqında maarifləndirilməsi baxımından belə tədbirlərin böyük əhəmiyyət daşıdığını bildirib. Bu cür tədbirlərin təşkilində hər zaman dəstək olmağa hazır olduqlarını vurğulayıb.

Şəhərin Heydər Əliyev prospekti ilə H.Z.Tağıyev küçəsinin kəsişdiyi işıqforda baş tutan tədbirdə ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə, fərdi avtomobil və taksi sürücülərinə, eləcə də digər yol hərəkəti iştirakçılarına yol hərəkəti təhlükəsizliyi və ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı zəruri məlumatlar çatdırılıb, onlara yol hərəkəti zamanı davranış qaydaları əyani şəkildə izah edilib. Dərnək üzvləri şeirlər söyləyib, yol hərəkəti təhlükəsizliyi haqqında biliklərini nümayiş etdiriblər.

 

Sonda Mərkəzin direktoru G.Rəhimova tədbirin ərsəyə gəlməsində əməyi keçən insanlara və məktəblilərə minnətdarlığını bildirib.

Məlumat üçün onu da qeyd edək ki, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin artırılması vasitəsilə yol-nəqliyyat hadisələrinin sayının və bu hadisələr nəticəsində ölkəyə dəyən sosial-iqtisadi zərərin azaldılması istiqamətində tədbirləri özündə ehtiva edir. Dövlət Proqramı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktların və Azərbaycan Respublikasının qüvvədə olan digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla hazırlanıb.







 

GOYEZEN.AZ



Facebook-da paylaş