• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı maarifləndirici tədbir keçirilib

Bu gün Qazaxda ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamına və Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-51 nömrəli əmrinə əsasən "Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı maarifləndirici tədbir keçirilib.

Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Qazax Rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli və cəmiyyətə qarşı daha qayğıkeş olmağa səsləmək, piyadaların və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, piyadaları özlərinin və başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırmaq, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə öz ictimai və vətəndaş öhdəlikləri və hüquqları haqqında məlumat vermək, orta məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılığını artırmaq olub.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Gülnar Quluyeva, Rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, baş leytenant Vüqar Məmmədov, bölmənin təbliğat və təşviqat üzrə inspektoru, polis kapitanı Elxan Əhmədov və digər əməkdaşları, Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova, 35 nəfər dərnək rəhbəri və 180 nəfərdən artıq dərnək üzvü olan məktəblilər, valideynlər iştirak edib.

Mərkəzin direktoru Gövhər Rəhimova çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qazax UGİM olaraq hər zaman maarifləndirici tədbirlərə üstünlük verdiklərini, dərnək üzvlərinin bu cür tədbirlərdə fəallıq nümayiş etdirdiklərini qeyd edib.

Rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, baş leytenant Vüqar Məmmədov da vətəndaşların, eləcə də orta məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin yol hərəkəti təhlükəsizliyi qaydaları haqqında maarifləndirilməsi baxımından belə tədbirlərin böyük əhəmiyyət daşıdığını bildirib. İstər Qazax UGİM, istərsə də digər müəssisələr tərəfindən keçirilən bu cür tədbirləri yüksək qiymətləndirib. Bu cür tədbirlərin təşkilində hər zaman dəstək olmağa hazır olduqlarını vurğulayıb.

Şəhərin Heydər Əliyev prospekti ilə H.Z.Tağıyev küçəsinin kəsişdiyi işıqforda baş tutan tədbirdə ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə, fərdi avtomobil və taksi sürücülərinə, eləcə də digər yol hərəkəti iştirakçılarına yol hərəkəti təhlükəsizliyi və ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı zəruri məlumatlar çatdırılıb, onlara yol hərəkəti zamanı davranış qaydaları əyani şəkildə izah edilib. Dərnək üzvləri şeirlər söyləyib, yol hərəkəti təhlükəsizliyi haqqında biliklərini nümayiş etdiriblər.

Sonda Mərkəzin direktoru G.Rəhimova tədbirin ərsəyə gəlməsində əməyi keçən insanlara və məktəblilərə minnətdarlığını bildirib. Mərkəzin dərnək üzvlərinin hazırladıqları əl işini - Azərbaycan xəritəsini Rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Vüqar Məmmədova hədiyyə edib.

Məlumat üçün onu da qeyd edək ki, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019 – 2023-cü illər üçün Dövlət Proqramı” Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin artırılması vasitəsilə yol-nəqliyyat hadisələrinin sayının və bu hadisələr nəticəsində ölkəyə dəyən sosial-iqtisadi zərərin azaldılması istiqamətində tədbirləri özündə ehtiva edir. Dövlət Proqramı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktların və Azərbaycan Respublikasının qüvvədə olan digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla hazırlanıb.

















 


 

GOYEZEN.AZ



Facebook-da paylaş