Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
1990-cı
ilin yanvar hadisələri nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli
azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. 20 Yanvar faciəsi Azərbaycan xalqının öz azadlığı və
suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Otarix ki, xalqımız 32 il
əvvəl baş verən hadisələri təkcə ağrı-acı ilə deyil, həm də qürur və şərəf günü
kimi xatırlayır. Müasir Azərbaycan tarixinin hüznlü və eyni zamanda,
qürur mənbəyi olan 20 Yanvar faciəsinin 32-ci ildönümü respublikamızın hər
yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd
olunur. 20
Yanvar faciəsinə həsr olunmuş növbəti anım tədbiri Qazax
Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən
təşkil olunub. Şəhərin
mərkəzində yerləşən Şəhidlər xiyabanında keçirilən tədbirdə Mərkəzin dərnək rəhbərləri və üzvləri iştirak ediblər. Əvvəlcə
memorial önünə qərənfillər düzülüb, 20 Yanvar şəhidlərinin, eləcə də
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Vətən
övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlər xiyabanını
ziyarət edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra
aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və köməkçisi Akif
Əmirov Mərkəzin dərnək üzvlərinin şəhidlərə həsr etdikləri
ədəbi-bədii kompozisiyanı izləyib, səsləndirdikləri şeirləri dinləyiblər. Dərnək üzvlərinin çıxışlarını dinləyən rayon
rəhbərliyi və qonaqlar şagirdlərə, eləcə də məktəbliləri hazırlayan dərnək
rəhbərlərinə razılıqlarını bildiriblər. Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin
direktoru Gövhər Rəhimova bildirib ki,
Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət
zirvəsidir. Bunu 1990-cı ildə yanvarın 19-dan 20-sinə keçən gecə keçmiş sovet
ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq arzusu ilə
dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədəndə Azərbaycanın mərd oğul və
qızları sinələrini sipər edərək bir daha nümayiş etdirdilər. "O gecə tökülən
qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki
qandır. Şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızı yad etmək hər birimizin
borcudur”, - deyən Mərkəzin direktoru gənclərə hər zaman bayrağımıza sahib
çıxmağı, uca tutmağı, şəhidlərimizin xatirəsini ehtiramla yad etməyi tövsiyə etdiyini
vurğulayıb.
Qeyd edək ki, 32 il əvvəl Azərbaycan
xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, insanlığa qarşı həyata
keçirilmiş dəhşətli terror idi. Ulu Öndər Heydər Əliyevin 20 yanvar gecəsi belə
bir zirvəni fəth edən Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək
söylədiyi "20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı
üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü
nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə
götürəcək. Bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə
doğurursa, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi
bizim milli iftixarımızdır” kimi dəyərli fikri hər birimiz üçün örnəkdir. Məhz 1993-cü
ildə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə 1990-cı ilin
qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Onun
təşəbbüsü ilə Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın
29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsi
dövlət səviyyəsində tam siyasi-hüquqi qiymətini aldı. GOYEZEN.AZ
Facebook-da paylaş