• Təqvim

  • Unutma

  • Maraq



Bu gün dəyərli ziyalımız professor Əhməd Vəliyevin 75 yaşı tamam olur

 

Bu gün "Odlar Yurdu Universitetinin rektoru, Azərbaycan Respublikası Milli Məclisinin III (2005–2010) və IV (2010–2015) çağırış deputatı, Fizika-riyaziyyat elmləri doktoru, "Şöhrət” ordenli. Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, yeni təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərinə görə Fransa İqtisadiyyatına Yardım Assosiasiyasının qızıl medalına layiq görülmüş, professor Əhməd Vəliyevin doğum günüdür. Bu gün dəyərli ziyalımızın 75 yaşı tamam olur.

Əhməd Vəliyev Azərbaycan Respublikasında təhsilin inkışafında xidmətləri olan, ölkədə və dünyada böyük nüfuz sahibi olan alimdir. Onun yaratmış olduğu "Odlar Yurdu” Universiteti hər zaman öz imicini qoruyan, hər il səviyyəsini artıran özəl ali məktəb olaraq yüksək reytinq qazanmışdır. Həmçinin Əhməd müəllim bir qazaxlı kimi hər zaman el-obasının təəssübünü çəkən ziyalıdır. Ölkəsinə, dövlətinə, prezidentinə sadiq əsl vətənpərvər insandır!

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hörmətli ziyalımızı anadan olmasının 75 illiyi münasibətilə Qazax ictimaiyyəti və öz adından səmimi qəlbdən təbrik edib. Yubilyara cansağlığı və ən xoş arzularını çatdırıb. Müstəqil Azərbaycanımızın, Qazaxımızın inkişafı naminə gələcək işlərində və fəaliyyətində uğurlar arzulayıb.

Vəliyev Əhməd Abdulkərim oğlu 29 noyabr 1946-cı ildə Qazax rayonunun Alpout kəndində anadan olmuş, 1964-cü ildə orta məktəbi bitirərək həmin ili Azərbaycan Dövlət Universitetinin "Mexanika-riyaziyyat” fakültəsinə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun riyaziyyat kafedrasında laborant, baş laborant, laboratoriya müdiri, müəllim, baş müəllim, dossent vəzifələrində çalışmışdır. 1990-1997-ci illərdə Bakı Sənaye-Pedaqoji Texnikumunun direktoru vəzifəsində işləmişdir. 1995-ci ildə direktoru olduğu texnikumun bazasında "Odlar Yurdu” Universitetini yaratmışdır. Əhməd Vəliyev: Fizika-riyaziyyat elmləri namizədi, Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru (Ph.D), Fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini və dossent, Professor elmi adlarını almışdır. Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. Əhməd Vəliyev yeni təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərinə görə Fransa İqtisadiyyatına Yardım Assosasiyasının qızıl medalına layiq görülmüşdür. İxtisası üzrə əllidən çox elmi məqalə, bir elmi monoqrafiya, onlarla dərslik və dərs vəsaitinin, eyni zamanda cənab Prezident İlham Əliyevin hələ prezident olmadığı zamanda onun gələcək siyasi taleyi təkcə Azərbaycan üçün yox, dünya siyasi arenasında tutacağı yüksək mövqe, qazanacağı uğurlar haqqında proqnoz verdiyi siyasi publisistika janrında yazılmış "Bəsirət ünvani” adlı kitabın müəllifidir. Kitab latın və ərəb qrafikası ilə Azərbaycan dilində, Prezident seçkiləri qabağı 2003-cü ildə ingilis dilində çap olunmuşdur. Bundan başqa, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyeva haqqında "Adının sahibi” kitabının da müəllifidir. Əhməd Vəliyev 2005-ci ildə III (31 saylı Suraxanı ikinci seçki dairəsindən), 2010-cu ildə isə IV (107 saylı Qazax seçki dairəsindən) çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Milli Məclisin Elm və Təhsil məsələləri daimi komitəsinin üzvü olmuşdur. Eyni zamanda Azərbaycanla Almaniya, Litva, Çexiya, Türkiyə, Şimali İrlandiya, Gürcüstan Parlamentlərarası dostluq qrupunun üzvü və Cənubi Afrika dostluq qrupunun rəhbəri olmuşdur. Əhməd Vəliyev "Odlar Yurdu Universitetinin qurucusu və 1997-ci ildən rektorudur.

 

GOYEZEN.AZ



Facebook-da paylaş