• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Körpələr Evi-Uşaq bağçalarında yaradılan şərait valideynlərin də ürəyincədir


Son illər cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərdikləri hərtərəfli dövlət qayğısı hər kəs üçün nümunəyə çevrilib. Gələcəyimiz olan uşaqlarla bağlı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasətinin ölkə başçısı və Birinci vitse-prezident tərəfindən uğurla davam etdirilməsi bir daha onu sübut edir ki, bu sahə dövlət siyasətinin əsasını təşkil edir. Respublikamızın bütün bölgələrində yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşası ilə bağlı imzalanan çoxsaylı Sərəncamlar, həyata keçirilən işlər bu dediklərimizin bariz nümunəsidir.

Bu gün sevindirici haldır ki, ölkə başçısının regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr ölkəmizin hər yerində olduğu kimi, Qazaxda da uğurla icra olunur. Rayonda uşaqlara göstərilən diqqət və qayğının əyani sübutu yeni tikilən uşaq bağçalarının sayının ildən-ilə artmasıdır. Bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması bu sahədə görülmüş işlərdir.

Tam əminliklə onu da qeyd edə bilərik ki, Qazaxda rayon rəhbərliyi tərəfindən bütün sahələrə olduğu kimi, gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğı da yüksək səviyyədədir. İlk gündən bağçalarda yaradılan şərait, uşaqlara verilən ərzaqların keyfiyyətinə xüsusi həssaslıqla yanaşılması bu dediklərimizin əyani sübutudur. Bağçalarda yaradılan şərait, uşaqlara göstərilən qayğı valideynlərin də ürəyincədir və onlar buna görə razılıq edirlər.  


Qazax şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasında yaradılan şəraitlə, uşaqlara verilən ərzaqların keyfiyyəti, körpə fidanlara göstərilən qayğı ilə yaxından tanış olan valideynlər tərəfindən ünvanlanmış təşəkkür məktubundan da bunu aydın şəkildə görmək olur. Valideyn komitəsinin ünvanladığı minnətdarlıq dolu həmin məktubu olduğu kimi təqdim edirik:

"Hörmətli cənab Prezidentimiz!

Bu məktubu Sizə ünvanlayan Qazax rayonunun 1 saylı Körpələr Evi-Uşaq bağçasında təşkil olunan valideynlər komitəsinin sədri Pəri Teymurova və həmin komitənin üzvləridir.

Cənab Prezident!

Dəyərli zamanınızı alaraq bu sevincli anları Sizinlə bölüşürük. Bir qazaxlı ziyalı və ana olaraq təşəkkür məktubumuzu Ulu Öndərimiz Heydər Əliyevin dəyərli sözləri ilə başlamaq istəyirik. "Əziz balalar sizə, Azərbaycanın bütün uşaqlarına, bütün gənclərinə sağlam həyat və xoşbəxt gələcək arzulayıram", "Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur”.

Bu qayğının möhtərəm Prezidentimiz Siz və Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilməsi bir daha sübut edir ki, həmin istiqamət artıq dövlətin qarşıya qoyduğu zəruri vəzifələrdən birinə çevrilib. Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın bu istiqamətdə həyata keçirdiyi nəcib missiya onu bütün Azərbaycan uşaqlarının ən yaxın dostuna və böyük himayədarına çevirib. Mehriban xanımın mərhəmət və humanistlik nümunəsi, milli-mənəvi dəyərlərimizin qorunmasındakı misilsiz fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin siyasi məktəbindən, Ulu Öndərin ideyalarından bəhrələnir.  Mehriban xanım Əliyeva "Uşaqlara yaxşılıq nə qədər çox olsa yenə azdır” devzini rəhbər tutaraq çox sadə bir mərama söykənib. Azərbaycan uşaqlarını bəxtəvər görmək. Cənab Prezident!

Sizin apardığınız məqsədyönlü siyasət nəticəsində Azərbaycan dövlətində uşaq siyasəti artıq milli strategiya kimi formalaşıb. Bu gün Sizin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı verdiyiniz tapşırıq və tövsiyələr ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra edilir. Qazax rayonunda azyaşlı körpələrin sağlam, hərtərəfli düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni uşaq bağçaları tikilir, əsaslı şəkildə təmir olunaraq yenidən qurulur, müasir inventar və avadanlıqlarla təmin edilir.

Biz Qazax şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının valideyn komitəsi olaraq həmişə olduğu kimi, 27 avqust 2021-ci il tarixdə bağça rəhbərliyi tərəfindən bağçaya dəvət olunduq. Orada bizi gözləyən mənzərənin bu qədər ürəkaçan olduğunu təsəvvür belə etməzdik. Bağça yüksək standartlara cavab verən tipik binadan ibarətdir, müasir  inventar və avadanlıqlarla təmin olunub. Rayon rəhbərliyinin göstəriş və tapşırıqlarına əsasən son zamanlar pandemiya dövrünü yaşadığımız üçün bağça vaxtaşırı Rayon Gigeyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya olunur, sanitar-gigiyena vəziyyəti yüksək səviyyədə qorunur. Bağçanın təmin olunduğu ərzaq və qidalar xüsusi standartlara cavab verən anbarlarda saxlanılır və keyfiyyətli şəklidə körpələrə təqdim olunur. Hazırlanan yeməklər və qidalar bağça daxilində tibbi yoxlanışdan keçdikdən sonra körpələrə verilir. Uşaqlar bağçada keyfiyyət və kəmiyyəti qüsursuz olan meyvə, tərəvəz, meyvə şirəsi, süd və süd məhsulları ilə təmin olunurlar. Bir valideyn olaraq bu şəraiti, uşaqlarımıza göstərilən diqqət və qayğını görərək sevinməmək olmur. Uşaqların təlim-tərbiyəsi ilə savadlı və ixtisaslaşmış kadrlar məşğul olur. Bu da biz valideynləri sevindirir ki, körpəyə, uşağa söylənən hər kəlmə onun şəxsiyyət binasına qoyulan bir kərpicdir. Bağça kollektivi körpələrə, balaca fidanlara o qədər nəvaziş və qayğı ilə yanaşırlar ki, biz əmin oluruq ailə sevgisini, ailə qayğısını həmin an dövlət qayğısı, dövlət sevgisi əvəz edir. Əbəs yerə deməyiblər ki, uşaq öz məhəbbətini yalnız o adama bağlayır ki, o adam öz məhəbbətini uşağa işi ilə sübut etsin. Rayon rəhbərliyinin uşaqlara olan daha bir qayğısı bağçada uşaqlarımız üçün Azərbaycan dili ilə yanaşı başqa xarici dillərin tədrisinin təşkil olunmasıdır. Bağça  rəhbərliyi, kollekivi ilə daim valideyn münasibətləri yaranıb. Belə ki, tez-tez iclaslar keçirilir. Valideynləri maraqlandıran məsələlər  müzakirə olunaraq öz həllini tapır. Hələ pandemiya dövründə belə rayon rəhbərliyinin tapşırığına əsasən aidiyyəti şəxslər, bağça rəhbərliyi və valideynlər arasında videokonfranslar keçirilib. Bizlər respublika və rayon rəhbərliyinin bu çətin anda bizim körpələrimizin həyatını, sağlamlığını düşündüyünü və lazımi tədbirlərin vaxtında görülməsi barədə təlimatlandırılmışıq. Biz çox xoşbəxtik ki, gələcəyimiz olan uşaqlarımızın taleyi əmin əllərdədir.

Bir valideyn kimi, bir rayon sakinləri olaraq cənab Prezident Sizə öz dərin təşəkkürümüzü bildiririk. Hər zaman Sizin tapşırıq və tövsiyələrinizi yerində və operativ şəkildə həll edən rayonumuzun icra başçısı Rəcəb Babaşova uşaqlarımıza göstərdiyi diqqət və qayğı üçün çox sağ ol deyirik.

Uşaq xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyaya yayan yeganə gül, millətin övladı və ilahi əmanətidir. Bu əmanəti bir dövlət olaraq qorumaq, sahib çıxmaq yolunda Sizə və rayon rəhbərliyinə yorulmaz əzm və uğurlar arzulayırıq.

Hörmətlə,

Teymurova Pəri Həsən qızı
Xəlilova Günel Yusif qızı
Teymurova Aynurə Mahir qızı
Novruzova Nərmin Azər qızı
Alıyeva Reyhan Şahin qızı
Qasımova Nuriyyə Aslan qızı”






















GOYEZEN.AZ



Facebook-da paylaş