• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda valideynlər Körpələr Evi-Uşaq bağçalarında yaradılan şəraitə görə minnətdarlıq edirlər


Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən hərtərəfli dövlət qayğısı bu gün hər kəs üçün örnəkdir. Ölkə rəhbərinin söylədiyi kimi: "Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir”.

Gələcəyimiz olan uşaqlar haqqında səslənən bu fikirlər onu deməyə əsas verir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasəti ölkə başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bütün bu dediklərimiz son illər respublikamızın bütün bölgələrində yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşası ilə bağlı imzalanan çoxsaylı Sərəncamlarda, həyata keçirilən işlərdə öz əksini tapır.

Bu gün onu da tam əminliklə deyə bilərik ki, ölkə rəhbərinin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr ölkəmizin hər yerində olduğu kimi, Qazaxda da uğurla icra edilir. Rayonda uşaqlara göstərilən diqqət və qayğının əyani sübutu yeni tikilən uşaq bağçalarının sayının ildən-ilə artmasıdır. Rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması bu sahədə görülmüş işlərdir.

Təqdirəlayiq hal isə odur ki, Qazaxda rayon rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi, gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğı da yüksək səviyyədədir. İlk gündən bağçalarda yaradılan şərait, uşaqlara verilən ərzaqların keyfiyyətinə xüsusi həssaslıqla yanaşılması bu dediklərimizin bariz nümunəsidir.

Bağçalarda yaradılan şərait, uşaqlara göstərilən qayğı valideynlər tərəfindən də razılıqla qarşılanır.


Qazax şəhər 2 saylı Uşaq bağçasının valideyn komitəsi tərəfindən ünvanlanmış minnətdarlıq dolu həmin təşəkkür məktubunu olduğu kimi təqdim edirik:

- "Biz – bir qrup valideynlər avqustun 17-də 2 saylı Uşaq bağçasına baxış zamanı gördüyümüz hər şeydən çox razı qaldıq. Bağçanın girişindən nizam-intizam, yemək otağından təmizlik, çarpayıların səliqəsi, mətbəxdəki şərait çox xoşumuza gəldi. Uşaqlara verilən yemək menyularını bəyənməmək mümkün deyil. Yeməklərin keyfiyyəti, bolluğu, dadı həqiqətən bəyənildi. Ən əsası uşaqların vaxtlı-vaxtında yemək, meyvə, ayran, meyvə şirəsi, süd, şirniyyat qəbul etməsi bütün valideynlər üçün çox sevindirici bir haldır.

Bununla bərabər körpələrimizin bağçada ilkin biliklərə yiyələnməsi bizlər üçün bağçaya olan güvən və rəğbəti daha da yüksəldir. Bütün bunlar həqiqətən reallıq və göstəricidir.

Körpələrimizə göstərilən bu cür diqqət və qayğıya görə biz Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bağçanın bütün valideynləri adından dərin minnətdarlığımızı bildiririk. Son illər rayon rəhbərinin rayonumuzda gördüyü işlərlə bərabər, bağçalarda yaratdığı bu cür şərait, göstərdiyi diqqət və qayğı bizi çox sevindirir. Biz əmin ola bilərik ki, rayonumuzdakı bu səviyyə bütün rayonlardan ön sıradadır. Bu cür təşəbbüs üçün biz rayon rəhbərinə nə qədər təşəkkür etsək belə azdır.

Biz də öz növbəmizdə rayon rəhbərinə işlərində daimi müvəffəqiyyət və uğurlar arzulayırıq.

Uşaqlarımızın bağçaya sevə-sevə gəlmələrinin səbəbkarı olan zəhmətkeş müəllimlərimizə, müdriyyətə, əməyi keçən hər kəsə minnətdarlıq etmək bizim borcumuzdur”.



 

GOYEZEN.AZ



Facebook-da paylaş