Ali Baş Komandanın da söylədiyi kimi: “Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir”
Yəqin ki,
xalq 1988-ci ildən başlayaraq, Azərbaycanda baş verən siyasi hadisələri
unutmayıb. Həmin vaxt ölkədə yaranmış xaos, anarxiya və özbaşınalıqdan istifadə
edən bəzi qüvvələr "xalq hərəkatının lideri" pərdəsinə bürünərək
meydanlara atıldı. Yalan vədlərlə insanları aldadaraq öz ətrafına toplayan
"demokratiya fədailəri" sonradan özlərini "Xalq Cəbhəsi"
adlandırdılar. Xalq Cəbhəsinin funksionerləri hakimiyyəti ələ keçirmək üçün
qeyri-qanuni silahlı qruplaşmaların zorakılığından tam yararlandılar. Onlar bu
yolda hətta xarici himayədarlarından da mütəmadi dəstək aldıqlarını
gizlətmirdilər.
1992-ci
ilin mayından başlayaraq ölkədə ictimai-siyasi vəziyyət daha da gərginləşdi. Hakimiyyətdə
olan AXC-Müsavat cütlüyünün funksionerləri arasında silahlı qarşıdurma yarandı.
Demokratik, sivil, hüquqi dövlət yaradılmasından dəm vuranlar hakimiyyətdə
vahid liderlik üçün bütün vasitələrə əl atdılar. Nəticədə, ölkədə ciddi
qarşıdurma yarandı və xaos, anarxiya, talan, qarət baş alıb getdi. Belə bir
şəraitdə "prezident seçkiləri" də keçirildi. Həmin seçkiləri
xatırlayanlar çox yaxşı bilirlər ki, Azərbaycanın tarixində 1992-ci ildə
keçirilmiş prezident seçkiləri kimi saxta seçkilər olmayıb. AXC-Müsavat
hakimiyyəti dövründə özbaşınalıq o həddə çatmışdı ki, o vaxtkı rəhbərliyi saya
salan yox idi. Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri yox dərəcəsində
idi və həmin təşkilatlara üzv olmaq hakimiyyət rəhbərlərini düşündürmürdü.
Onların başı korrupsiyaya, talançılığa, var-dövlət toplamağa necə qarışmışdısa,
xalq büsbütün unudulmuşdu. Bugünkü Ermənistanda
baş verənlər arasında oxşarlıqlar var – ümidsizlik, cəmiyyətdə hökm sürən total
apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın
olmaması, müxalifətə inamın olmaması. Dövlət
məmurları öz ətraflarına silahlı qüvvələr toplayaraq özlərini və
var-dövlətlərini qorumaqla məşğul olduqlarından sərhədlərimizin qorunması
yaddan çıxmışdı. Bundan istifadə edən ermənilər torpaqlarımızı hissə-hissə zəbt
edir, soydaşlarımızı əsir və girov götürür, sonradan isə hakimiyyətin bəzi
nümayəndələri ilə əlaqəyə girərək əsir götürdükləri şəxslərin alveri ilə məşğul
olurdular.
AXC-Müsavat
iqtidarının yaratdığı anarxiya və özbaşınalıq öz başlarında çatladı. Hakimiyyət
daxilində yaranmış qruplaşmaların silahlı qarşıdurması, nəhayət, vətəndaş
müharibəsi həddinə çatdı. Hakimiyyətdə olanlar öz cəbhədaşlarından canlarını
qurtarmaq üçün o vaxt Naxçıvanda Ali Məclisin sədri olan Ulu Öndər Heydər Əliyevə
müraciət etdi. Çünki yaxşı bilirdilər ki, Azərbaycanı onların saldıqları
bəladan yalnız Heydər Əliyev xilas edə bilərdi. 1993-cü ilin iyununda Heydər
Əliyev Ali Sovetin sədri seçildikdən sonra Azərbaycanda tədricən həyat öz
axarına düşdü. Ölkəmizin beynəlxalq aləmə inteqrasiyası yolunda qətiyyətli
addımlar atıldı, demokratik prinsiplərin inkişafına xüsusi önəm verildi.
İnsanların öz fikirlərini sərbəst ifadə etməsi üçün əlverişli şərait yaradıldı.
Azərbaycanda siyasi sabitlik yarandı.
Aparılan
məqsədyönlü və ardıcıl iqtisadi siyasət nəticəsində bu gün ölkəmiz böyük sürətlə
inkişaf edir. Ümummilli Liderimiz Heydər Əliyevin uğurlu siyasi kursunu yeni
çalarlarla zənginləşdirərək davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin
qarşıya qoyduğu bütün vəzifələrin icra olunması, çoxşaxəli iqtisadiyyatın
formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, mühüm
əhəmiyyətə malik sosial proqramların reallaşdırılması nəticəsində ölkəmiz
bütövlükdə Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir.
Bu gün
ölkəmizin inkişafını görməmək, Avropaya və dünya birliyinə inteqrasiyasını
qiymətləndirməmək siyasi korluq və savadsızlıqdır. Məhz ona görə də bu inkişafı
görməməzliyə vuran hakimiyyət hərislərinin antimilli çağırışlarına səs verən
yoxdur. Azərbaycanda iqtidarın siyasəti xalq tərəfindən
məhz ona görə dəstəklənir ki, iqtidarın siyasəti xalqın maraqlarını güdür.
Azərbaycan yeni dövrə qədəm qoydu. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi
vəziyyətdir.
Bu gün hər bir azərbaycanlı yaxşı bilir ki, ölkəmiz
gündən-günə, ildən-ilə daha da inkişaf edir. Ötən illər ərzində ölkə həyatında
bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi
bütövlüyümüzün bərpa edilməsi, 44 günlük Vətən müharibəsində parlaq Qələbənin qazanılması
oldu. Bu, o müharibədir ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
rəhbərliyi ilə müzəffər ordumuzun şücaəti sayəsində cəmi 44 günə Azərbaycan öz ərazi
bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan
qovdu və beləliklə, tarixi ədalət bərpa olundu.
Ali Baş Komandanımızın da söylədiyi kimi: "Bizim
şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı
ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik
göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün
xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi
torpaqlarını işğalçılardan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə
yetirdik”.
AXC-Müsavat
cütlüyü və onların havadarları da bir daha şahidi oldular ki, Azərbaycan
qazandığı bütün qələbələrə, uğurlara ölkədəki birlik, həmrəylik, sabitlik
sayəsində nail olur. Bu gün xalqın partiyası olan Yeni Azərbaycan Partiyası da
özündə birliyi, həmrəyliyi, sabitliyi birləşdirir və ətrafına bu düşüncədə,
əqidədə olan insanları toplayır.
Elvira ƏFƏNDİYEVA,
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və
Qiymətləndirmə Şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri
Facebook-da paylaş