Əsas Səhifə > Təhsil > Ali Baş Komandanın da söylədiyi kimi: “Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir”

Ali Baş Komandanın da söylədiyi kimi: “Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir”


11-03-2021, 12:23


Yəqin ki, xalq 1988-ci ildən başlayaraq, Azərbaycanda baş verən siyasi hadisələri unutmayıb. Həmin vaxt ölkədə yaranmış xaos, anarxiya və özbaşınalıqdan istifadə edən bəzi qüvvələr "xalq hərəkatının lideri" pərdəsinə bürünərək meydanlara atıldı. Yalan vədlərlə insanları aldadaraq öz ətrafına toplayan "demokratiya fədailəri" sonradan özlərini "Xalq Cəbhəsi" adlandırdılar. Xalq Cəbhəsinin funksionerləri hakimiyyəti ələ keçirmək üçün qeyri-qanuni silahlı qruplaşmaların zorakılığından tam yararlandılar. Onlar bu yolda hətta xarici himayədarlarından da mütəmadi dəstək aldıqlarını gizlətmirdilər.
1992-ci ilin mayından başlayaraq ölkədə ictimai-siyasi vəziyyət daha da gərginləşdi. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün funksionerləri arasında silahlı qarşıdurma yarandı. Demokratik, sivil, hüquqi dövlət yaradılmasından dəm vuranlar hakimiyyətdə vahid liderlik üçün bütün vasitələrə əl atdılar. Nəticədə, ölkədə ciddi qarşıdurma yarandı və xaos, anarxiya, talan, qarət baş alıb getdi. Belə bir şəraitdə "prezident seçkiləri" də keçirildi. Həmin seçkiləri xatırlayanlar çox yaxşı bilirlər ki, Azərbaycanın tarixində 1992-ci ildə keçirilmiş prezident seçkiləri kimi saxta seçkilər olmayıb. AXC-Müsavat hakimiyyəti dövründə özbaşınalıq o həddə çatmışdı ki, o vaxtkı rəhbərliyi saya salan yox idi. Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri yox dərəcəsində idi və həmin təşkilatlara üzv olmaq hakimiyyət rəhbərlərini düşündürmürdü. Onların başı korrupsiyaya, talançılığa, var-dövlət toplamağa necə qarışmışdısa, xalq büsbütün unudulmuşdu. Bugünkü Ermənistanda baş verənlər arasında oxşarlıqlar var – ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması. Dövlət məmurları öz ətraflarına silahlı qüvvələr toplayaraq özlərini və var-dövlətlərini qorumaqla məşğul olduqlarından sərhədlərimizin qorunması yaddan çıxmışdı. Bundan istifadə edən ermənilər torpaqlarımızı hissə-hissə zəbt edir, soydaşlarımızı əsir və girov götürür, sonradan isə hakimiyyətin bəzi nümayəndələri ilə əlaqəyə girərək əsir götürdükləri şəxslərin alveri ilə məşğul olurdular.
AXC-Müsavat iqtidarının yaratdığı anarxiya və özbaşınalıq öz başlarında çatladı. Hakimiyyət daxilində yaranmış qruplaşmaların silahlı qarşıdurması, nəhayət, vətəndaş müharibəsi həddinə çatdı. Hakimiyyətdə olanlar öz cəbhədaşlarından canlarını qurtarmaq üçün o vaxt Naxçıvanda Ali Məclisin sədri olan Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Çünki yaxşı bilirdilər ki, Azərbaycanı onların saldıqları bəladan yalnız Heydər Əliyev xilas edə bilərdi. 1993-cü ilin iyununda Heydər Əliyev Ali Sovetin sədri seçildikdən sonra Azərbaycanda tədricən həyat öz axarına düşdü. Ölkəmizin beynəlxalq aləmə inteqrasiyası yolunda qətiyyətli addımlar atıldı, demokratik prinsiplərin inkişafına xüsusi önəm verildi. İnsanların öz fikirlərini sərbəst ifadə etməsi üçün əlverişli şərait yaradıldı. Azərbaycanda siyasi sabitlik yarandı.
Aparılan məqsədyönlü və ardıcıl iqtisadi siyasət nəticəsində bu gün ölkəmiz böyük sürətlə inkişaf edir. Ümummilli Liderimiz Heydər Əliyevin uğurlu siyasi kursunu yeni çalarlarla zənginləşdirərək davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələrin icra olunması, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, mühüm əhəmiyyətə malik sosial proqramların reallaşdırılması nəticəsində ölkəmiz bütövlükdə Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir.
Bu gün ölkəmizin inkişafını görməmək, Avropaya və dünya birliyinə inteqrasiyasını qiymətləndirməmək siyasi korluq və savadsızlıqdır. Məhz ona görə də bu inkişafı görməməzliyə vuran hakimiyyət hərislərinin antimilli çağırışlarına səs verən yoxdur. Azərbaycanda iqtidarın siyasəti xalq tərəfindən məhz ona görə dəstəklənir ki, iqtidarın siyasəti xalqın maraqlarını güdür. Azərbaycan yeni dövrə qədəm qoydu. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir.
Bu gün hər bir azərbaycanlı yaxşı bilir ki, ölkəmiz gündən-günə, ildən-ilə daha da inkişaf edir. Ötən illər ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, 44 günlük Vətən müharibəsində parlaq Qələbənin qazanılması oldu. Bu, o müharibədir ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun şücaəti sayəsində cəmi 44 günə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu.
Ali Baş Komandanımızın da söylədiyi kimi: "Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə yetirdik”.
AXC-Müsavat cütlüyü və onların havadarları da bir daha şahidi oldular ki, Azərbaycan qazandığı bütün qələbələrə, uğurlara ölkədəki birlik, həmrəylik, sabitlik sayəsində nail olur. Bu gün xalqın partiyası olan Yeni Azərbaycan Partiyası da özündə birliyi, həmrəyliyi, sabitliyi birləşdirir və ətrafına bu düşüncədə, əqidədə olan insanları toplayır.
Elvira ƏFƏNDİYEVA, 
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və
Qiymətləndirmə Şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri


Geri qayıt