• Təqvim

  • Maraq



Ombudsmanın təşəbbüsü ilə psixoloji dəstək xarakterli yeni layihəyə Qazaxdan start verilib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında "Briut” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə cəbhə bölgəsində yaşayan insanlara psixoloji dəstək xarakterli yeni layihəyə Qazaxdan start verilib. Layihə Ermənistan ilə həmsərhəd olan cəbhə bölgəsində yerləşən rayonlarda yaşayan mülki əhalinin, xüsusilə də həssas qrupdan olan uşaqların erməni hərbçiləri tərəfindən mütəmadi olaraq atəşkəs rejiminin pozulması, eləcə də törədilən hərbi təxribatlar nəticəsində mənfi təsirlərə məruz qalmış psixoloji vəziyyətlərinin bərpa edilməsi, psixoloji dəstək xarakterli təlim və tədbirlərin keçirilməsi məqsədi daşıyır.

Layihə çərçivəsində ilk tədbir  avqustun 15-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə "Briut” Tibb Mərkəzinin rəhbəri, ali dərəcəli həkim-psixiatr Zeynəbxanım Səmədovanın, Mərkəzin mütəxəssisləri – həkim-psixiatr Leyla Həsən-Zadənin, klinik psixoloq Təhmasib Cavadzadənin, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasovun, Mərkəzin baş məsləhətçisi Emil Şəmmədlinin, "Egis” farmakoloji dərman firmasının nümayəndələri Şəmistan Ramazanovun, Aygül Bayramovanın və Lalə Qədirovanın iştirakı ilə həyata keçirilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova qonaqları qarşılayaraq rayon rəhbərliyinin adından salamlayıb, bu cür layihənin məhz düşmənlə sərhəddə yerləşən Qazax rayonundan start verilməsinə görə minnətdarlığını və razılığını bildirib.

Layihə iştirakçıları Qazax Rayon Gənclər Mərkəzində, eləcə də Qazax rayonunun cəbhə xəttində yerləşən, erməni hərbçiləri tərəfindən atəşkəs rejiminin müntəzəm olaraq pozulduğu rayonun Bala Cəfərli və Məzəm kəndlərinə səfər edərək psixoloji dəstəyə ehtiyacı olan yetkinlik yaşına çatmayanları qəbul ediblər.

Psixoloji dəstək layihəsi çərçivəsində keçirilən görüşlər zamanı Qazax rayonunda və rayonun cəbhə xəttində yerləşən kəndlərində yaşayan yetkinlik yaşına çatmayanların, xüsusilə də ibtidai sinif şagirdlərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin mütəmadi olaraq pozulması və törədilən təxribatlar nəticəsində daim psixoloji gərginliyə məruz qaldıqları müşahidə olunub. Bu hal insan hüquqlarına dair beynəlxalq sənədlərin, beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də BMT-nin Uşaq hüquqları Konvensiyasının müvafiq maddələri ilə təsbit olunmuş uşaqların sağlam inkişaf etmək hüquqlarının kobud pozuntusu kimi qiymətləndirilib. Görüşlər zamanı "Briut” Tibb Mərkəzinin mütəxəssisləri tərəfindən atəşkəsin pozulması nəticəsində psixi gərginlik keçirən yetkinlik yaşına çatmayanlara və onların valideynlərinə tibbi-psixoloji məsləhətlər və tövsiyələr verilib.


Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov görüşlər zamanı yetkinlik yaşına çatmayanlara COVID-19 infeksiyasından qorunmaq məqsədilə maarifləndirici buklet və digər vəsaitlər paylayaraq şəxsi gigiyena normalarına və sosial məsafənin saxlanılması qaydalarına əməl etməyin vacibliyini diqqətə çatdırıb. Eyni zamanda, Qazax rayonunun Bala Cəfərli və  Məzəm kəndlərinin sakinləri ilə söhbətlər aparıb. Sakinlərlə görüşlər zamanı iyul ayında dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq ölkəmizin mövqelərini, o cümlədən dinc mülki əhalinin yaşayış yerlərini atəşə tutmasının həm hərbi qulluqçular, həm də mülki əhali arasında ölüm və yaralanma hallarının baş verməsi nəticəsində pozulmuş fundamental insan hüquqlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə Müvəkkil tərəfindən görülmüş işlər haqqında məlumatlar  verib.

Layihə çərçivəsində keçirilmiş görüşlər sakinlər tərəfindən məmnunuluqla qarşılanıb, cəbhə xəttində yerləşən kəndlərdə yaşayan əhalinin psixoloji sağlamlıq durumlarının yaxşılaşdırılması məqsədilə irəli sürülmüş faydalı təşəbbüsün mühüm əhəmiyyətə malik olduğu qeyd edilib.

Qazax Rayon Gənclər Mərkəzində aparılan psixoloji söhbətdə Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbin, Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbin və Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin şagirdləri iştirak ediblər. Söhbət zamanı psixoloji dəstəyə ehtiyacı olan yetkinlik yaşına çatmayan gənclər "Briut” Tibb Mərkəzinin mütəxəssisləri tərəfindən müayinə olunaraq onlara tibbi-psixoloji məsləhətlər və tövsiyələr verilib.

Layihə çərçivəsində iştirakçılar Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında müalicə alan xəstələr və tibb işçiləri üçün yaradılan şəraitlə də tanış olublar. Xəstəxananın baş həkimi Ramiz Mansurov rayon rəhbərliyinin dəstəyi ilə xəstəxanada aparılan təmir işləri və keçirilən silsilə tədbirlər haqqında geniş məlumat verib.



Sonra Bala Cəfərli kənd ibtidai məktəbində şagirdlərlə psixoloji söhbət aparılaraq lazımi tövsiyələr olunub.

Günün ikinci yarısında nümayəndələr Məzəm kəndində sakinlərlə, eləcə də Yavər Mirzəyev adına Quşçu Ayrım kənd tam orta məktəbin və Məzəm kənd ibtidai məktəbin şagirdləri ilə söhbət aparıblar.

Məzəm kəndində qonaq olan layihə iştirakçıları şəhid anası Tamella Süleymanovanın ailəsini də ziyarət ediblər. Qonaqları səmimiyyətlə qarşılayan şəhid anası nümayəndələrə rayon rəhbərliyi tərəfindən Qazaxda, eləcə də Məzəm kəndində görülmüş işlərdən söz açıb. Xüsusilə də kənddə əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə evlərin qarşısına və yolboyu çəkilmiş istinad divarları barədə məlumat verib. Sərhəd kəndində yaşayan sakinlərə göstərilən dövlət qayğısından və rayon rəhbərliyinin diqqətindən danışıb.

Qonaqlar səfər zamanı Xalq şairi Səməd Vurğunun Poeziya evində olublar. Burada qonaqlara dahi şairimizin həyat və yaradıcılığı, Azərbaycan poeziyasının inkişafındakı xidmətləri barədə ətraflı məlumat verilib. Layihə iştirakçıları iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan həmyerlimiz Yuxarı Salahlı kənd sakini mayor Əhmədov Namiq Hajan oğlunun da ailəsini ziyarət ediblər. Şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, Namiq Əhmədov kimi igid oğullarımızın qanının yerdə qalmayacağı, qisaslarının alınacağı günün, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qələbə qazanacağı günün uzaqda olmadığını vurğulayıblar.

Rayonumuzda səfərdə olan qonaqlar "Fəxri Qazaxlılar” parkını və Şəhidlər xiyabanını da ziyarət ediblər. Qonaqlara parkda büstləri qoyulmuş Qazaxın ziyalıları haqqında məlumat verilib. Şəhidlər xiyabanını ziyarət edən qonaqlara hazırda Qazax rayonunun 7 nəfəri Milli Qəhrəman olmaqla, 288 nəfər şəhidinin olması bildirilib. Həmçinin, birinci və onbirinci sinif şagirdlərinin hər il "Bilik günü”nə ilk olaraq məhz Şəhidlər xiyabanını ziyarətlə başlamaları qonaqların diqqətinə çatdırılıb. 

Qazaxdan xoş təəssüratla ayrılan layihə iştirakçıları qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova dərin minnətdarlıqlarını bildiriblər.

Gənclər Mərkəzi




 Bala Cəfərli kəndi






Məzəm kəndi






Şəhidlər xiyabanını ziyarət 


GOYEZEN.AZ



Facebook-da paylaş