• Təqvim

  • Maraq



Layihə uğurla icra olunur


Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun birgə əməkdaşlığı ilə küçə həyatı yaşayan və küçə həyatına məruz qalma ehtimalı olan uşaqların hüquqlarının müdafiəsi, eləcə də bu uşaqlar və onların ailələri ilə kompleks sosial işin aparılması məqsədilə Qazax rayonunda həyata keçirilən tədbirlər artıq müsbət nəticələr verməkdədir.

Layihə çərçivəsində ezam olunmuş sosial işçilər İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların işinə dəstək olaraq uşaqların ilkin sosial, psixoloji və hüquqi ehtiyaclarını qiymətləndirir, küçə həyatına məruz qalmaqla bağlı riskləri araşdırır və bunun əsasında fərdi qayğı və inkişaf planı tərtib edirlər.

Həmin plan əsasında uşaqların sosial, psixoloji, hüquqi problemlərinin həlli, o cümlədən, təhsilə cəlb olunması, sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi, sənəd problemlərinin həlli, müalicə və müayinənin təşkili üçün aidiyyəti dövlət qurumlarına istiqamətləndirmə, eyni zamanda, bir sıra aksiyalar təşkil edərək çətin həyat şəraitində olan bir çox ailəni ehtiyaclarına uyğun yardımla təmin edirlər.

Layihə müddətində İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və hüquqlarının müdafiəsi üzrə Komissiya ilə sosial işçilərin sıx əməkdaşlığı komissyanın əməkdaşlarının sosial iş sahəsində bilik və bacarıqlarının daha da inkişaf etməsinə və onların həssas qruplardan olan uşaqlarla işlərin təkmilləşdirməsinə, bu prosesin davamlı olmasına imkanlar yaradır.

2 aydan artıqdır ki, icra olunan layihəyə əsasən 48 ailəyə sosial işçilər tərəfindən səfər olunub. Ötən müddət ərzində Qazax rayonu üzrə layihədən bəhrələnənlərin sayı 191 nəfər olmuşdur ki, onlardan 76 nəfər birbaşa, 115 nəfər isə dolayısı ilə bəhrələnmişdir. Benefisiarlardan 97 nəfəri uşaqlar olmuşdur. Bunlardan 3 nəfəri sağlamlıq imkanları məhdud olan uşaqlardır.

Aksiyalar çərçivəsində çətin həyat şəraitində olan 8 ailə ərzaq, 3 ailə qurban əti, 5 ailə geyim (xüsusilə məktəbli forması), 6 ailə məktəbli ləvazimatları, 1 ailə maliyyə yardımı ilə təmin edilmiş, 4 nəfər uşaq isə Qazax Müalicə Diaqnostika Mərkəzində sünnət edilmişdir. Bundan əlavə, 1 nəfər əhalinin özünüməşğulluq layihəsinə cəlb olunmuş, digər 1 nəfərin isə itmiş sənədi bərpa olunmuşdur. 

Məlumat üçün qeyd edək ki, iyul ayından başlayan layihə sentyabrın sonunadək davam edəcək.

GOYEZEN.AZ



Facebook-da paylaş