Qazaxda əlilliyi olan qadınlarla bağlı tədbir keçirilib
"Əlil Qadınlar” Cəmiyyəti (ƏQC) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Əlilliyi olan qadınlara yönəlmiş ayrı-seçkiliyə qarşı ictimai fəallığın artırılması tədbirlərinin təşkili” layihəsini həyata keçirir. Layihə çərçivəsində mövzu ilə bağlı növbəti tədbir Qazaxda keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin məsul işçiləri, təhsil, mədəniyyət, məşğulluq, turizm, məhkəmə, polis, prokurorluq orqanlarının, QHT, KİV nümayəndələri, əlilliyi olan qadınlar və əlil təşkilatlarının təmsilçiləri iştirak edib.
"Əlil Qadınlar” Cəmiyyətinin sədri, layihə rəhbəri Məhluqə Rəhimova giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu cür layihələrin, layihə əsasında bölgələrimizdə keçirilən tədbirlərin əsas məqsədi cəmiyyətin ən kövrək təbəqəsi olan əlil insanlara psixoloji xidmət mərkəzlərinin təşkil olunmasıdır. Bundan əlavə, əlilliyi olan qadınlara yönəlmiş ayrı-seçkiliyə qarşı ictimai fəallığın artırılması tədbirlərinin təşkili məqsədilə maarifləndirmə işlərini aparmaqla dövlətimizə və dövlətçiliyimizə dəstək verməkdir.
DAK Azərbaycan nümayəndəliyinin rəhbəri Fatma Sofiyeva çıxış edərək maarifləndirmə xarakterli bu cür layihələrin təşkil olunmasını yüksək qiymətləndirib və əlilliyi olan insanlar üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxışı zamanı Qazaxda bu cür layihələrin və tədbirlərin təşkil edilməsinə görə minnətdarlığını bildirib. Cəmiyyətimizdə əlil qadınların maarifləndirilməsi üçün belə tədbirlərin mütəmadi olaraq təşkil olunmasının vacibliyini vurğulayıb.
Maraqlı diskusiya şəraitində keçən tədbirdə rayon Gənclər İdman İdarəsinin baş məsləhətçisi Aybəniz Orucova, Psixoloji Mərkəzin Psixoloqu Gülnarə Mahmudova və başqaları mövzu ətrafında geniş məruzələrlə çıxış ediblər.
Tədbirdə bildirilib ki, "Əlil Qadınlar” Cəmiyyəti olaraq əlilliyi olan qadınlara və qızlara qarşı ayrı-seçkilik hallarının, fiziki, psixoloji, cinsi və maliyyə zorakılığı daxil olmaqla, mövcud olan bir sıra şiddət növlərinin aradan qaldırılmasında bu cür tədbirlərin təşkil olunması bundan sonra da davam etdiriləcəkdir.
GOYEZEN.AZ
Facebook-da paylaş