“İslam terror və zorakılığı rədd edir” mövzusunda maarifləndirici tədbir keçirilib
Qazax Rayon İcra Hakimiyyətinin
iş planına uyğun olaraq rayonun təhsil müəssisələrində keçirilən maarifləndirici
silsilə tədbirlər bu həftə də davam etdirilib. Rayonun Daş Salahlı kənd 1 və 2
saylı, Hüseynbəyli və Canalı kənd tam orta məktəblərində bu cür tədbirlər
keçirilib. "İslam terror və zorakılığı rədd edir” mövzusunda keçirilən tədbirlərdə
hüquq-mühafizə orqanlarının nümayəndələri, kənd icra nümayəndələri, məktəb
direktorları, sinif rəhbərləri, müəllimlər, yuxarı sinif şagirdləri və
ictimaiyyət nümayəndələri iştirak edib. RİHB Aparatında ictimai–siyasi
və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı
Məhəmməd Orucov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin əhəmiyyəti barədə
tədbir iştirakçılarına ətraflı məlumat verib. Mövzu ətrafında rayon
prokurorunun müavini Qasım Ağayev, rayon Gənclər və İdman İdarəsinin rəisi
Vüqar Nəbiyev, rayon Polis şöbəsinin sahə rəisi Sənan Yusifov, Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhun Rüstəmov,
RİHB-nin Daş Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Tahir
Hüseynli, Hüseynbəyli kənd İƏD-si üzrə nümayəndəsi Adil Nuriyev, Daş Salahlı kənd
1 saylı tam orta məktəbin direktoru Söylü Xəlilova, RTŞ-nin aparıcı məsləhətçisi
Donara Həsənova, QMİ-nin bölgə qazısı İlham Süleymanov və başqaları çıxış
etmişlər. Çıxışlar zamanı qeyd olunub
ki, İslam
sözü lüğətdə "Səlm” və ya "Səlam” köklü olub sülh və əmin-amanlıq mənasını
bildirir. İslam əbədi sülhün təbliğatçısıdır. Terror, zorakılıq və qorxu dini
deyil. İslamla terrorçuluğun eyniləşdirilməsi son iki onillikdə meydana gəlmişdir.
Terror əməlləri qeyri–islam dünyasında müsəlmanlara qarşı nifrətin
formalaşdırılmasına xidmət edir. Terror sözünün mənası ərəb dilində qorxu deməkdir.
ABŞ-da 11 sentyabr 2001–ci il hadisələrindən sonra terrora belə bir açıqlama
verilmişdir. Terror – dinc insanları qorxutmaq, onların yaşayışını məhv etmək,
maraqlarına, namuslarına, azadlıqlarına təcavüz etmək və yer üzərində fitnə-fəsat
törətmək deməkdir. Göründüyü kimi, terrorun əsasını zorakılıq və dəhşət təşkil
edir. Qərb
dünyasında İslamın terrorizmlə eyniləşdirilməsi XX əsrin 90-cı illərinə təsadüf
etmişdir. Bu gün İslam dünyası ilə Qərb arasında böyük anlaşılmazlıqlar
mövcuddur. Təəssüf ki, Qərb dövlətləri belə fikir formalaşdırmağa çalışırlar
ki, guya İslamın təbiətində ekstremizm dayanır. Onlar İŞİD, ƏL-QAİDA,
BOKO-HARAM kimi terrorçu təşkilatlara İslam donu geyindirirlər. Sözsüz ki,
İslama belə bir iftiranın atılması ədalətsizlikdir və günahdır. Ekstremizmin
İslamla əlaqələndirilməsi bütün dünya üçün ağır nəticələrə gətirib çıxara biləcək
kobud səhvdir. Terrorun yaranması tarixinə nəzər yetirdikdə onun İslam
ideologiyası ilə heç bir əlaqəsinin olmadığını aydın görmək mümkündür.
Terrorizmin yaranması 1878-ci ildə 24 yanvarda Vera Zasuliçin general Trepovu
güllələməsi tarixindən qəbul edilir. Bundan sonra İspaniya, İtaliya, Rusiya,
Serbiya, ABŞ, Yunanıstan və başqa ölkələrdə baş vermiş ağır terror hadisələri
Avropa və xristian dünyasında baş vermişdir. Qərb dövlətlərində xristianlar tərəfindən
törədilmişdir. Lakin bütün bunlara baxmayaraq qeyri-müsəlman ölkələri heç vaxt
"xristianlıq terror dinidir” kəlməsini işlətməmişlər. Bəs onda nəyə görə bu gün
bu ifadə, yəni terror sözü İslamla bağlı çox narahatlıqla işlədilir?. Ona görə
ki, qəlbləri hidayət işığı görməyən insanlar tərəfindən ortaya atılmış bu ifadə
yalnız onlar kimiləri üçün inandırıcı ola bilər. Çünki müsəlmanın ruhunda düşmənçilik,
kin, qorxu yaratmaq kimi mənfi fikirlər yoxdur. Mömin müsəlman bəndəsi
"yaradılanı xoş gördük yaradandan ötrü” həqiqətini həyatının mənasına
çevirmişdir. İslamı terrorla əlaqələndirənlər peyğəmbərimizin vida xütbəsindəki
fikirlərə diqqət yetirməlidir. ”Ey insanlar! Qanlarınız, mallarınız və
namusunuz, bu gününüz, bu ayınız və bu diyarınızın müqəddəsliyi kimi müqəddəs və
toxunulmazdır”. Dinimizin
heç bir təlimi terrorizm deyil. Unutmamalıyıq ki, XIII əsrdə fransızlar milyonlarla
əlcəzairlini qətlə yetirmişlər. Almaniyada Hitler, İtaliyada Mussolini, Rusyada
Lenin, Stalin, Çində Mao, tarixdə serb qəssabı kimi tanınan Miloşeviç və digər
diktatorlar heç də İslamdan ruhlanaraq ən böyük vəhşilikləri həyata keçirməmişlər.
Eləcə də, I və II Dünya müharibələrini də
müsəlmanlar başlamamışlar. Xaç yürüşlərini də müsəlmanlar təşkil etməmişdir.
Daha yaxın tarixdə Norveçdə irqiçilik zəminində çoxlu sayda insanı qətlə
yetirmiş Breyvikin də müsəlmanlarla heç bir qan qohumluğu olmamışdır. Bu
nümunələr onu göstərir ki, terrorizmin mərkəzində din deyil, insan faktoru
dayanır. Çünki terrorun və terrorçunun dini və vətəni yoxdur. Əslində bu əməllərin
mərkəzində dini gözdən salmaqla onları dindən uzaqlaşdırmaq, dindarlara qarşı
nifrət yaratmaq məqsədi dayanır. Din pərdəsi altında hər hansı təcavüz elə dinə
qarşı edilmiş zorakı hərəkətdir. Çıxışlar
zamanı göstərilib ki, bu məsələlərdə qeyd olunmalı başqa problem ondan ibarətdir
ki, terrorçu qüvvələr özlərini fundamentalist hesab edirlər. Lakin nəzərə
almırlar ki, həqiqi İslam ardıcılları fundamentalistlərin prinsiplərini inkar
edirlər. Bu problemlərin həlli müsəlman ölkələrindən qarşılıqlı anlaşma, əməkdaşlıq
və həqiqi dini təfəkkürə yenidən nail olmaq, digər ölkələrdən isə obyektivlik və
ədalət tələb edir. Sonda tədbir iştirakçılarını
maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş