• Təqvim

  • Unutma

  • Maraq



Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Qazaxda daha bir məktəbin tikintisi davam edir


Bu gün tam əminliklə söyləyə bilərik ki, son illər Azərbaycan təhsili ölkə Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qayğısı sayəsində yeni inkişaf dövrünə qədəm qoyub. Ölkə başçısının, Heydər Əliyev Fondunun qayğısı, dəstəyi ilə həyata keçirilən layihələr Ulu Öndərin təhsil siyasətinin uğurla davam etdirilməsinə yönəlib. Dövlət başçısının "Neft kapitalını insan kapitalına çevirək” ideyası əsasında reallaşan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər təhsil sahəsinin inkişafına hesablanıb. Azərbaycanda təhsil sahəsinə olan yüksək dövlət qayğısının bariz nümunəsi respublikamızın bütün bölgələrində məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yüzlərlə məktəb binalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulmasıdır. Ölkə rəhbərinin bu sahə ilə bağlı imzaladığı çoxsaylı sərəncamlar, verdiyi tapşırıqlar da bunun əyani sübutudur.

Ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsində Birinci vitse-prezident Mehriban xanımın da xidmətləri danılmazdır. Onun rəhbərliyi altında Fondun həyata keçirdiyi və bütün ölkədə böyük rəğbətlə qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb” və "Təhsilə dəstək” layihələri çərçivəsində ölkə üzrə yüzlərlə orta məktəb binaları tikilir, təmirə ehtiyacı olan məktəb binaları əsaslı şəkildə yenidən qurulur.

Bu gün sevindirici haldır ki, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da yüksək səviyyədə hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yeni məktəb binaları inşa olunur. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəb əsaslı şəkildə yenidən qurularaq 15 sentyabr – Bilik Günündə müəllim və şagirdlərin istifadəsinə verildi. 


Hazırda Dövlət Proqramında tikintisi nəzərdə tutulan Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa olunur. Bu, dövlətin təhsil sahəsinə olan növbəti qayğısıdır.

İş icraçısı Elnur Verdiyevin sözlərinə görə 1967-ci ildən əsası qoyulan kənd məktəbi üçün yeni inşa edilən binada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Bu ilin yanvar ayından tikintisinə start verilən məktəb binası zirzəmisi olmaqla 2 mərtəbədən ibarətdir. Məktəbdə həcmi 25 kubmetr olan içməli su anbarı, həcmi 120 kubmetr (hər birinin həcmi 60 kubmetr olan 2 ədəd) olan yanğından mühafizə üçün su anbarı, su nasosu stansiyası, qazanxana, idman zalı, akt zalı, yeməkxana və oyun meydançası inşa ediləcək.

İş icraçısı yeni tikilən məktəbdə işlərin sürətlə davam etdirildiyini bildirir. Qeyd edək ki, artıq birinci və ikinci mərtəbələrdə daxili suvaq işləri başa çatıb. İdman zalında isə suvaq işləri bitmək üzrədir. Məktəb binasının xarici fasadında isə işlər davam etdirilir. Hər iki mərtəbədə elektrik və santexnik işləri tamamlanıb, istilik sistemi çəkilib. Məktəb binasının və idman zalının dam örtüyünün vurulması üçün hazırlıq işləri - tol vurulması və izolyasiya işi yekunlaşıb. Yaxın günlərdə pəncərələr qoyulacaq. Məktəb ətrafında 700 metr hasar çəkilir ki, artıq yarıdan çoxu hörülüb. Su anbarlarının tikintisi davam edir.

Məktəbin müəllim-şagird kollektivi, valideynlər, kənd sakinləri yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu gün də minnətdarlıq edir, razılıqlarını bildirirlər.

Məlumat üçün onu da qeyd edək ki, rayonda Sarıvəlli kənd tam orta məktəbin tikintisi ilə yanaşı, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni bina inşa olunur ki, məktəbin tikintisi yekunlaşıb.


GOYEZEN.AZ



Facebook-da paylaş