Qazax Rayon Mərkəzi Xəstəxanasında yeni fəaliyyətə başlayan cərrah həkimlərimizi tanıyaq
Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan səhiyyəsinin ötən əsrin 70-ci illərindən sonrakı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, əksər iri tibb müəssisələri məhz Ümummilli Liderin hakimiyyəti dövrlərində inşa edilib. Yalnız paytaxtda deyil, regionlarda da çoxprofilli xəstəxanalar əhalinin istifadəsinə verilib. Müdrik siyasətçinin ölkəmizə rəhbərlik etdiyi illərdə bir çox mütəxəssislər tibbi biliklərinin təkmilləşdirilməsi üçün xaricə göndərilir, öz peşə və bacarıqlarını inkişaf etdirib Vətənə qayıdıblar.
Məhz bu siyasəti olduğu kimi davam etdirən Prezident İlham Əliyevin gərgin zəhməti sayəsində ölkəmizdə bütün sahələrdə dinamik inkişaf templəri müşahidə edilir. Müasir dövrün tələblərinə uyğun olaraq, yüksəkixtisaslı kadrların hazırlanması, milli səhiyyə sistemində mütərəqqi idarəetmə texnologiyalarının tətbiqi, innovativ layihələrin reallaşması, yüksək İKT tətbiqlərin istifadəsi ilə səhiyyənin rəqəmsallaşdırılması, uğurlu menecment sisteminin istifadəsi sahəsində müxtəlifyönümlü işlər icra olunur. Heydər Əliyev Fondu və onun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da daima əhalinin sağlamlığının qorunmasına qayğı göstərir. Birinci vitse-prezidentin təşəbbüsü ilə səhiyyənin ən çətin problemlərinin həlli üçün icra edilən proqramlar əhalinin, xüsusən də gənc nəslin sağlamlığının qorunmasında mühüm rol oynayır. Görülən işlərin uğurlu nəticəsidir ki, bu gün sağlamlıq göstəricilərinə görə ölkəmizin beynəlxalq arenada mövqeyi möhkəmlənməkdədir. Səhiyyə sahəsində həyata keçirilən məqsədyönlü islahatlar Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilib.
Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi sahəsində son illərdə görülən işlər göz qabağındadır. Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan dövlət proqramları müstəsna rol oynayır. Dövlət proqramlarının uğurlu icrası sayəsində ölkə üzrə bütün tibb müəssisələri yenidən qurulur. Prezident İlham Əliyevin qayğısı ilə ölkəmizdə səhiyyə sahəsində yüksəkixtisaslı kadrların, peşəkar həkimlərin hazırlanması istiqamətində də məqsədyönlü işlər həyata keçirilir. Ən önəmlisi isə odur ki, həkimlərin əhalinin sağlamlığının keşiyində dayanması, vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərmələri üçün onlara hər cür şərait yaradılır.
Dövlət qayğısı sayəsində yenidən qurulan və 2020-ci ilin 3 mart tarixində ölkə başçısının iştirakı ilə açılışı olan Qazax Rayon Mərkəzi Xəstəxanası da bu gün müasir tibb ocaqları sırasında dayanır. Üç hektarlıq ərazidə 145 çarpayılıq müasir tibb müəssisəsi xaricdə istehsal olunan avadanlıqlarla təchiz edilib. Xəstəxanada doğum, terapiya, cərrahiyyə, uşaq xəstəlikləri, anesteziologiya-reanimasiya, poliklinika, şüa-diaqnostika, hemodializ və digər şöbələr fəaliyyət göstərir. Xəstəxana binasında qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə yanaşı, yoluxucu xəstəliklər korpusu, Gigiyena və Epidemiologiya Mərkəzi də fəaliyyət göstərməkdədir.
İstər COVID-19 pandemiyası zamanı əhalinin sağlamlığının keşiyində dayanan, istərsə də 44 günlük Vətən müharibəsində yaralananların həyatı uğrunda savaşda misilsiz xidmətlər göstərən Qazax səhiyyəsi hər zaman seçilib. Qazaxlı tibb işçiləri hər zaman öz işlərini məsuliyyətlə yerinə yetirir, səhiyyə sahəsinin inkişafı istiqamətində qarşıya qoyulmuş vəzifələri layiqincə icra edirlər. Bu gün Qazaxda əhaliyə səhiyyə sahəsində yüksək səviyyədə tibbi xidmət göstərmək üçün bir sıra işlər görülür. Yüksəkixtisaslı kadrların, gənc həkimlərin xəstəxanaya cəlb olunması da məhz ən ümdə məsələlərdən biridir. Bu günlərdə “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsə 4 nəfər yeni gənc cərrah həkimin təyinat alması bu söylədiklərimizin bariz nümunəsidir. Gənc həkimlərin paytaxdan uzaqda, mənfur düşmənlə 168 km məsafədə sərhəddə yerləşən Qazax rayonunda fəaliyyət göstərməsi və əhalinin sağlamlığının keşiyində dayanması hər kəsi sevidirir. Həmin gənc həkimlərimizi tanıyaq.
Babayev Araz Cavanşir oğlu 1991-ci ildə Rusya Federasiyası Kropotkin şəhərində anadan olub.
2008-ci ildə O.O.Bogomolets adına Ukrayna Dövlət Tibb Universiteti Müalicə Profilaktika fakültəsinə daxil olub.
2017-ci ildə TUS imtihanına girərək İzmir Katip Çelebi Üniversiteti Atatürk Eğitim və Araştırma xəstəxanasında uzmanlıq təhsilinə başlayıb.
2022-ci ildən ümumi cərrahiyyə uzmanı adını alıb.
2022-2024-cü illərdə İzmir Özəl Sağlık xəstəxanasında həkim-cərrah olaraq işləyib.
2024-cü ildən etibarən Vətənə qayıdaraq Sabunçu Tibb Mərkəzində həkim-cərrah kimi çalışıb.
Hazırda isə Qazax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-cərrah olaraq fəaliyyətə başlayıb.
Zeynallı Teyyub Səfiyar oğlu 1992-ci ildə Bakı şəhərində anadan olub.
2009-cu ildə Ukraynın Kiyev şəhəri A.A.Boqomolca adına Tibb Universitetinin Müalicə Profilaktika fakültəsinə daxil olub.
2016-2018-ci illərdə P.L.Şupika adına Tibbi Akademiyanın klinik ordinaturasını keçib.
2023-cü ildən etibarən Vətənə qayıtdıqdan sonra Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim cərrah olaraq fəaliyyətə başlayıb
Hazırda isə Qazax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-cərrah olaraq fəaliyyət göstərir.
Məmmədov Vasif Abdulla oğlu 1991-ci ildə Bakı şəhərində anadan olub.
2010-cu ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsində daxil olub.
2007-2015-ci illərdə “Azərbaycan gənclərinin xaricdə təhsili” dövlət proqramı çərçivəsində baza tibb təhsilinin davamını İstanbul Universiteti İstanbul Tibb Fakültəsində (ÇAPA) alıb.
2015-2021-ci illərdə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsində Ümumi Cərrahiyyə kafedrasında və daha sonra Türkiyə Cümhuriyyəti Sağlık Bilimləri Universiteti Prof.Dr. Cemil Taşçıoğlu Şehir Eğitim və Araşdırma Xəstəxanasında uzmanlıq təhsili alıb. 2021-ci ildən ümumi cərrahiyyə uzmanı adını alıb.
2021-2023-cü illərdə Bezmialalem Vakıf Universiteti Tibb Fakültəsində həkim-cərrah olaraq işləyib.
2023-cü ildən etibarən Vətənə qayıdıb və 6 ay Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim cərrah olaraq fəaliyyətə başlayıb. Daha sonra Sabunçu Tibb Mərkəzində Əməliyyatxana bölməsinin müdiri vəzifəsində çalışıb.
Hazırda isə Qazax Rayon Mərkəzi Xəstəxanasının 2-ci Cərrahiyyə şöbəsində (köhnə adı Qazax Müalicə Diaqnostika Mərkəzi) həkim-cərrah olaraq fəaliyyətə başlayıb.
Onu da qeyd edək ki, Vasif Məmmədov 44 günlük Vətən müharibəsində Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı Xəstəxanada yaralı əsgərlərimiz üzərində çoxsaylı uğurlu əməliyyatlar həyata keçirib.
Dağıstanlı Şəhriyar Dayandur oğlu 1992-ci ildə Bakı şəhərində anadan olub.
2011-2017-ci illərdə Xarkov Milli Tibb Universiteti Müalicə profilaktika fakültəsində təhsil alıb.
2017-2019-cu illərdə ümumi cərrahiyyə ixtisası üzrə ordinaturadan keçib.
2021-2025-ci illərdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah olaraq fəaliyyət göstərib.
Hazırda isə Qazax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-cərrah olaraq fəaliyyətə başlayıb.
Gənc həkimlərimizə gələcək işlərində, fəaliyyətlərində uğurlar arzulayır və Qazaxda vətəndaşların tibbi xidmətində dayandıqları üçün razılığımızı ifadə edirik.
Facebook-da paylaş