• Təqvim

  • Unutma

  • Maraq



Qazax Rayon Mərkəzi Xəstəxanasının kollektivi Vətən müharibəsinin həkim şəhidi tibb xidməti leytenantı Adil Əfəndiyevin ildönümündə xatirəsini yad ediblər


2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi cəmi 44 gün davam etdi. Ötən müddət ərzində hər gün Azərbaycan xalqının yaddaşına şanlı Qələbə, Zəfər günü kimi yazıldı. Qarabağ adlı haqq savaşında Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində 10 noyabr tarixi yaddaşlara Zəfər Günü kimi həkk olundu. 

Bu müqəddəs yolda zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Vətən müharibəsində qanı ilə tarix yazaraq 25 yaşında Şəhidlik zirvəsinə ucalan oğullardan biri də tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğludur.


Oktyabrın 25-də 44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə dillərə dastan olan şəhidimizin ildönümüdür. 

Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra Ali Baş Komandanın müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun şəhadətindən 2 il ötür.  

Qazax Rayon Mərkəzi Xəstəxanasının həkim kollektivi də igid Vətən oğlunun əziz xatirəsini daim ehtiramla yad edir. Qəhrəman şəhidimizi doğum və anım günündə ehtiramla yad edirlər.

Ənənəsinə sadiq qalan xəstəxananın kollektivi bu gün şəhidimizi ildönümündə də yad ediblər. Şəhər qəbiristanlığına gələrək həkim şəhidin məzarını ziyarət edib, igid Vətən oğlunu ehtiramla anıblar. 

Sonra qəhrəman şəhidimizin Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında yerləşən bulaq kompleksinin önündə anım tədbiri keçirilib. 

Tədbirdə şəhidimizin atası Qədir Əfəndiyev, anası Afət Əhmədova, xəstəxananın həkim kollektivi, şəhidimizə ehtiram göstərən hər kəs iştirak edib. 

Şəhidin bulağı önünə güllər düzülərək əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Adil kimi qəhrəman şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu olduğumuzu bildirib. Qəhrəman şəhidin Vətəninə olan sevgisinin, döyüş meydanında göstərdiyi igidliyinin, həkim kimi peşəsinə olan hörmətinin bugünkü və gələcək nəsillərə örnək olduğunu söyləyib. İllər ötsə belə gənc həkimlərin Adil Əfəndiyev məktəbindən nümunə götürəcəklərini qeyd edib. Rəhbərlik etdiyi xəstəxananın həkimləri olaraq həkim şəhidin xatirəsini daim yad edəcəklərini, adını uca tutacaqlarını vurğulayıb. S.Məmmədova Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, eləcə də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərdikləri qayğının Qazax Rayon Mərkəzi Xəstəxanasının kolektivi tərəfindən bundan sonra da hər zaman nümunə götürüləcəyini diqqətə çatdırıb.

Şəhid ailələrinə göstərilən qayğıya görə razılığını bildirən şəhidimizin atası Qədir Əfəndiyev buna görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Şəhid ailəsi kimi onları daim diqqətdə saxladığına, ziyarət etdiyinə görə rayon rəhbərliyinə razılıq edib. Övladının daim yad olunmasını, xatırlanmasını razılıqla qarşılayan şəhid atası bugünkü tədbirin keçirilməsinə görə təşəkkürünü bildirib. 


Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.


25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.  

Qəhrəman şəhidimizin adını əbədiəşdirmək üçün Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında bulaq-abidə kompleksi inşa olunub, yaşadığı evin önündə barelyefi vurulub.

GOYEZEN.AZ 



Facebook-da paylaş