Mövsümi xəstəliklər: onlardan necə qorunmalı?
Havaların soyuması ilə xəstəliklərin də sayı artır. Belə ki, mövsüm dəyişikliyi zamanı insan orqanizmdə immunitet zəifliyi yaranır. Bunun nəticəsində yuxarı tənəffüs yollarının xəstəlikləri bronxit, qrip və soyuqdəymə kimi müxtəlif xəstəlikərə yoluxuruq.
Həkimlər payızda xəstəliklərə yoluxma ehtimalını azaltmaq üçün yayın sonlarından orqanizmə qulluq etməyi məsləhət görürlər. Bununla yanaşı, immuniteti gücləndirmək üçün A və C vitaminləri ilə zəngin olan meyvə-tərəvəz, süd və süd məhsulları ilə qidalanmaq məsləhət görülür. Ümumiyyətlə, payızda qidalanmaya xüsusi diqqət yetirmək lazımdır.
Bu barədə GOYEZEN.AZ saytına müsahibə verən Qazax rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sanitariya-gigiyena şöbəsinin müdiri Reyhan Heydərova bildirib.
Həkim qeyd edib ki, payız fəslində insanlar daha çox qrip infeksiyasına yoluxurlar. Soyuqdəymə zamanı bədənin müəyyən hissəsi ağrıyırsa, qriplə yoluxduqda bütün bədən əzginləşir.
Qrip - yuxarı tənəffüs yollarının kəskin infeksion yoluxucu virus xəstəliyidir. Bu xəstəliyə həm insanlar, həm də heyvanlar və quşlar yoluxurlar. Onun sözlərinə görə xəstəliyin əsas xüsusiyyəti inkubasiya dövrünün qısa (1-2 gün) olması və çox sürətlə yayılmasıdır. Ən çox yuxarı tənəffüs yolları və ağ ciyərlər zədələnir. Xəstəliyin əsas əlamətləri: birdən-birə və kəskin başlaması, temperaturun yüksəlməsi, öskürmə, asqırma, boğaz ağrısı və immunitetin zəifləməsidir. Orqanizmdə gedən ümumi intoksikasiya zəifliyə, baş və əzələ ağrısına səbəb olur. Xəstəliyin birinci günündən yuxarı tənəffüs yollarının iltihabı, zökəm, əsnəkdə qızartı, kiçik yaşlı uşaqlarda isə qusma, cəngolma və s. baş verir. Kəskin əlamətlər 2-5 gün davam edir. Sonra isə xəstənin vəziyyəti tədricən yaxşılaşır.
Vurğulayıb ki, qrip virusu bütün mövsümi epidemiya şəklində yayılır və hər il orta hesabla 250-500 min insanın ölümünə səbəb olur. Qrip epidemiyası A serotip virusu ilə hər 2-3 ildən, B serotipi 3-4 ildən bir baş verir. C serotipi ilə ən çox kiçik yaşlı uşaqlar tək-tək xəstələnirlər. Keçirilmiş xəstəlikdən sonra qısa müddətli immunitet yaranır. Qripin A tipinin əsas daşıyıcısı su hövzələrinin vəhşi quşlarıdır. B tipli virus insanlar və su itləri arasında yayılıb. C tipli qrip virusuna isə insan və heyvanlar arasında rast gəlinir.
R.Heydərova deyib ki, soyuqdəymə təzahürlərinin səbəbləri düzgün həyat rejimi keçirməmək, fiziki aktivliyin az olması, bədəni soyuğa vermək, infeksiyalardan qorunmamaqdır. Əgər hərarətiniz çox yüksəkdirsə, ehtimal ki, bu qripin əlamətidir. Mövsümi xəstəliklərə tutulmamaq üçün uzun müddət soyuq havada qalmamaq, bundan əlavə, tərkibində vitaminlər çox olan qida qəbul etmək lazımdır. Fəal həyat tərzi də zəruridir. İnsanların toplandığı yerlərə getmək məsləhət görülmür.
Həkim onu da bildirib ki, mövsümi xəstəlik olan qripə yoluxmuş xəstəni yataq rejmində saxlamaq, isti vannalardan, meyvə və mürəbbələrdən istifadə etmək, onlara çay, süd vermək lazımdır. Qripin spesifik müalicəsi üçün qrip əleyhinə immun qammaqlobunillərdən, antibiotik və sulfanilamid preparatlarından istifadə olunmalıdır. Qriplə xəstələndikdə evə həkim çağırılmalı, xəstənin qab-qacağını, dəsmalını, paltarını ayrıca saxlamaq və sonradan onları mütləq qaynatmaq lazımdır. Birdəfəlik qoruyucu maskalardan istifadə etmək, otaq əşyalarını və döşəməni yaş dəsmalla silmək, əlləri tez-tez sabunla yumaq lazımdır.
Qripin profilaktikası və müalicəsi üçün epidemiyadan əvvəl oktyabr, noyabr aylarında uşaqlar arasında vaksinasiya aparılmalıdır. Şəxsi profilaktika məqsədi ilə gündə iki dəfə burun dəliklərinə 0,25%-li oksolin məlhəmi sürtülməli, tez-tez əllər, əşya və səthlər dezinfeksiya olunmalıdır.
Facebook-da paylaş