• Təqvim

  • Unutma

  • Maraq



Qızılı saçlı gözəl

PAYIZ DÜŞÜNCƏLƏRİ----------------------------------------


Ömrümüzə payız gəlib - qızıl payız. Saralmış saçlarını yerə sərmiş, indicə ağlayacaq kimi dolmuş, buludgöz gözləri ilə bizi süzən qızıl payız. Baharın allı-güllü çiçəklərindən, yayın günəşli günlərindən doymamış, ömrün qaynar duyğularından, görüşün vüsalından doyunca kam almamış ömrün qapısını qərib bir adam kimi gəlib kəsdirib payız. Məlhəm görüşlərin, odlu baxışların, qaynar öpüşlərin dadı damağımızdan getməmiş.
Qızılı saçlı gözəl
Bir də ayılıb görmüşük ki, ağaclar çılpaq qalıb, soyuqdan budaqlar tənha bir qızın əlləri kimi özünü pəncərəyə çırpır. Elə bil tənha, soyuqdan üşüyən qız pəncərəni döyüb “məni içəri buraxın” deyir. Vaxtilə yaşıllıqlar arasında salınmış gizli-gizli izlər üzə çıxır. Pünhan sevgilərin üstü açılır.

Yamyaşıl sevgilər qaldı uzaqda,
Daha ayrılığın üzü bəridi.
Tənha pəncərəmi döyən budaqlar,
Soyuqdan üşüyən qız əllərdi.

Payızın xəbərçisidir külək. Ağacların yarpaqlarını tökən də küləkdi, payız xəbərini verən də küləkdi. Küləklər saralmış yarpaqları ünvansız, gecikmiş məktublar kimi elədən eləyə qovur, belədən beləyə. Yarpaqların qışqırtısını, harayını eşitmirmiş kimi.
Qızılı saçlı gözəl
Pərişan göylərin hayqırtısını, göz yaşlarını qulaq ardına vurur külək. Yarpaqların son sözləri durna qatarlarının son nidaları kimi eşidilməz olur. Nə ulduz yoxdu ki, ümid ola, nə də günəş yoxdu ki, arxa dura yarpaqlara.

Pərişan göylərin qaçıb bənizi,
Ulduzlar hardasa düşüblər pərən.
Qucub bir sevginin ləpirlərini,
Saralmış yarpaqlar nə deyir görən?

Hər saralmış yarpaq nakam bir sevginin nişanəsidir, sonuncu dəfə torpağı qucaqlayıb pünhan saxlamaq istəyir sevgisini. Lakin sevgilər yetim uşaqlar kimi qalır küçədə. Nə sahib duranı var, nə də qayğısına qalanı.

Elə ona görə də tənha, kimsəsiz, sarala-sarala, qışqıra-qışqıra, ağlaya-ağlaya küçələrdə, çöıdə, bayırda qalıb ömrünü torpağa tapşırır yarpaqlar. Gözlərdən, baxışlardan yaranıb ürəklərə köçən və son anda göz yaşları ilə torpağa tökülən yetim sevgilərin taleyinə bir bax.
Qızılı saçlı gözəl
Bu tale, qismət günəşdən yaranıb ağacda özünə yuva quran payız küləklərinə dözməyib yerə tökülən və son anda torpağa gömülən yarpaqların taleyinə necə də oxşayır. Yetim sevgilərlə saralmış yarpaqlar. Hər ikisi sonsuz bir aləm, yoxluq və əbədiyyətdir. Saralmış yarpaqlar nə deyir görəsən? Biz onu duya bilərikmi? Əsla yox. Bəlkə də...

Yağışı da var payızın. Hələ ilıqlığını, məlhəmliyini, doğmalığını itirməmiş bir yağış. Ömrü küləyi ilə dağlayır, bulud gözləri ilə ağlayır payız. Özü də için-için elə ağlayır ki, nə kiritmək olur, nə də təskinlik vermək.
Qızılı saçlı gözəl
Axı, necə təskinlik verəsən, nə təhər kiridəsən payız yağışını. Bahar gedib, durna qatarı köçüb, sevgisi daşa dəyib. Di gəl ona isti bir söz de, qəlbini oxşa, dərdini ovut.

Durna qatarı da bu yurddan köçdü,
Bu eşqin sonunu gözləmə, gecdi.
Bahar əl eləyib, yay ötdü keçdi,
Gözəlim, bu payız mənimki deyil.

Bəs kiminkidir bu payız görəsən? Yoxsa... Yoxsa vüsala yetənlərin, kama çatanlarındır. Əsla yox. Əgər vüsala yetənlərindirsə, bəs onda niyə gül açmır payızda? Niyə toyların gurultusu, adamların hay-harayı, qədəhlərin cingiltisi payızı öz tənhalığından qurtara bilmir. Nə üçün insan şən günləri deyil, xatirələri ilə baş-başa qalır payızda? Ona görə ki...

Ömrüm yaman yerdə düşdü çətinə,
Payız de, torpaq gülmü bitirər?
Alıbdı qoynuna məni xatirə,
Daha payızdandı... yay ötdü keçdi.

İnsan ömrünün düşünən dövrüdü payız. İnsanın əlini alnına söykəyib olub keçənləri saf-çürük etdiyi ömür çağıdı payız. Payız - oğlanın pencəyinin yadından çıxıb qızın çiynində getdiyi bir görüş anıdır. Çiçək əllərin üşüdüyü, gülən çöhrənin hərdən bulud aldığı bir zamandı.
Qızılı saçlı gözəl
Pərən düşən günləri, üzü dönük çıxan sevgini haraylasan da hay verməyir, xatirələri sevgilin kimi qoynuna nə qədər bassan da qızdırmır ürəyini, günəş çıxsa belə isitmir kürəyini.

Pərən düşən günlər əyib qəddimi,
Saralmış yarpaqlar de, son ümidmi?
Elə üşüyürəm gün də isitmir,
Daha payızdandı ... yay ötdü keçdi.

Nə qədər təskinlik versən də, dünyanın ən şirin, ən gözəl sözlərini desən də ağlayır payız. Bəlkə... Bəlkə də elə bütün bunlara görədir ki, kimsə ürəyinə, ömrünə yaxın buraxmaq istəmir payızı.
Qızılı saçlı gözəl
Ancaq sən onu nə qədər istəməsən də, nə qədər yaxın buraxmasan da o sənin ömrünə gələcək və gəlir də. Çağrılmamış qonaqlar kimi. Onu nə qədər sevməsən də o səni sevəcək sonuncu görüş kimi.

Küləyi göndərib xəbərə,
Nə yaman qaçıbdı bənizi?
Kim nə deyir-desin, sevirəm,
Sarısaç, buludgöz o qızı –
Payız.

Və son olaraq onu da deyim ki, Payız mənim iç dünyam, mənim duyğularım, mənim kiməsə deyə bilmədiyim sözlərdi. Sonuncu şöləsi titrəyən bir şamdı Payız. Onu qorumaq və onunla başqa bir şamı da yandırmaq lazımdı. Yoxsa... Yoxsa qaranlıqlar aydınlığa çıxmaz, yoxsa zülmət gecədən sonra sabah açılmaz.

Üstümə qəm, kədər ələdi payız,
Məni göz yaşıma bələdi payız,
Ağlını itirib dəlidi payız,
Gözəlim, bu payız mənimki deyil.

Bəs bu gələn Payız görəsən kimindi ?....

Elçin İSMAYIL


Facebook-da paylaş