• Təqvim

  • Maraq



Artıq Xocalı səması öz üçrəngli, ay-ulduzlu bayrağını ağuşuna almaqla yenidən aydınlanıb


Düz 31 il sonra qanlara, qadalara, vəhşiliklərə şahidlik etmiş Xocalı səması öz üçrəngli, ay-ulduzlu bayrağını ağuşuna almaqla yenidən aydınlaşdı. Düz 31 il səmasında qara buludların göz yaşı tökdüyü Xocalı səması yenidən lacivərd ulduzlarla bəzəndi. Düz 31 il əvvəl... 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə bütün ölkəni erməni xofu bassın deyə Xocalı məhv edildi, günahsız, əliyalın əhali beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozan Ermənistan silahlı qüvvələri tərəfindən misli görünməmiş qəddarlıqla vəhşiliyə məruz qaldı. Azərbaycanın Xocalı şəhəri işğal və talan edilərək yer üzündən silinməyə məhkum edildi. Beynəlxalq hüquq normalarına, insan hüquqları üzrə ən müxtəlif konvensiyalara məhəl qoymayan erməni hərbi birləşmələri mülki əhalini planlı şəkildə qətlə yetirmək məqsədilə zorakılıqdan qaçıb qurtarmaq istəyən əhalini ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələdilər, şüurlu, məqsədli şəkildə, bilərəkdən insan mənliyini təhqir edərək insanları hər cür üsullarla öldürdülər, şikəst etdilər, onlara qarşı qəddar davranaraq əzab və işgəncə verdilər, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlərlə girov və əsirlikdə saxladılar, bu zaman isə ən qəddar üsullara əl atdılar. Təhqiramiz, alçaldıcı rəftarla onları soyqırımı, işgəncə, deportasiya, zorlama, cinsi köləlik və s. cinayətlərə məruz qoydular. Ana bətnindəki körpənin həyatı yarımçıq dayandırılarkən kiçicik ürəyinin “yaşamaq istəyirəm” fəryadı və işgəncələrlə həyatı sonlandırılmağa məhkum qocanın “ölmək istəyirəm” naləsi Xocalı səmalarında ərşə calandı. 

Fevralın 26-sı gecə saat 01:00-04:00. Zaman və vaxt Xocalının fəryadının ərşə bülənd olduğu vaxt idi. Yanıb-qovrulan Xocalının tüstüsünün göylərə çəkildiyi vaxt idi.

Məhz həmin soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Bunların içərisində 8 ailə tamamilə məhv edildi, 56 nəfər xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü, 27 ailənin yalnız 1 üzvü qaldı,  25 uşaq hər iki valideynini itirdi, 130 uşaq valideynlərindən birini itirdi, 230 ailə öz başçısını itirdi, 487 insan şikəst oldu (onlardan 76 nəfər həddi-buluğa çatmayanlar idi), 1275 insan əsir götürüldü, 1165 nəfəri daha sonra girovluqdan azad etmək mümkün oldu, 150 nəfərin taleyindən isə indiyə kimi heç bir məlumat yoxdur. Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində beynəlxalq hüquqa əsasən Xocalıda mülki əhaliyə qarşı aparılmış hücumlara münasibətdə soyqırımı cinayətinin aşağıdakı elementlərinin mövcudluğu müəyyən edildi. Öldürmə və bədənə fiziki və mənəvi xəsarətə səbəb olmaqdan ibarət actus reus (əməlin obyektiv tərəfi), cinayət əməlinin sahiblərinin hədəfinə tuş gələn xüsusi mühafizə olunan qrupun mövcudluğu, irqi, etnik, milli və ya dini əsaslarla fərqlənən qrupun tam və ya qismən məhv edilməsi üçün xüsusi soyqırımı niyyəti kimi dəhşətlər.

İstintaq nəticəsində Xocalıda törədilmiş cinayətlərə münasibətdə cinayət təqibinin davam etdirilməsi üçün qrupu tam olaraq və ya qismən məhv etməyə yönəlmiş niyyətin mövcudluğu üzrə birmənalı və əsaslı sübutlar, məhv etmə halının Xocalıda baş verməsi müəyyən edilmiş qrupa tam olaraq nəticələr yaratması üçün “kifayət” etməsi, cinayətin xüsusi coğrafi məkanda törədilməsinin mövcud olduğu müəyyən edilmişdir.

İşğal nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdıldı.

“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi.

Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanındı və xatırlandı. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları, həmçinin ABŞ-ın 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edildi. 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edildi. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar.


“Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verildi. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Justice for Khojaly informasiya portalı Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan təbliğat platformasıdır

Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi, Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi, müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması “Xocalıya ədalət” kampaniyasının strateji məqsədləridir.

Xocalının aman və imdad diləyi ilə yarası düz 31 il qübar eylədi. Düz 31 il bu tükürpədici hadisə bizi qəmə, qüssəyə, kədərə qərq etdi. Düz 31 il hər il Xocalının iniltisini, fəryadını eşidərək göz yaşı tökdük. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirildi. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak etdilər. Siyasi dialoqun təzahürü olaraq yürüşdə dövlət rəsmiləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak etdilər.

Və artıq 31 il sonra müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Bu gün Xocalı səmasını ancaq gülümsəyən buludlar bəzəyir. Xocalı şəhidlərinin ruhu dolaşan küçələr abadlaşır, Xocalı azad və abad günlərinə qovuşur. Xocalıda möhtəşəm mərasimlər, açılış və ya təməlqoyma mərasimləri keçirilir. Xocalı hər gün addım-addım öz əvvəlki əzəmətinə qovuşur. 2024-cü il fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli Fərmanı, 2024-cü il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldular. 2024-cü il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər. 2024-cü il iyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı Hava Limanında oldu, 2024-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış oldu.

Bütün bu tədbirlər Xocalını sevindirir, Xocalıya ruh verir, qanad bəxş edir. Çünki öz dəmir yumruğu ilə onu azadlığa qovuşduran, ona Böyük Qayıdışı yaşadan əbədi nurdan doğulan sönməz işığın, Xocalı sabahlarına açılan əbədi günəşin, bükülməz qolun, qüdrətin, düşmənin başı üstündə olan dəmir yumruğun Xocalıya hər gəlişi bir yeni tarix, bir yeni şanlı səhifə, bir yeni və daha möhtəşəm salnamədir. Bakının qoynunda illərlə ah-nalə ilə intiqamını gözləyən Ana və qucağındakı körpə bu gün daha vüqarlı, daha əzəmətlidir. Çünki Onun qisası alınıb. Təkcə qisası alınmayıb, həm də Onun ruhunun pərvazlandığı səmalarda Azərbaycan qartalları şığıyır qarğa-quzğunu məhv etmək üçün. 

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş