• Təqvim

  • Maraq



Bu gün qanı ilə tarix yazan Vətən müharibəsi şəhidi leytenant Elmar Bayramlının cənnətdəki doğum günüdür

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Vətən müharibəsi!. O müharibə ki, 2020-ci ilin 27 sentyabrında başladı və 10 noyabrında böyük Qələbə ilə başa çataraq hərb tariximizin zəfər salnaməsi kimi yaddaşlara yazıldı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə 44 gündə son qoyan Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Bu, o müharibədir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı igid Vətən oğullarının qələbə qazanmasının, torpaqlarımızın ərazi bütövlüyü uğrunda başladığımız haqq savaşımızın əsas qayəsi, əsgər və zabitlərimizi, hərbçilərimizi qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafında sıx birləşməsi bütün dünyaya qüdrətli Azərbaycanın var olmasını sübut etdi. Azərbaycanın müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi. Hərb tariximizə şanlı zəfərlərlə dolu günlər yazdı. 

Bu gün vətəndaş olaraq hər birimiz fəxarətlə, qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz heç vaxt unudulmayacaq. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur.

44 günlük Vətən müharibəsində iştirak edən və 22 yaşında adını Şəhidlik adlı uca zirvəyə yazdıran igid Vətən oğullarından biri də şəhid leytenant Bayramlı Elmar İsa oğludur.


Bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Elmar Bayramlının cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 26 yaşı tamam olacaqdı... 

GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Elmar Bayramlı da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Elmar kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Elmar tək oğullarımızdan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!


Leytenant Elmar Bayramlı 2 sentyabr 1998-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1 sentyabr 2005-ci ildə Qazax rayon Birinci Şıxlı kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2016-cı ildə Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin 11-ci sinifini bitirmişdir. 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2020-ci ildə həmin məktəbi bitirmişdir. 2020-ci ildə leytenant rütbəsi almış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində “Tağım komandiri” vəzifəsində xidmətə başlamışdır. 

Şəhid leytenantımız 29.09.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 30.09.2020-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. 

Şəhid Elmar Bayramlı da ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Laçının azad olunmasına görə” Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 

Qürurverici olan odur ki, bu gün şəhidimizin adını yaşadan balaca Elmar böyüyür. Şəhidimizin hərbçi qardaşının oğul payı şəhid əmisinin adını yaşadır. 

 




Facebook-da paylaş