Bu gün Vətən müharibəsində qanı ilə tarix yazan şəhid gizir Turan Məmmədovun cənnətdəki növbəti doğum günüdür
Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------
2020-ci ilin 27 sentyabr tarixi! Bu, o tarixdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımız azad olundu. Haqq səsimizi bütün dünyaya çatdıran Vətən müharibəsində, İkinci Qarabağ savaşında ordumuzun əsgər və zabitləri, hərbçiləri, igid Vətən oğulları əsl qəhrəmanlıq göstərərək Azərbaycan Ordusunun gücünü, qüdrətini düşmənlə yanaşı, bütün dünyaya göstərdilər.
Bu gün hər birimiz fəxarətlə, qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz heç vaxt unudulmayacaq. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur.
Qazax rayonundan olan igid oğullarımız da İkinci Qarabağ müharibəsində gedən döyüşlərdə qəhrəmancasına mübarizə apardılar. Böyük tarixi Qələbənin qazanılmasında igidlik göstərən və torpaqlarımızın azad olunmasında qəhrəmancasına şəhid olan oğullarımızdan biri də gizir Məmmədov Turan Nadir oğludur.
Bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş Turan Məmmədovun cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 31 yaşı tamam olacaqdı...
GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Turan Məmmədov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Turan kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Turan tək oğullarımızdan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!
Şəhid gizir Məmmədov Turan Nadir oğlu 29 avqust 1993-cü ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1999-cu ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2010-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Turan Məmmədov 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2013-cü ilin aprelində isə tərxis olunmuşdur.
Turan Məmmədov əsgərlikdən qayıdandan sonra evdə çox dayanmadı, mayın əvvələrində sənədlərini hazırlayıb Bakıya getdi. Kəşfiyyatçı olmaq istəyirdi. Bu məqsədlə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) 6 ay oxudu və arzusunda olduğu gizir hərbi rütbəsini aldı. Turan Məmmədov 2013-cü ilin oktyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında gizir kimi xidmət etməyə başlamışdır. 2015-ci ildə isə Hava Hücumundan Müdafiə Qurğularının zenit-raket bölüyündə gizir olmuşdur. O, qardaş Türkiyə hərbçiləri ilə də təlimlərdə iştirak etmiş, 2 dəfə kurs keçmiş, "Komando" məktəbində oxumuşdur.
Turan 2016-cı ilin Aprel döyüşlərində mərdliklə vuruşdu, yaralanaraq bu salnamənin ilk səhifəsini yazdı. Sonrakı illərdə Turan Məmmədov Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) baş kəşfiyyatçı, gizir kimi xidmətini davam etdirmişdir. Vətən müharibəsində Turan Məmmədov həmlə-kəşfiyyat taborunun tərkibində döyüşə girərək mərdliklə döyüşüb, yeniyetməlik illərindən ürəyində kök atmış arzularını həyata keçirməyə başlayıb, düşməndən qisas alaraq ona aman verməyib. Murovdağ yüksəkliyi uğrunda 4 gün döyüşüb, yüksəkliyi düşməndən azad etdikdən sonra zirvəsinə bayraq sancıblar. Sonra Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Turan Məmmədov oktyabrın 5-dən 6-na keçən gecə Ağdərənin Tonaşen kəndindəki yüksəkliyi alarkən şəhid olub. 29 noyabr 2020-ci il tarixdə Dəmirçilər kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi.
Turan Məmmədovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Doğulub boya-başa çatdığı kənddə yaşadığı evin qarşısında adını əbədiləşdirən bulaq inşa olunub.
Facebook-da paylaş