Bu gün Vətən müharibəsi şəhidi kiçik gizir Elcan Namazovun cənnətdəki doğum günüdür
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində, İkinci Qarabağ savaşında əldə etdiyimiz şanlı Qələbə bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan dövləti və ordusu böyük gücə, qüdrətə sahibdir. Ən əsası isə Ali Baş Komandanın yaratdığı Vətən Müharibəsi modeli Azərbaycanın Böyük Qələbəsini təmin etdi. 44 gün davam edən bu müharibədə ordumuzun əsgər və zabitləri, hərbçiləri böyük qəhrəmanlıqlar göstərərək torpaqlarımızı erməni işğalından azad etdilər. Xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydular. Və bütün dünya şahidi oldu ki, Azərbaycan dövlətinin öz ərazilərinin işğaldan azad olunması və bərpası uğrunda apardığı şanlı müharibə bizim öz Vətən müharibəmizdir. Bu Vətən müharibəsi bizim Qarabağ müharibəmizdir. 27 sentyabrda başlayıb 10 noyabrda tarixi Qələbə ilə yekunlaşan bu müharibənin isə iki əsas qəhrəmanı vardır – şanlı Azərbaycan Ordusu və bu şanlı ordunun Ali Baş Komandanı Prezident İlham Əliyev. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu borclu və minnətdarıq.
Vətən torpaqlarının azadlığını, ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də kiçik gizir Namazov Elcan Hidayət oğludur.
Bu gün ölümündən sonra göstərdiyi igidliyə görə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid Elcan Namazovun cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 27 yaşı tamam olacaqdı...
GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Elcan Namazov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Elcan kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Elcan tək oğullardan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!
Şəhid Elcan Namazov 1 iyun 1997-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 2003-cü ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2016-cı ilin iyul ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2018-ci ilin yanvar ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. Əsgərliyini bitirəndən il yarım sonra sənədlərini "N" saylı hərbi hissəyə verərək 2019-cu ilin iyunundan oktyabrınadək gizirlik məktəbində oxudu. Kiçik gizir rütbəsini alandan sonra, 2019-cu ilin iyunundan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində kiçik gizir rütbəsində çevik alayda xidmət etməyə başladı. Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kiçik gizir Elcan Namazov 16.10.2020-ci il tarixdə Dəmirçilər kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
23 yaşında Şəhidlik zirvəsinə yüksələn Elcan Namazovun döyüş meydanında göstərdiyi igidlik, qəhrəmanlıq ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Bütün şəhidlərimiz kimi, igid Vətən oğlu Elcan Namazovun da adı əbədiləşdirilib. Qəhrəman şəhidimizin doğulduğu Dəmirçilər kəndində adını əbədiləşdirən bulaq inşa olunub.
Facebook-da paylaş