• Təqvim

  • Maraq



Qazaxda Aprel döyüşləri şəhidlərinin xatirəsi anılıb


Aprelin 5-də YAP Qazax Rayon Təşkilatı Aparatında 2016-cı ildə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan, Böyük Zəfərin başlanğıcı hesab edilən Şanlı Aprel döyüşlərinin  8-ci  ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdən əvvəl YAP Qazax Rayon Təşkilatının Aparat işçiləri və fəalları 2016-cı il Aprel döyüşləri zamanı Şəhidlik zirvəsinə yüksəlmiş Qazax rayonunun 3 nəfər igid oğlunun - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlunun, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlunun və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlunun uyuduğu qəbiristanlıqlara baş çəkib, qəhrəman oğullarımızın qəbirlərini ziyarət ediblər. Vətən övladlarının məzarları önünə tər qərənfillər düzərək onların müqəddəs ruhuna dualar oxunub.

YAP Qazax Rayon Təşkilatının inzibati binasında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və müqəddəs şəhidlərimizn əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 


YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev ətraflı məlumat verərək qeyd edib ki, Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini, Qələbə əzmini və tezliklə tarixi ədalətin bərpa olunacağını göstərdi. Bununla da, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının prinsipial, qətiyyətli siyasəti, xüsusi sərkərdəlik qabiliyyəti, beynəlxalq aləmdəki nüfuzu, hörməti sayəsində qüdrətli Azərbaycan Ordusu ardıcıl qələbələrə imza atdı. Bu qələbəyə xalqımız şəhidlərimizin canı bahasına, qazilərimizin qanı bahasına, qüdrətli Ordumuzun rəşadəti, şücayəti sayəsində nail oldu. Rayon təşkilatının sədri 8 il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən bütün ərazilərimizdə doğma Qarabağımızda, Şuşada, Xankəndidə, Xocalıda, eləcə də digər ərazilərimizdə dalğalanmasından bu gün hər bir azərbaycanlının sonsuz qürur hissi keçirdiyini xüsusi vurğulayıb. Qeyd edib ki, Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu da müqəddəs Şəhidlik zirvəsinə yüksəliblər. Öz canları, qanları bahasına şərəfli tarix yazan bu oğullar heç zaman unudulmayacaq və belə qəhrəman oğullarımızın keçdiyi şərəfli döyüş yolu bütün gənclərimizə hər zaman bir örnəkdir. Rayon təşkilatının sədri çıxışının sonunda möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə bundan sonra da ölkəmizin yeni-yeni nailiyyətlər, uğurlar, qələbələr qazanacağına böyük əminliyini bildirib.

Tədbirdə çıxış edən partiya üzvləri Sevda Həsənova, Polad Ağakişiyev, Fəridə Məmmədova, Günel Sanıyeva, Çingiz Məmmədov canlarını Vətən yolunda qurban vermiş igid şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqlardan, onların keçdiyi şərəfli yoldan və Aprel döyüşlərinin Böyük Zəfərin başlanğıcı olmasından bəhs edərək bütün şəhidlərimizə rəhmət diləyiblər. 



Facebook-da paylaş