• Təqvim

  • Maraq



Şəhidlərimizin xatirəsini yaşatmaq bizim mənəvi borcumuzdur

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------


Şəhidlik uca zirvədir. Şəhidlik elə bir uca zirvədir ki, Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız  bizim aramızda olmasa da, ürəklərimizdə hər zaman əbədi yaşayırlar. Şəhid oldunsa demək ki, əbədi olaraq yanacaq məşəlin var. Vətən yolunda şəhid olmaq, canını fəda vermək insandan ürək istər, cəsarət istər, Vətənə sevgi istər. Bütün bunları özündə duyub Vətənin azadlığı uğrunda döyüşərək şəhid adına ucalan neçə-neçə igid oğullarımız var. Onları unutsaq nə tarix, nə də Vətən bizi bağışlamaz. Odur ki, ilk işimiz torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalanların xatirəsini daim yüksək tutmaq, onları gəncliyə nümunə göstərmək olmalıdır. Gələcək nəsilləri dünənimiz, keçmişimiz haqqında hər zaman məlumatlandırmalıyıq. Ən əsası da onlara Vətənə sevgi hissini aşılamalıyıq. Şəhidlərimizi, onların keçdikləri qısa, lakin şərəfli ömür yolunu, qəhrəmanlığını nümunə göstərməliyik. Çünki Vətən naminə, torpaqlarının ərazi bütövlüyü tam olsun deyə canlarını fəda edən, öz qanları ilə adlarını tarixin yaddaşına yazan şəhidlərimizi yad etmək bizim mənəvi borcumuz, ən əsası da ən ümdə vəzifəmizdir. 

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Şəmisdan Əmiraslanovun, Hürnisə Mustafayevanın, Kamran Kərimovun, İnayət Alisgəndərovun, Əhməd Əhmədovun, Əli Əhmədovun, İlqar Əliyevin, Araz Əmilovun, Ədalət Hüseynovun, Aydın Məmmədovun, Adil Sadiqinin, Bəkir Həsənovun əziz xatirəsini ehtiramla yad edirik.

Əmiraslanov Şəmisdan Əmiraslan oğlu


Əmiraslanov Şəmisdan Əmiraslan oğlu 25 dekabr 1964-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1972-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə getmiş, 1982-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Əmiraslanov Şəmisdan Əmiraslan oğlu 26 iyun 1992-ci ildə şəhid olmuşdur.

Mustafayeva Hürnisə Hüseyn qızı


Mustafayeva Hürnisə Hüseyn qızı 1928-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1935-ci ildə Cəfərli kənd 7 illik məktəbin 1-ci sinifinə daxil olmuş, 1942-сi ildə həmin məktəbin 7-ci sinifini bitirmişdir. “Pravda” kolxozunda və “Qazax Tinglik” sovxozunda fəhlə işləmişdir. 1978-ci ildə təqaüdə çıxmışdır. 25 dekabr 1993-cü ildə öz həyətinin kənarında mal-qarasını gətirərkən ermənilər tərəfindən avtomat silahla vurulmuşdur.

Kərimov Kamran Nüsrəddin oğlu


Kərimov Kamran Nüsrəddin oğlu 1 yanvar 1972-ci ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1980-ci ildə Fərəhli kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1988-1990-cı illərdə Qazax rayonunun Xanlıqlar kəndində yerləşən peşə məktəbini bitirərək mexanizator ixtisasına yiyələnmişdir. 1992-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordu sıralarına yazılaraq tank taborunda xidmət etmişdir. 8 iyun 1992-ci il tarixdə Fərəhli  kəndində gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdir. 27 dekabr 1993-cü ildə Fərəhli kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Qazax şəhərində Şəhidlər qəbiristanlığında dəfn olunmuşdur. Fərəhli kənd ümumi orta məktəbi Kərimov Kamran  Nüsrəddin oğlunun adını daşıyır.  Evli idi. Bir qız övladı yadigar qalıb.

Alisgəndərov İnayət Mustafa oğlu


Alisgəndərov İnayət Mustafa oğlu 1930-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş, 1954-cü ildə həmin institutu bitirərək fizika-riyaziyyat müəllimi ixtisasına yiyələnmişdir. Onun təhsilimizdəki xidmətləri daim yüksək qiymətləndirilmişdir. İnayət müəllim 1971-ci ildə “Maarif xadimi” medalına, 1978-ci ildə isə “Şərəf Nişanı” ordeninə layiq görülmüşdür. 1992-ci il dekabr ayının 29-da ermənilərin tutduqları mövqedən Daş Salahlı kəndinə atılan top mərmisi nəticəsində şəhid olmuşdur. 

Əhmədov Əhməd Nuru oğlu


Əhmədov Əhməd Nuru oğlu 16 fevral 1972-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1979-cu ildə Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1990-cı ildə hərbi xidmətə başlamış, 29 dekabr 1992-ci ildə Qazax rayonunun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.

Əhmədov Əli Əlövsət oğlu


Əhmədov Əli Əlövsət oğlu 23 iyul 1972-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1979-cu ildə Qarapapaq kənd ümumi orta məktəbinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Sonra 117 saylı Texniki Peşə Məktəbində qaynaqçı ixtisasına yiyələnmişdir. 1990-92-ci illərdə SSRİ-nin Arxangelski vilayətində hərbi xidmətdə olmuşdur. Lakin 1 il 6 aydan sonra torpaqlarımızın düşmən tapdağı altında olmasına dözməyərək Əli xidmətini yarımçıq qoymuş Vətənə dönmüşdür. Bir neçə gün keçdikdən sonra Milli Ordu sıralarına daxil olmuşdur. O, 707 saylı Hərbi Hissənin 1-ci taborunda cəsur kəşfiyyat komandiri kimi xidmətə başlamışdır. Vəlixan meşəsi, Bala Cəfərlinin və Cəfərlinin müdafiəsi uğrunda gedən döyüşlərdə O, mərdliklə iştirak etmişdir. 1992-ci il dekabr ayının 29-da İcevan rayonunun Lələ kəndində gedən döyüşlərdə mühasirəyə düşərək qəhrəmancasına şəhid olmuşdur. Bu gün Qarapapaq kənd ümumi orta məktəbə onun adı verilmiş, məktəbin həyətində büstü qoyulmuşdur. 

Əliyev İlqar Nəbi oğlu


Əliyev İlqar Nəbi oğlu 6 aprel 1971-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1978-1989-cu illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1989-1991-ci illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Azərbaycan Milli Ordusuna xidmətə getmişdir. 1995-ci il dekabr ayının 29-da xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. 

Əmilov Araz Laçın oğlu


Əmilov Araz Laçın oğlu 11 aprel 1969-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1976-1987-ci illərdə bu gün adını daşıdığı Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1987-1989-cu illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1989-1990-cı illərdə Bakı şəhərində 147 saylı texniki peşə məktəbində təhsil almışdır. 1992-ci ildə Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmişdir. 1992-ci il dekabr ayının 29-da Lələ kənd uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidin meyiti 40 gün erməni təcavüzkarlarında qalmışdır. Şəhid Əmilov Araz Laçın oğlu 1993-cü il fevral ayının 10-da dəfn olunmuşdur. 

Hüseynov Ədalət Teymur oğlu


Hüseynov Ədalət Teymur oğlu 1 mart 1969-cu ildə Qazax rayonunun Qızıl Hacılı kəndində anadan olmuşdur. 1976-cı ildə Qızıl Hacılı kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuş, 1984-cü ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1984-86-cı illərdə Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 10-cu sinifini bitirmişdir. 1987-89-cu illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1990-92-ci illərdə Qazax rayonunun Qızıl Hacılı kəndinin müdafiəsi zamanı könüllü olaraq xidmət etmişdir. 1993-cü ildə Ağstafa rayon Yanğından Mühafizə Xidmətində işləmişdir. 29 dekabr 1993-cü ildə Qazax şəhərinə atılan mərmi partlayışı nəticəsində şəhid olmuşdur. Subay idi. 

Məmmədov Aydın Musa oğlu


Məmmədov Aydın Musa oğlu 7 aprel 1972-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1979-cu ildə Qaymaqlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1990-cı ildə sovetlər birliyində hərbi xidmətə çağırılmış, 1992-ci ildə tərxis olunmuşdur. Elə həmin ildə də Azərbaycan Milli Ordusuna çağırılmışdır. 29 dekabr 1992-ci ildə Lələ kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kənd tam orta məktəbi şəhid Aydın Məmmədovun adını daşıyır. 

Sadiqi Adil Rza oğlu


Sadiqi Adil Rza oğlu 18 oktyabr 1964-cü ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1971-ci ildə Hüseynbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1979-cu ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1980-81-ci illərdə Kosalar kənd tam orta məktəbin 10-cu sinifini bitirmişdir. 1991-ci ildə Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 29 dekabr 1992-ci ildə Lələ kənddə şəhid olmuşdur. Ailəliydi, iki övladı var.

Həsənov Bəkir Oruc oğlu


Həsənov Bəkir Oruc oğlu 18 fevral 1951-ci ildə Qazax rayonunun Aşağı Əskipara  kəndində anadan olmuşdur. 1958-ci ildə Aşağı Əskipara kənd orta məktəbin 1-ci sinifinə getmiş, 1968-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həsənov Bəkir Oruc oğlu 30 dekabr 1993-cü ildə şəhid olmuşdur.



Facebook-da paylaş