• Təqvim

  • Maraq



General-mayor Mahmud Həmzəyevin əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq


Noyabrın 9-da uzunsürən xəstəlikdən sonra 74 yaşında vəfat edən ehtiyatda olan general-mayor Həmzəyev Mahmud Həmid oğlu İkinci Fəxri xiyabanda dəfn olunub. 

Vətənini bütün varlığı ilə sevən, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətləri olan, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları layiqincə yerinə yetirən Mahmud Həmzəyevin əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların, eləcə də doğma qazaxlılarının, xalqımızın qəlbində daim yaşayacaq.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov general-mayor Həmzəyev Mahmud Həmid oğlunun vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir, bu ağır günlərdə Tanrıdan onlara səbir, dözüm, dəyanət diləyir. 

Məlumat üçün bildirək ki, Mahmud Həmid oğlu Həmzəyev 31 yanvar 1949-cu ildə Qazax şəhərində anadan olub. 1966-1971-ci illərdə Azərbaycan Neft-Kimya İnstitutunda təhsil alıb. Uzun müddət SSRİ-nin ordu sıralarına xidmət edib.

1989-cu ildə SSRİ Müdafiə Nazirliyi tərəfindən polkovnik hərbi rütbəsinə layiq görülüb.

1993-cü ilin sonunda Azərbaycanın çətin günlərində ölkəyə gələrək ordu sıralarında xidmətə başlamışdır. Xidməti müddətində briqada komandiri, ordu korpusunun qərargah rəisi, ordu korpusunun komandiri vəzifələrində qulluq etmişdir.

2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə general-mayor hərbi rütbəsinə layiq görülmüşdür.

24 iyun 2003-cü ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.

2010-cu ilin əvvəllərində öz xahişi ilə ordu sıralarından tərxis olunmuşdur.

Onu da qeyd edək ki, Vətən müharibəsi şəhidi, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Qarapapaq kənd sakini, şəhid baş leytenant Nəsibov Xaliddin Vaqif oğlu general-mayor Mahmud Həmzəyevin bacısı nəvəsidir.



Facebook-da paylaş