• Təqvim

  • Maraq



Vətən Sizinlə qürur duyur!

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Fani olan dünyada hər şey gözəldir, lakin ən müqəddəs duyğu Vətəni göz bəbəyi kimi   sevmək, qoynunda boya-başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçməyə hazır olmaqdır. Vətən yolunda qan tökərək öz tarixinə və xalqının taleyinə qəhrəmanlıq salnaməsi yazmaqdır ən böyük hiss. Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan igid oğullarımız döyüşlərdə mənfur düşmənə ağır zərbə vurmaqla, layiqli dərs verməklə təkcə qəhrəmanlıq salnaməsinə adlarını yazmırlar, eyni zamanda Vətənin bölünməzliyinə imza atırlar. Vətəni göz bəbəyi kimi qorumağın, Vətən torpağı bütöv və tam olsun deyə heç düşünmədən candan keçməyin nə olduğunu öyrədirlər bizə. Vətənə sevginin məhz vətənpərvərlikdən başlandığını, təkcə Allaha, valideynlərimizə deyil, Vətənə də borclu olduğumuzu göstərirlər. Vətənini sevən hər bir insan da bu torpaq uğrunda canından keçmiş şəhidlərini, Milli Qəhrəmanlarını unutmamalı, onların əziz xatirəsini daim yad etməlidir. Odur ki, hər birimiz şəhidlərimizin canları, qanları bahasına bizlərə miras qoyduqları Vətən torpağına onların əmanəti kimi sahib çıxmalı, göz bəbəyi kimi qorumalıyıq. Şəhidlərimizi də daim qəlbimizdə yaşatmalı, gələcək nəsillərə tanıtmalıyıq. Bu, hər kəsin vətəndaşlıq borcu olmalıdır.

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 344 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb.

Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Milli Qəhrəman Rafiq Alıcanovun, Rüstəm Rəhimovun, kapitan Mühüd Orucovun, Rəşad Əliyevin, mayor Namiq Əhmədovun, Elmar Musayevin, leytenant Rizvan Qasımovun, Alı Eminovun əziz xatirəsini ehtiramla yad edirik.

Milli Qəhrəman Alıcanov Rafiq Cəfər oğlu


Kapitan Alıcanov Rafiq Cəfər oğlu 11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib Ukraynanın Dnerodzejinsk şəhərində ixtisası üzrə xidmətə başlayır. 1988-ci ildə o, Ukraynada Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və 1992-ci ildə Vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Bu uğurları ona kapitan rütbəsinə yüksəlmək imkanı verir. Rafiq Alıcanov Füzuli bölgəsində gedən döyüşlərdə rəşadət göstərir. O, bir neçə kəndin azad olunmasında xüsusilə fərqlənir. Cəsur komandir 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Ailəli idi, bir qızı və bir oğlu yadigar qalıb.

Azərbaycan Respubliksı Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Ağstafa rayonunun Köçvəlili kəndində dəfn edilmişdir. Köçəvəlli kənd orta məktəbi və Ağstafa şəhərinin mərkəzi küçələrindən biri onun adını daşıyır.

Rəhimov Rüstəm İbrahimxəlil oğlu


Rəhimov Rüstəm İbrahimxəlil oğlu 1936-cı ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Kəmərli kəndində müxtəlif işlərdə fəhlə işləmişdir. 12 iyul 1996-cı ildə bağ təsərrüfatında işləyərkən şəhid olmuşdur. Ailəliydi. Beş övladı var.

Kapitan Orucov Mühüd Qurban oğlu


Kapitan Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə  yüksəlmişdir. 

Dəfələrlə Fəxri Fərmanlarla və 5 medalla təltif olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır. 2008, 2014, 2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək Sertifikatlar almışdır. Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb.

2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq “Şəhidlik” zirvəsinə  ucalmışdır. Aprelin 9-da doğulduğu Fərəhli kəndində böyük izdihamla dəfn olunmuşdur. Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə  Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir. 2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda, xatirəsini əbədiləşdirən daha bir bulaq Fərəhli kəndinin girişində tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş “Mühüdüm-şəhidim” adlı kitab yazılmışdır.

Əliyev Rəşad Vidadi oğlu


Əliyev Rəşad Vidadi oğlu 13 iyul 1967-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1973-cü ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1981-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1981-1983-cü ildə Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinifini bitirmişdir. Əliyev Rəşad Vidadi oğlu 4 yanvar 1994-cu ildə Vətən uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Mayor Əhmədov Namiq Hajan oğlu


Əhmədov Namiq Hajan oğlu 8 noyabr 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1991-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2002-ci ildə həmin məktəbi yaxşı qiymətlərlə bitirmişdir. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi bitirərək artilleriya ixtisasına yiyələnmişdir. 2007-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) zabit kursunda oxuduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində zabit kimi xidmətə başlamışdır. O, Aprel döyüşlərində fəal iştirak etmiş və Aprel döyüşlərindən sonra Fəxri Fərmanla təltif olunmuş, ona vaxtından əvvəl mayor rütbəsi verilmiş və “N” saylı hərbi hissənin komandiri vəzifəsinə irəli çəkilmişdir.

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur.

2020-ci il iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Əhmədov Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olmuşdur. Şəhid Namiq Əhmədov iyulun 14-də doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində böyük izdihamla kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Şəhidimiz ailəliydi, Nigar adlı bir qız və Məhəmməd adlı bir oğlan övladı yadigar qalıb. 

Respublika Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən Qazax şəhəri Səməd Vurğun küçəsindən başlayaraq Qazax rayonu Ağköynək kəndinin Səyad Zeynalov küçəsinədək adsız olan küçəyə Tovuz döyüşləri şəhidi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz mayor Namiq Əhmədovun adı verilib.

Qeyd edək ki, rayon rəhbərliyi tərəfindən şəhidimizin evinin təmiri yüksək səviyyədə başa çatdırılaraq ailəsinə təhvil verilib.

Musayev Elmar Xəlil oğlu


Musayev Elmar Xəlil oğlu 18 may 1969-cu ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. Kəndlərindəki orta məktəbdə (1976-84) 8 illik təhsil almışdır. Sonra təhsilini Gəncə İnşaat Texnikumunda davam etdirmişdir. 1988-90-cı illərdə Moskva şəhərində hərbi xidməti borcunu yerinə yetirmişdir. Hərbi xidmətdən Vətənə döndükdən sonra 73 saylı tikinti idarəsində, Ağstafada atasının yanında işləməyə başlayır. Bir il işlədikdən sonra erməni işğalçılarının torpaqlarımıza təcavüzü Elmarı da narahat edir. O, 1991-ci ildə heç kəsə bildirmədən işini yarımçıq qoyaraq Qazax rayonunun sərhəd kəndlərindəki ən qaynar nöqtələrindən biri olan Aşağı Əskipara kəndinə yollanır. Elmar Xeyrımlı, Quşçu Ayrım və Ballıqaya ətrafında gedən döyüşlərdə igidliklər göstərir. 1992-ci il iyul ayının 14-də Ballıqaya yüksəkliyi uğrunda gedən kəskin döyüşlərdə şəhidlik zirvəsinə yüksəlir. 

Leytenant Qasımov Rizvan Eldar oğlu


Qasımov Rizvan Eldar oğlu 20 yanvar 1967-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1974-82-ci illərdə Dəmirçilər kənd tam orta məktəbində təhsil almışdır. Təhsilini Texniki Peşə Məktəbində davam etdirmişdir. 1987-ci ildə sovetlər birliyində hərbi xidmətdə olmuşdur. Orada gizir rütbəsi almışdır. Ermənistan-Azərbaycan münaqişəsi zamanı Rizvan Milli Ordu sıralarına yazılmışdır. O, Qazax rayonunun sərhəd bölgələrində düşmənə qarşı cəsurluqla vuruşmuşdur. 1994-cü il iyul ayının 14-də yoldaşlarının dediyinə görə döyüş əmri ilə Ağstafaya gedərkən qəza nəticəsində həlak olmuşdur. Dəmirçilər kəndində leytenant rütbəli şəhidimizin adına şəhid bulağı tikilmişdir.

Eminov Alı Məhəmməd oğlu


Eminov Alı Məhəmməd oğlu 15 iyul 1970-ci ildə Qazax rayonunun Əli Bayramlı (hazırkı  Aslanbəyli) kəndində anadan olmuşdur. 1976-cı ildə Əli Bayramlı (hazırkı Aslanbəyli)  kənd orta məktəbin 1-ci sinifinə getmiş, 1986-cı ildə həmin orta məktəbin 10-cu sinifini bitirmişdir. 1993-cü ildə Qazax rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına çağrılmışdır. 27 aprel 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndinin Ermənistan Respublikası ilə sərhədində minaya düşərək şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.



Facebook-da paylaş