• Təqvim

  • Maraq



Aprel döyüşlərində göstərdiyi igidliklə adını tarixə yazdıran baş leytenant Elvin Namazovun illər ötsə belə xatirəsi hər zaman əziz tutulacaq

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Azərbaycan Ordusunun tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 7 il ötür. Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində "Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə "Böyük Qayıdış” prosesinə start verildi. Bu gün hər bir azərbaycanlı 7 il əvvəl tarixə "Aprel döyüşləri”, "Aprel müharibəsi” və ya "dördgünlük müharibə” kimi daxil olan 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan və 4 gün davam edən döyüş zamanı düşməndən azad edilən Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur hissi keçirir. Bu gün fəxrlə deyə bilərik ki, 2020-ci ildə qazandığımız Qələbənin təməli də məhz 7 il əvvəl qoyuldu. Aprel döyüşlərinin təcrübəsi, əldə olunan məlumatlar, düşmənin möhkəmləndirilmiş müdafiə sədlərini keçmək bacarığı bizi qazandığımız uğura apardı. Məhz Aprel döyüşləri düşmənə, onun havadarlarına Azərbaycan Ordusunun gücünü, qələbə əzmini sübut etməklə yanaşı, bütün dünyaya da Azərbaycanın tarixi ədaləti bərpa etməklə öz dədə-baba, əzəli torpaqlarından əl çəkməyəcəyini göstərdi. Aprel qələbəsi və yekun Zəfərimiz Azərbaycan Silahlı Qüvvələrinin müasir dövrün ən yaxşı ordularından biri olduğunu nümayiş etdirdi.

Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu  Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da Şəhidlik adlı uca zirvəyə yüksəldi.


Həmin şanlı döyüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş həmyerlimiz baş leytenant Namazov Elvin Məmməd oğlunun bu gün canını fəda etdiyi torpağa tapşırıldığı gündür. İgid Vətən oğlunun yoxluğundan bizi 7 il ayırır. İllər ötsə belə Elvin kimi oğullarımız daim qəlblərdə yaşayacaqlar. Bütün şəhidlərimiz kimi Elvin Namazovun da xatirəsi hər zaman əziz tutulur. 


GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb anım günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Elvin Namazov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Elvin kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Elvin tək oğullarımızdan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!

Baş leytenant Namazov Elvin Məmməd oğlu


Namazov Elvin Məmməd oğlu 7 sentyabr 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini bitirmişdir. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin ali məktəbi leytenant hərbi rütbəsində bitirmişdir. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik kursda olmuşdur. 2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində kəşfiyyat komandiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə baş leytenant hərbi rütbəsi verilmişdir.

Elvin Namazov 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid olmuşdur. 9 apreldə doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında böyük izdihamla dəfn olunmuşdur.

Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.


2016-cı ildə rayon rəhbərliyi tərəfindən Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Donmuş təbəssüm” adlı kitab yazılmışdır.



Facebook-da paylaş