Bu gün ölümündən sonra göstərdiyi igidliyə görə üç medalla təltif olunan şəhid Elfak Daşdəmirovun cənnətdəki doğum günüdür
Şəhidlərimizi tanıyaq və
tanıdaq---------------------------- Cənab Prezident, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci
ilin 27 sentyabrında başlayan Vətən müharibəsində "Dəmir yumruq” əməliyyatı həyata
keçirərək işğal altındakı torpaqlarımızı qısa müddətdə düşməndən azad etdi. Ali
Baş Komandanın dəmir iradəsi, əyilməz qətiyyəti, xalqımızın birliyi və şanlı
ordumuzun şəxsi heyətinin şücaəti nəticəsində 44 günlük müharibə Azərbaycanın
tam qələbəsi ilə başa çatdı. Və bütün dünya 10 noyabrda Azərbaycan dövlətinin
qazandığı tarixi Qələbənin, gücünün və qüdrətinin bir daha şahidi oldu. Bu
gün hər bir Azərbaycan vətəndaşı bizi 30 illik Vətən həsrətindən sonra işğaldan
azad olunmuş Qarabağımıza, eləcə də ona bitişik tarixi yurd yerlərimizə
qovuşduran Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusunun əsgər
və zabitlərinə, hərbçilərimizə minnətdardır. Qarabağ adlı haqq savaşında bizlərə
tarixi Zəfəri bəxş edən igid Vətən övladları ilə bu gün də qürur duyur. Tarixi
Qələbə ilə başa çatan Vətən müharibəsi şəhidlərinin ruhları qarşısında baş əyir. İllər
ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı
Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz,
ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt
unudulmayacaq. 44 günlük Vətən müharibəsində
adını qəhrəmanlar sırasına yazdıraraq Şəhidlik zirvəsinə ucalan igid
oğullarımızdan biri də şəhid əsgər Daşdəmirov Elfak Eltun oğludur. Elfak Daşdəmirov kimi igid Vətən oğulları döyüşdə
göstərdikləri qəhrəmanlıqlarla sübut etdilər ki, "Qarabağ Azərbaycandır!”,
"Qarabağ bizimdir!”. Bu gün ölümündən sonra göstərdiyi igidliyə görə üç medalla
təltif olunan şəhid Elfak Daşdəmirovun cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən
oğlunun bu gün 26 yaşı tamam olacaqdı... GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq
qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini
ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ
uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Elfak Daşdəmirov da hər zaman yad
olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Elfak kimi oğullarımız daim
qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər
zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər
hər zaman Elfak tək oğullardan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun
igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim! Şəhid Elfak Daşdəmirov
26 aprel 1996-cı ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 2002-ci
ildə Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin 1-ci sinifinə
daxil olmuş, 2011-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2011-ci ildə
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 10-cu sinifinə daxil
olmuş, 2013-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-cü ildə Azərbaycan
Dövlət Aqrar Universitetinə (ADAU) daxil olmuş,
2017-ci ildə həmin universiteti bitirmişdir. 2017-2018-ci illərdə Azərbaycan
Respublikası Milli Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Ölkə Prezidentinin "Azərbaycan
Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına
əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb
olunmuşdur. "N” saylı hərbi hissənin baş atıcısı hərbi vəzifəli əsgər Elfak Daşdəmirov 26 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl
bölgəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid
olmuşdur. 27 oktyabr 2020-ci il tarixdə Qazax rayon Fərəhli kənd qəbiristanlığında
izdihamla dəfn olunmuşdur. Subay idi. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə
yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə Vətən övladı doğma
torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq
nümunələri göstərdilər. Vətən naminə
canlarından keçən igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar
ölkə başçısı tərəfindən yüksək qiymətləndirilərək onlar orden və medallara
layiq görüldülər. Bütün şəhidlərimiz kimi Elfak Daşdəmirov da medal alanlar
sırasındadır. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci
il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə
fərqlənməyə görə”, 25 dekabr
2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad
olunmasına görə” medalları ilə təltif olunmuşdur. 2021-ci ilin 26 avqustunda Qazaxın Bakı
istiqamətindən girişində (Obeliskin yanı) igid Vətən oğlunun adını
əbədiləşdirən bulağın açılışı olub.
Facebook-da paylaş