Bu gün igid Vətən oğlu şəhid Əlləz Əlləzovun canını fəda etdiyi torpağa tapşırıldığı gündür
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------
Vətəni göz bəbəyi kimi qorumaq, hər qarışı uğrunda canımızdan keçmək, ölümün gözünə dik baxmaq hər birimizin borcudur. Bunu igid oğullarımız döyüş meydanında göstərdikləri şücaət və qəhrəmanlıqla daim sübut ediblər. Mənfur düşmənlə 168 km məsafədə sərhədi olan, Qərbin qapısı sayılan Qazax elinin, bu torpağın yetişdirdiyi igid oğullar hər zaman vətənpərvər ruhda böyüyüblər. Zaman-zaman bu yurdun oğulları "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı ilə Şəhidlik adlı müqəddəs amal uğrunda döyüşə atılıblar. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda Qazax rayonu Birinci Qarabağ müharibəsində 288 nəfər, 44 günlük Vətən müharibəsində 51 nəfər şəhid verib. Qazaxın 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb.
Doğma torpağı qoruyan, uğrunda canından, qanından keçən igid oğullarımızı yad etmək də hər bir azərbaycanlının, ürəyi Vətən eşqi ilə atan vətəndaşın ən ümdə işi olmalıdır. Çünki Şəhidlik adlı müqəddəs zirvəni fəth edənləri tanıtmaq, gələcək nəsillərə örnək göstərmək hər kəsin üzərinə düşən vəzifədir. Şəhidlərimizin keçdiyi ömür yolunu, qəhrəmanlıqlarını, Vətənə olan sevgilərini örnək göstərməklə gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış olarıq.
Şəhidlik adlı zirvəyə ucalmağı özünə şərəf və qürur yeri sayan Qazaxın igid, cəsur oğullarından biri də 2019-cu il martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, Yuxarı Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin oğludur.
GOYEZEN.AZ saytı olaraq ənənəmizə sadiq qalıb "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” deyimini özünün həyat amalı bilən və bu amal uğrunda canından keçən qəhrəman şəhidimiz Əlləzov Əlləz Ələddin oğlunun anım günündə əziz xatirəsini dərin ehtiramla yad edirik. Şəhidimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik! Nə qədər Azərbaycan xalqı var, Əlləz kimi igid oğullarımız daim qəlblərdə yaşayacaqlar.
Əlləz Əlləzov 6 noyabr 1999-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdu. 2017-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbi bitirmişdi. 5 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdı. 2019-cu ilin 26 martında şəhadətə qovuşan şəhidimiz bir gün sonra – martın 27-də doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunub.
Facebook-da paylaş